Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan əlamətdar günlərdən biri də 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günüdür. Bu tarix müstəqil dövlətimizin hüquqi əsaslarının formalaşmasını, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsini və demokratik cəmiyyət quruculuğu istiqamətində atılan mühüm addımları özündə əks etdirir. 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan qarşısında yeni siyasi, iqtisadi və hüquqi sistemin yaradılması kimi mühüm vəzifələr dayanırdı. Müstəqil dövlətin möhkəm hüquqi bazasının formalaşdırılması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, dövlət hakimiyyətinin fəaliyyət prinsiplərinin müəyyənləşdirilməsi zərurəti yaranmışdı. Bu baxımdan, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış yeni Konstitusiya Azərbaycanın gələcək inkişafı üçün mühüm tarixi sənədə çevrildi.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bu sənəd ölkəmizin müasir dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoydu. Konstitusiyada Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi və unitar respublika olduğu təsbit edildi, dövlət hakimiyyətinin bölünməsi prinsipi müəyyənləşdirildi, vətəndaşların hüquq və azadlıqlarının qorunması dövlətin ali məqsədlərindən biri kimi bəyan edildi.
Konstitusiya hər bir dövlətin hüquqi sisteminin əsasını təşkil etməklə yanaşı, cəmiyyətin inkişaf istiqamətlərini də müəyyən edir. Azərbaycan Respublikasının Konstitusiyası vətəndaşların bərabərliyini, söz və fikir azadlığını, mülkiyyət hüququnu, təhsil, əmək və sosial təminat hüquqlarını hüquqi baxımdan qoruyur. Eyni zamanda, dövlət orqanlarının səlahiyyətlərini və fəaliyyət prinsiplərini müəyyən etməklə qanunun aliliyinin təmin olunmasına xidmət edir.
Ölkəmizdə həyata keçirilən hüquqi və demokratik islahatlar nəticəsində Konstitusiyanın müddəaları zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilmiş, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması və vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsi istiqamətində mühüm addımlar atılmışdır. Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər də ölkənin inkişaf prosesində meydana çıxan yeni çağırışlara uyğunlaşmağa imkan vermişdir.
Bu gün Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin, milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun əsas təminatlarından biridir. Vətəndaşların Konstitusiyanın mahiyyətini və əhəmiyyətini dərindən bilməsi, öz hüquq və vəzifələrini dərk etməsi cəmiyyətin hüquqi mədəniyyətinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
12 Noyabr – Konstitusiya Günü hər bir Azərbaycan vətəndaşına müstəqil dövlətimizin hüquqi əsaslarını, milli birliyimizi və dövlətçilik dəyərlərimizi xatırladır. Bu əlamətdar tarix Konstitusiyaya hörmətin, qanunun aliliyinə riayət olunmasının və dövlətimizin gələcək inkişafına töhfə verməyin vacibliyini bir daha ön plana çəkir. Müstəqil Azərbaycanın güclənməsi, hüquqi dövlət prinsiplərinin daha da möhkəmlənməsi və vətəndaş rifahının yüksəldilməsi Konstitusiyanın müəyyən etdiyi əsas məqsədlər sırasındadır.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini