PDF Oxu

Siyasət

  • 845

Azərbaycan bayrağı beynəlxalq aləmdə dövlətimizin nüfuzunun rəmzidir - ŞƏRH

Azərbaycan bayrağı beynəlxalq aləmdə dövlətimizin nüfuzunun rəmzidir - ŞƏRH

Dövlət bayrağı hər bir müstəqil ölkənin beynəlxalq aləmdə tanınmasının, suverenliyinin və milli kimliyinin ən mühüm rəmzlərindən biridir. Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağı da ölkəmizin dünya birliyində müstəqil dövlət kimi təmsil olunmasını, milli maraqlarını və dövlətçilik iradəsini ifadə edir. Dünyanın müxtəlif ölkələrində, diplomatik nümayəndəliklərimizin yerləşdiyi binalarda, beynəlxalq təşkilatların iqamətgahlarında və rəsmi tədbirlərdə dalğalanan bayrağımız Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerini və dövlət müstəqilliyinin toxunulmazlığını nümayiş etdirir.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın müasir dövrdə beynəlxalq aləmdə təmsil olunması xalqımızın uzun illər arzuladığı müstəqil dövlətçilik ideyasının reallaşmasının nəticəsidir. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan öz xarici siyasətini milli maraqlar, suveren bərabərlik və beynəlxalq hüququn prinsipləri əsasında quraraq dünya dövlətləri ilə diplomatik əlaqələrini genişləndirdi. Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunması, beynəlxalq və regional təşkilatlarda təmsilçiliyi ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil iştirakının mühüm mərhələləri oldu.
1992-ci il martın 2-də Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilməsi dövlətçilik tariximizin əlamətdar hadisələrindən biridir. Bununla ölkəmiz beynəlxalq təşkilatın üzvü kimi dünya dövlətləri ilə bərabərhüquqlu münasibətlər qurmaq, milli maraqlarını beynəlxalq platformalarda müdafiə etmək və qlobal məsələlərin müzakirəsində iştirak etmək imkanı qazandı. Bu gün Azərbaycanın Dövlət Bayrağının BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında dalğalanması müstəqil dövlətimizin beynəlxalq təmsilçiliyinin rəmzi ifadəsidir.
Diplomatik nümayəndəliklərimizin fəaliyyət göstərdiyi ölkələrdə üçrəngli bayrağımızın ucaldılması da xüsusi məna daşıyır. Səfirlik və daimi nümayəndəliklər yalnız dövlətlərarası münasibətlərin həyata keçirildiyi qurumlar deyil, həm də Azərbaycanın milli kimliyini, mədəniyyətini, dövlətçilik ənənələrini və xarici siyasət prioritetlərini təmsil edən rəsmi ünvanlardır. Bu məkanlarda dalğalanan bayrağımız ölkəmizin suverenliyini, dövlətin beynəlxalq hüququn subyekti kimi müstəqil mövqeyini və Azərbaycan xalqının milli qürurunu ifadə edir.
Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı dövlət bayrağımızın daşıdığı mənanı daha geniş müstəvidə nümayiş etdirir. BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda ölkəmizin iştirakı müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafına, regional və qlobal məsələlərin müzakirəsinə töhfə verir. Azərbaycan bu platformalarda milli maraqlarını müdafiə etməklə yanaşı, dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərini əsas götürür. Bayrağımızın həmin platformalarda təmsil olunması da bu müstəqil dövlətçilik mövqeyinin rəmzidir.
Ölkəmizin beynəlxalq nüfuzunun formalaşmasında enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələri, humanitar əməkdaşlıq və regional təşəbbüslər də mühüm yer tutur. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələri Xəzər regionu ilə Avropa arasında əlaqələrin genişlənməsinə, enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsinə xidmət edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz istiqamətində inkişaf edən əməkdaşlıq ölkəmizin beynəlxalq iqtisadi əlaqələr sistemindəki rolunu göstərən mühüm layihələrdir. Bu təşəbbüslər Azərbaycanın yalnız coğrafi mövqeyindən deyil, həm də regional əməkdaşlıq imkanlarından səmərəli istifadə etdiyini nümayiş etdirir.
Azərbaycanın beynəlxalq aləmdə tanınması və təmsil olunması yalnız diplomatik münasibətlərlə məhdudlaşmır. İdman yarışlarında, mədəniyyət tədbirlərində, elmi forumlarda və beynəlxalq festivallarda üçrəngli bayrağımızın ucalması da ölkəmizin dünyaya təqdimatının mühüm istiqamətlərindəndir. İdmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlar zamanı Dövlət Bayrağımızın yüksəldilməsi, Azərbaycan himninin səsləndirilməsi milyonlarla soydaşımız üçün qürur mənbəyidir. Bu anlar xalqımızın birliyini, gənclərimizin potensialını və ölkəmizin beynəlxalq mədəni-humanitar əlaqələrini əks etdirir.
Üçrəngli bayrağımızın beynəlxalq aləmdəki mənası Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra daha dolğun məzmun qazanıb. Uzun illər işğal altında qalmış torpaqlarımızın azad edilməsi və 2023-cü ildə ölkəmizin bütün ərazisində konstitusiya quruluşunun bərpa olunması müasir Azərbaycan tarixində yeni mərhələ açdı. Bu gün Dövlət Bayrağımız Qarabağ və Şərqi Zəngəzurun şəhər və kəndlərində, o cümlədən Xankəndidə dalğalanır. Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suveren hüquqlarını həyata keçirməsinin və dövlət müstəqilliyinin ərazi baxımından tam təmin olunmasının ifadəsidir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət rəmzlərinin beynəlxalq əhəmiyyətini yüksək qiymətləndirərək ölkəmizin bayrağının beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanmasını müstəqil dövlətçiliyimizin mühüm göstəricisi kimi qeyd edirdi. Onun dövlətçilik fəlsəfəsində bayraq xalqın müstəqilliyinə, milli birliyinə və gələcəyinə inamın rəmzi idi. Bu yanaşma müasir dövrdə də aktuallığını qoruyur. Çünki dövlət bayrağı yalnız ölkənin fiziki sərhədləri daxilində deyil, onun beynəlxalq münasibətlərdə təmsil olunduğu hər bir platformada milli suverenliyin nişanəsidir.
Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi üçün diplomatik əlaqələrin genişləndirilməsi, iqtisadi tərəfdaşlıqların inkişafı, elmi və texnoloji əməkdaşlığın artırılması, mədəniyyətlərarası dialoqun təşviqi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətlərdə əldə olunan nəticələr dövlətimizin beynəlxalq mövqeyini möhkəmləndirməklə yanaşı, üçrəngli bayrağımızın təmsil etdiyi müstəqillik və dövlətçilik ideallarının da daha geniş tanınmasına xidmət edir.
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə üçrəngli bayrağımıza ehtiram göstərmək, onun tarixi və mənəvi dəyərini dərk etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Bayrağımızın beynəlxalq aləmdə ucalması müstəqil dövlətimizin tanınmasının, suverenliyimizin və milli qürurumuzun ifadəsidir. Onun daim yüksəklərdə dalğalanması isə Azərbaycanın güclü, müstəqil və beynəlxalq əməkdaşlığa açıq dövlət kimi gələcəyə inamla addımlamasının rəmzidir.

Araz Əhmədov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Neftçala rayon gənclər və idman sektorunun müdiri

Digər xəbərlər