Bəzən bir bayraq bütöv bir xalqın taleyini, tarixini, mübarizəsini və gələcəyə olan inamını özündə yaşadır. Onun hər dalğalanışında azadlıq uğrunda aparılan mübarizənin izləri, Vətən torpağı uğrunda canından keçən qəhrəmanların qanı, bir millətin sarsılmaz iradəsi və müstəqillik əzmi yaşayır. Azərbaycan xalqı üçün üçrəngli Dövlət Bayrağımız məhz belə müqəddəs mənəvi dəyərdir. O, sadəcə dövlət atributu deyil, milli kimliyimizin, tarixi yaddaşımızın, dövlətçilik ənənələrimizin və azadlıq idealımızın təcəssümüdür. Bir zamanlar müstəqillik arzusu ilə yüksəldilən, sovet hakimiyyəti illərində xalqımızın qəlbində yaşadılan, milli azadlıq mübarizəsi ilə yenidən ucaldılan bu bayraq bu gün suveren Azərbaycanın hər guşəsində əzəmətlə dalğalanır. Xüsusilə Qarabağda və Şərqi Zəngəzurda üçrəngli bayrağımızın dalğalanması onun tarixində yeni və şanlı səhifə açıb. Artıq bu bayraq yalnız müstəqilliyimizin deyil, həm də tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və milli qürurumuzun rəmzidir.
Hər il noyabrın 9-da qeyd etdiyimiz Dövlət Bayrağı Günü xalqımızın bu müqəddəs dövlət rəmzinə olan sonsuz sevgi və ehtiramının ifadəsidir. Bu əlamətdar günün tarixi 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə üçrəngli bayrağımızın qəbul edildiyi günə gedib çıxır. Həmin tarixdən başlayan dövlətçilik ənənəsi bu gün müstəqil Azərbaycanın başı üzərində qürurla dalğalanan bayrağımızda yaşayır.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımızın dövlət rəmzi kimi istifadəsinə son qoyulsa da, onun ifadə etdiyi müstəqillik idealları xalqımızın yaddaşından silinmədi. Bayrağımız uzun illər milli azadlıq düşüncəsinin, dövlətçilik arzularının və istiqlal mübarizəsinin simvolu kimi yaşadı. Nəhayət, ötən əsrin sonlarında milli azadlıq hərəkatının gücləndiyi bir dövrdə üçrəngli bayrağımız yenidən xalqımızın müstəqillik mübarizəsinin önündə yer aldı.
Bu tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin xidmətləri müstəsna əhəmiyyət daşıyır. 1990-cı il noyabrın 17-də Ulu Öndərin təşəbbüsü və sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda, muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması və milli dövlətçilik atributlarının bərpası istiqamətində mühüm qərarlar qəbul olundu. Hələ Sovet İttifaqının mövcud olduğu bir dövrdə Naxçıvanda atılan bu cəsarətli addım Azərbaycanın müstəqilliyinə gedən yolda mühüm siyasi və tarixi hadisə idi.
Ulu Öndər Heydər Əliyev həmin tarixi hadisəni xatırlayaraq deyirdi: “1990-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq”.
Naxçıvanda qəbul edilən bu qərar bütövlükdə Azərbaycanda milli azadlıq və müstəqillik düşüncəsinin güclənməsinə ciddi təsir göstərdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın yenidən Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Beləliklə, xalqımızın istiqlal arzularının rəmzi olan bayrağımız dövlətçilik həyatımıza qayıtdı. Naxçıvanda başlanan bu tarixi proses müstəqil Azərbaycan dövlətinin bərpası istiqamətində atılan ən mühüm addımlardan biri kimi tarixə düşdü.
Ümummilli Lider Heydər Əliyev dövlət rəmzlərinin milli şüurun formalaşmasında və dövlətçilik ənənələrinin yaşadılmasında roluna xüsusi əhəmiyyət verirdi. Onun “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir” fikri bu müqəddəs rəmzin mahiyyətini aydın ifadə edir. Ulu Öndərin dövlətçilik fəlsəfəsinə görə, bayrağa sevgi Vətənə, xalqa və müstəqilliyə sədaqətin göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi təsis edildi. Bu qərar dövlət rəmzlərimizə ehtiramın daha da möhkəmləndirilməsi, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdı. 2007-ci il noyabrın 17-də Dövlət Bayrağı Meydanının yaradılması ilə bağlı imzalanmış Sərəncam, 2010-cu il sentyabrın 1-də isə Bakıda Dövlət Bayrağı Meydanının açılışı dövlətimizin üçrəngli bayrağımıza verdiyi yüksək dəyərin bariz nümunəsi oldu.
Dövlət Bayrağımızın tarixi əhəmiyyəti son illərdə Azərbaycanın qazandığı möhtəşəm nailiyyətlərlə daha da zənginləşib. Uzun illər işğal altında qalan torpaqlarımızda bayrağımızın yenidən dalğalanması xalqımızın ən böyük arzularından biri idi. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər bu arzunu gerçəyə çevirdi. Əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad edildi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında və Kəlbəcərdə üçrəngli bayrağımızın ucaldılması milli qürurumuzun və tarixi ədalətin təntənəsinə çevrildi.
2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin tam bərpası isə müstəqillik tariximizin ən mühüm hadisələrindən biri oldu. Xankəndidə, Xocalıda və digər yaşayış məntəqələrimizdə Dövlət Bayrağımızın ucaldılması xalqımızın uzun illər boyu yaşatdığı arzuların tam gerçəkləşməsini nümayiş etdirdi. Artıq üçrəngli bayrağımız suverenliyimizin bərpa olunduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanır. Bu mənzərə hər bir azərbaycanlı üçün qürur mənbəyi olmaqla yanaşı, dövlətimizin gücünün, xalqımızın birliyinin və milli iradəmizin nümayişidir.
Bu gün Azərbaycan bayrağı yalnız ölkəmizin şəhər və kəndlərində deyil, dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatların iqamətgahlarında, mötəbər tədbirlərdə və idman arenalarında dalğalanır. Onun yüksəklərə qaldırılması Azərbaycanın beynəlxalq nüfuzunun, müstəqil siyasətinin və artan dövlət qüdrətinin göstəricisidir. Hər dəfə üçrəngli bayrağımızın beynəlxalq arenalarda dalğalanması milyonlarla soydaşımızın qəlbində iftixar hissi yaradır.
Dövlət Bayrağı Günü həm də tarixi yaddaşımıza, milli-mənəvi dəyərlərimizə və gələcək nəsillər qarşısında məsuliyyətimizə nəzər salmaq üçün mühüm fürsətdir. Bayrağa hörmət yalnız bayram günlərində və rəsmi mərasimlərdə nümayiş etdirilən münasibət deyil. Bu ehtiram gündəlik həyatımızda, dövlətimizə sədaqətimizdə, milli dəyərlərimizi qorumağımızda və Vətənimizin inkişafına verdiyimiz töhfələrdə özünü göstərməlidir. Xüsusilə gənc nəslin üçrəngli bayrağımızın tarixini, onun rənglərinin mənasını və dövlətçilik tariximizdəki yerini dərindən bilməsi vacibdir. Çünki dövlət müstəqilliyinin qorunması və gələcək uğurlarımızın təmin edilməsi milli ruhlu, vətənpərvər və məsuliyyətli gənclərin yetişdirilməsindən birbaşa asılıdır.
Bu gün üçrəngli bayrağımız müstəqil Azərbaycanın keçmişi ilə gələcəyini birləşdirən müqəddəs mənəvi körpüdür. O, xalqımızın azadlıq uğrunda mübarizəsini, dövlətçilik ənənələrini, qəhrəmanlıq tarixini və milli birliyini özündə yaşadır. Qarabağda və Şərqi Zəngəzurda dalğalanan bayrağımız isə artıq təkcə müstəqilliyimizin deyil, həm də ərazi bütövlüyümüzün, tam suverenliyimizin və tarixi Zəfərimizin rəmzidir.
Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır” sözləri bu gün gerçəkliyə çevrilmiş böyük dövlətçilik ideallarını ifadə edir.
Bu gün üçrəngli Dövlət Bayrağımızın Qarabağda, Şərqi Zəngəzurda, Xankəndidə və ölkəmizin bütün ərazilərində əzəmətlə dalğalanması xalqımızın əsrlər boyu yaşatdığı azadlıq arzusunun, mübarizə əzminin və dövlətçilik iradəsinin təntənəsidir. Bu bayraq uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin qəhrəmanlığı, xalqımızın birliyi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər onun hər dalğalanışına xüsusi məna verir. Bu gün bayrağımızın hər qarış Vətən torpağında yüksəlməsi müstəqilliyimizin və suverenliyimizin dönməzliyinin ən aydın ifadəsidir.
Zaman dəyişəcək, nəsillər bir-birini əvəz edəcək, tarix yeni səhifələr yazacaq. Ancaq Azərbaycan xalqının üçrəngli bayrağına olan sevgisi, ehtiramı və sədaqəti heç vaxt dəyişməyəcək. Çünki bu bayraq bizim dünənimiz, bu günümüz və sabahımızdır. O, azadlığımızın andı, birliyimizin rəmzi, milli qürurumuzun təcəssümüdür. Ən böyük arzumuz və qürurumuz isə budur ki, üçrəngli bayrağımız bundan sonra da daim yüksəklərdə dalğalansın, Azərbaycanın gücünü, qüdrətini və müstəqilliyini bütün dünyaya nümayiş etdirsin. Bayrağımız enməsin, Vətənimiz daim var olsun!
Pərviz Hüseynzadə
YAP Babək rayon təşkilatının əməkdaşı