PDF Oxu

Siyasət

  • 565

Üçrəngli bayrağımız – milli qürurumuzun, müstəqilliyimizin və dövlətçilik iradəmizin təcəssümü - ŞƏRH

Üçrəngli bayrağımız – milli qürurumuzun, müstəqilliyimizin və dövlətçilik iradəmizin təcəssümü - ŞƏRH

Hər bir xalqın tarixində onun milli kimliyini, azadlıq mübarizəsini, dövlətçilik ənənələrini və gələcəyə olan inamını özündə yaşadan müqəddəs rəmzlər mövcuddur. Bu rəmzlər sırasında Dövlət Bayrağı xüsusi yer tutur. Çünki bayraq sadəcə bir dövlətin tanınma nişanı deyil, həm də xalqın keçmişindən süzülüb gələn tarixi yaddaşının, milli birliyinin və müstəqillik əzminin ifadəsidir. Azərbaycan xalqı üçün üçrəngli Dövlət Bayrağı məhz bu ali dəyərlərin vahid təcəssümüdür. Onun hər dalğalanışında xalqımızın azadlıq arzusu, milli iradəsi, dövlətçilik qüruru və Vətənə sonsuz məhəbbəti öz əksini tapır.
Hər il noyabrın 9-da ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunur. Bu əlamətdar tarix Azərbaycan xalqının milli dövlətçilik salnaməsində mühüm yer tutan üçrəngli bayrağımıza ehtiramın, müstəqillik ideallarına sədaqətin və milli birliyimizin təntənəsidir. Bu gün həm də xalqımızın hansı tarixi sınaqlardan keçərək müstəqil dövlət qurduğunu, öz milli rəmzlərinə sahib çıxmaq uğrunda necə mübarizə apardığını bir daha xatırladır.
Azərbaycanın üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Bu tarixi hadisə xalqımızın milli istiqlal ideyasının dövlətçilik rəmzində təcəssümü baxımından müstəsna əhəmiyyət daşıyırdı. Bayrağın üzərindəki göy, qırmızı və yaşıl rənglər dərin ideoloji məna ifadə edirdi: göy rəng türkçülüyü, qırmızı rəng müasirliyi və tərəqqini, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğu simvolizə edirdi. Aypara və səkkizguşəli ulduz isə bu mənəvi və ideoloji bütövlüyü tamamlayaraq bayrağımıza özünəməxsus məna və gözəllik bəxş edirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət rəmzi kimi istifadə olunmasa da, xalqımızın qəlbində müstəqillik idealının simvolu olaraq yaşamaqda davam etdi. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası ilə milli dövlətçilik tariximizin bu müqəddəs səhifəsi yenidən öz layiqli yerini tutdu. Üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbul edilərək Xalq Cümhuriyyətinin dövlətçilik irsinin varisliyini təsdiqlədi. Bununla da bir zamanlar istiqlal mübarizəsinin rəmzi olan bayraq müasir Azərbaycanın suverenliyini və müstəqilliyini təcəssüm etdirən əsas dövlət atributlarından birinə çevrildi.
Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və dövlətçilik strategiyası nəticəsində milli dövlətçilik ənənələrimizin qorunması, üçrəngli bayrağımıza dövlət səviyyəsində ehtiram göstərilməsi mühüm prioritetlərdən birinə çevrildi. Bu siyasi kurs bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət bayrağına göstərilən yüksək ehtiram, onun ölkəmizin bütün bölgələrində və beynəlxalq platformalarda qürurla dalğalandırılması Azərbaycanın müstəqil siyasətinin, güclü dövlətçilik mövqeyinin və milli özünüdərkinin bariz ifadəsidir.
Bayraq dövlətin suverenliyini təcəssüm etdirməklə yanaşı, xalqın mənəvi birliyini də təmin edən mühüm amildir. Dövlət qurumlarının binalarında, hərbi hissələrdə, diplomatik nümayəndəliklərdə və beynəlxalq tədbirlərdə dalğalanan üçrəngli bayrağımız Azərbaycanın dünyadakı varlığını, müstəqil mövqeyini və milli maraqlarını nümayiş etdirir. Hər bir azərbaycanlı üçün bu bayrağa ehtiram göstərmək, əslində, Vətənə, dövlətə, tarixə və milli dəyərlərə sədaqət nümayiş etdirmək deməkdir.
Üçrəngli bayrağımızın tarixi əhəmiyyəti xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə yeni məzmun qazandı. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu. Beləliklə, uzun illər xalqımızın qəlbində yaşayan torpaq həsrəti tarixi ədalətin təntənəsi ilə başa çatdı.
Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun şəhər və kəndlərində qürurla dalğalanır. Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və digər azad edilmiş ərazilərimizdə bayrağımızın ucaldılması xalqımızın milli iradəsinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin qüdrətinin təntənəsidir. Xüsusilə Şuşada dalğalanan üçrəngli bayraq Azərbaycanın tarixi Zəfərinin, milli qürurunun və sarsılmaz dövlətçilik əzminin rəmzinə çevrilmişdir. Bu mənzərə illərlə Vətən həsrəti ilə yaşayan hər bir azərbaycanlının qəlbində sonsuz sevinc və qürur hissi doğurur.
Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış Proqramının həyata keçirilməsi də bayrağımızın təmsil etdiyi dövlətçilik iradəsinin davamıdır. Azərbaycan dövləti öz suverenliyini yalnız hərbi-siyasi müstəvidə deyil, quruculuq, inkişaf və sosial rifah istiqamətində də möhkəmləndirir. Yenidən qurulan şəhər və kəndlərimizdə dalğalanan bayrağımız sülhün, təhlükəsizliyin, dirçəlişin və gələcəyə inamın rəmzidir.
Üçrəngli bayrağımız beynəlxalq arenada da Azərbaycanın adını və nüfuzunu layiqincə təmsil edir. İdmançılarımızın beynəlxalq yarışlarda qazandıqları qələbələr zamanı bayrağımızın yüksəklərə qaldırılması, diplomatik uğurlarımızda və beynəlxalq tədbirlərdə ölkəmizin rəmzi kimi dalğalanması hər bir vətəndaşımıza qürur yaşadır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı birləşdirən mənəvi dəyərlərdən biri də məhz Azərbaycan bayrağıdır. Harada dalğalanmasından asılı olmayaraq, üçrəngli bayrağımız hər bir azərbaycanlıya öz Vətənini, milli mənsubiyyətini və tarixi köklərini xatırladır.
Nəticə etibarilə, Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın şanlı tarixinin, müstəqillik mübarizəsinin, milli birliyinin və gələcəyə yönəlmiş dövlətçilik ideallarının canlı təcəssümüdür. Bu bayraq keçmişimizin qürurunu, bu günümüzün qüdrətini və sabahımızın ümidlərini özündə birləşdirir. Onun hər dalğalanışı müstəqil Azərbaycanın varlığını, xalqımızın sarsılmaz iradəsini və dövlətimizin əbədi yaşamaq əzmini dünyaya bəyan edir.
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hər bir azərbaycanlının qəlbində yaşayan milli qürur və vətənpərvərlik hissləri bir daha öz ifadəsini tapır. Üçrəngli bayrağımız uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, bu müqəddəs rəmzi bizə əmanət edən qəhrəmanlarımızın qarşısında baş əyirik. Qoy üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın, müstəqil Azərbaycanın səmasını heç zaman tərk etməsin! Çünki bayrağımızın dalğalandığı hər qarış torpaq dövlətimizin gücünün, xalqımızın birliyinin və milli qürurumuzun təcəssümüdür.

İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər