PDF Oxu

Siyasət

  • 576

Bayraq xalqımızın milli varlığını, müstəqillik iradəsini və dövlətçilik əzmini əks etdirən ən ali simvollardan biridir

Bayraq xalqımızın milli varlığını, müstəqillik iradəsini və dövlətçilik əzmini əks etdirən ən ali simvollardan biridir

Dövlətçilik tarixində elə rəmzlər var ki, onlar bir xalqın kimliyini sözlərdən daha dolğun ifadə edir. Bu rəmzlər xalqın keçdiyi tarixi yolu, qarşılaşdığı çətinlikləri, qazandığı qələbələri və gələcək nəsillərə ötürmək istədiyi idealları özündə birləşdirir. Azərbaycan Respublikasının Dövlət Bayrağı da xalqımızın milli varlığını, müstəqillik iradəsini və dövlətçilik əzmini əks etdirən ən ali simvollardan biridir. Üçrəngli bayrağımızın hər dalğalanışı Azərbaycanın azad yaşamaq hüququnu, milli ləyaqətini və suverenliyini dünyaya nümayiş etdirir.

Bayraq anlayışı Azərbaycan xalqı üçün sadəcə rəsmi dövlət atributu deyil. O, milli yaddaşın qorunması, müxtəlif nəsillərin eyni ideallar ətrafında birləşməsi və dövlətə mənəvi bağlılığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Vətənin harasında yaşamasından, hansı sahədə çalışmasından və hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, hər bir azərbaycanlını birləşdirən ortaq dəyərlərdən biri məhz üçrəngli bayrağımızdır. Bu bayraq xalqımızın milli həmrəyliyini, tarixi köklərinə bağlılığını və müstəqil gələcəyə olan inamını ifadə edir.
Üçrəngli Dövlət Bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə sıx bağlıdır. 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikalardan birinin qurulması Azərbaycan xalqının dövlətçilik salnaməsində yeni mərhələ açdı. Cümhuriyyət qurucuları müstəqil dövlətin siyasi və hüquqi əsaslarını yaratmaqla yanaşı, milli kimliyi ifadə edən dövlət rəmzlərinin müəyyənləşdirilməsinə də xüsusi diqqət yetirirdilər. Bu baxımdan 1918-ci il noyabrın 9-da üçrəngli bayrağın qəbul edilməsi mühüm tarixi hadisə idi.
Bayrağın rənglərində xalqımızın milli-mənəvi dünyası və inkişaf istiqamətləri əks olunmuşdur. Mavi rəng türk dünyasına mənsubiyyətimizi, qırmızı rəng müasir inkişafı, tərəqqini və demokratik dəyərləri, yaşıl rəng isə islam mədəniyyətinə bağlılığımızı ifadə edir. Bu üç prinsip Azərbaycan xalqının milli düşüncəsində bir-birini tamamlayan ideoloji əsaslar kimi formalaşmışdır. Görkəmli ictimai-siyasi xadim və mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü türkçülük, müasirlik və islamçılıq ideyaları üçrəngli bayrağımızın mənəvi-fəlsəfi məzmununun formalaşmasında mühüm yer tutur.
1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə dövlət müstəqilliyimizə son qoyulsa da, xalqımızın milli azadlıq düşüncəsi aradan qalxmadı. Üçrəngli bayraq uzun illər dövlət idarəçiliyində istifadə olunmasa da, milli istiqlalın və müstəqil Azərbaycan ideyasının yaddaşlarda yaşamasını təmin etdi. Xalqımızın azadlıq arzusu zaman keçdikcə daha da gücləndi və XX əsrin sonlarında baş verən ictimai-siyasi proseslər nəticəsində yenidən dövlətçilik müstəvisinə qayıtdı.
Üçrəngli bayrağımızın rəsmi dövlət rəmzi kimi bərpasında Naxçıvanda atılan tarixi addımların xüsusi yeri vardır. 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Muxtar Respublikanın Dövlət Bayrağı kimi qəbul edildi. Eyni zamanda, Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın bütün respublikanın dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırıldı.
Bu qərarın qəbul edilməsi o dövrün mürəkkəb siyasi şəraitində milli iradənin nümayişi və müstəqillik düşüncəsinin əməli ifadəsi idi. Ümummilli Lider Heydər Əliyev bununla Azərbaycan dövlətçiliyinin tarixi varisliyinin bərpası istiqamətində mühüm siyasi mövqe ortaya qoydu. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın yenidən Dövlət Bayrağı kimi qəbul olunmasını təsdiqlədi. Həmin ilin oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsi isə bu tarixi prosesin hüquqi əsaslarını möhkəmləndirdi.
Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində dövlət rəmzlərinə münasibət mühüm yer tuturdu. O, Azərbaycanın milli maraqlarının qorunmasını, müstəqil dövlətçilik ənənələrinin möhkəmləndirilməsini və xalqın vahid ideya ətrafında birləşdirilməsini əsas vəzifələrdən hesab edirdi. Onun bayrağımızla bağlı səsləndirdiyi fikirlər hər bir vətəndaşa ünvanlanan mühüm mənəvi çağırışdır. Ulu Öndərin düşüncəsinə görə, Azərbaycanı sevən, onun müstəqilliyini və ərazi bütövlüyünü arzulayan hər kəs bu bayrağın təmsil etdiyi milli ideallar ətrafında birləşməlidir. Bu yanaşma dövlət rəmzlərinin siyasi və mənəvi birliyə təsirini aydın şəkildə göstərir.
Müstəqilliyimizin möhkəmləndirilməsi mərhələsində Prezident İlham Əliyev də Dövlət Bayrağımızın ölkə həyatında xüsusi yer tutmasına böyük diqqət yetirmişdir. Dövlət Bayrağı Meydanının yaradılması bu istiqamətdə atılan mühüm addımlardan biri olmuşdur. 2007-ci ildə meydanın yaradılması ilə bağlı Sərəncam imzalanmış, 2010-cu il sentyabrın 1-də isə onun təntənəli açılışı keçirilmişdir. Bu möhtəşəm kompleks Azərbaycanın müstəqil dövlət kimi gücünü, milli iradəsini və dövlətçilik ənənələrinə bağlılığını əks etdirən rəmzi məkana çevrilmişdir.
2009-cu il noyabrın 17-də imzalanmış Sərəncama əsasən, hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis edilməsi üçrəngli bayrağımızın tarixi əhəmiyyətinin, milli-mənəvi dəyərinin və dövlətçilik tariximizdəki yerinin bir daha vurğulanması baxımından mühüm addım idi. Həmin gün ölkəmizin müxtəlif bölgələrində keçirilən tədbirlər, bayrağımıza həsr olunan mərasimlər və vətənpərvərlik aksiyaları milli həmrəyliyin gücləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyevin 2010-cu ildə Dövlət Bayrağı Meydanının açılışında səsləndirdiyi fikirlər müstəqilliyin qorunması və inkişaf etdirilməsi məsələsində hər bir vətəndaşın üzərinə düşən məsuliyyəti aydın şəkildə ifadə edir. Dövlət başçısı Azərbaycanın müstəqil siyasət yürütməsini, xalqımızın öz taleyinin sahibi olmasını böyük tarixi nailiyyət kimi qiymətləndirmişdir. O, ölkənin inkişafına hər bir insanın öz əməli fəaliyyəti ilə töhfə verməsinin vacibliyini xüsusi vurğulamışdır. Bu fikirlər göstərir ki, dövlətin gücü yalnız iqtisadi və siyasi göstəricilərlə ölçülmür. Həm də cəmiyyətdəki birlik, vətəndaş məsuliyyəti, milli həmrəylik və vətənpərvərlik hissi həmin gücün mühüm dayaqlarıdır.
Son illərdə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər Dövlət Bayrağımızın mənəvi məzmununu daha da zənginləşdirmişdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyulması istiqamətində həlledici mərhələ oldu. Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın Ali Baş Komandan ətrafında sıx birləşməsi və dövlətimizin qətiyyətli siyasəti nəticəsində işğal altındakı ərazilərimizin böyük hissəsi azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması isə hərbi və siyasi baxımdan müharibənin taleyini müəyyənləşdirən tarixi hadisəyə çevrildi.
Bu qələbə ilə üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması xalqımız üçün xüsusi mənəvi məna daşıdı. Uzun illər ərzində məcburi köçkün həyatı yaşayan soydaşlarımızın doğma yurdlarına qayıdışına zəmin yarandı, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm nəticələr əldə edildi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində suverenlik tam bərpa olundu. Bununla Azərbaycan dövlətçiliyinin qarşısında duran mühüm tarixi vəzifələrdən biri reallaşdırıldı.
Bu gün Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və digər ərazilərimizdə Dövlət Bayrağımızın ucaldılması sadəcə bir rəsmi mərasim deyil. Bu, dövlətimizin suverenliyinin, milli iradəmizin və tarixi ədalətin bərpasının əyani ifadəsidir. Bayrağımızın həmin torpaqlarda dalğalanması gələcək nəsillərə ötürüləcək mühüm tarixi yaddaşdır. Bu mənzərə eyni zamanda şəhidlərimizin canı və qazilərimizin sağlamlığı bahasına əldə edilmiş Zəfərin dəyərini bir daha xatırladır.
Dövlət Bayrağımızın beynəlxalq aləmdə yüksəldilməsi də Azərbaycanın artan nüfuzunun göstəricisidir. Diplomatik münasibətlərdə, beynəlxalq təşkilatların tədbirlərində, idman yarışlarında və mədəniyyət platformalarında bayrağımızın nümayiş olunması dövlətimizin müstəqil mövqeyini və beynəlxalq münasibətlər sistemindəki yerini əks etdirir. Xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün üçrəngli bayraq doğma Vətənlə mənəvi bağın qorunması, milli mənsubiyyətin yaşadılması və həmrəyliyin möhkəmləndirilməsi baxımından əvəzsiz simvoldur.
Bayrağa sevgi ilk növbədə Vətənə sevgi deməkdir. Lakin bu sevgi yalnız sözlərlə ifadə edilməməli, gündəlik həyatımızda konkret əməllərlə təsdiqlənməlidir. Dövlətin inkişafına töhfə vermək, milli-mənəvi irsi qorumaq, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə çalışmaq, gənc nəslə düzgün vətənpərvərlik dəyərləri aşılamaq hər bir vətəndaşın üzərinə düşən mühüm vəzifələrdir. Xüsusilə gənclər bilməlidirlər ki, üçrəngli bayrağın arxasında böyük bir tarix, xalqımızın mübarizəsi, qəhrəmanlığı və müstəqillik uğrunda göstərdiyi fədakarlıq dayanır.
Azərbaycanın gələcəyi milli birliyin qorunmasından, dövlətçilik ənənələrinin davam etdirilməsindən və müstəqilliyimizin daha da möhkəmləndirilməsindən keçir. Bu baxımdan Dövlət Bayrağımız həm keçmişimizə ehtiramın, həm bu günümüzə məsuliyyətin, həm də gələcəyimizə inamın rəmzidir. Onun altında birləşmək ümumi milli maraqlarımızı üstün tutmaq, dövlətimizin inkişafı naminə birgə fəaliyyət göstərmək deməkdir.
Bu gün hər bir azərbaycanlı üçün üçrəngli bayrağımızı uca tutmaq böyük şərəf olmaqla yanaşı, həm də məsuliyyətdir. Çünki bu bayraq müstəqilliyimizin tarixini, xalqımızın qürurunu və qalib Azərbaycanın gücünü özündə birləşdirir. O, dünənki mübarizəmizin, bugünkü uğurlarımızın və sabahkı hədəflərimizin dəyişməz simvoludur. Azərbaycan bayrağı daim yüksəklərdə dalğalanmalı, onun təmsil etdiyi milli ideallar gələcək nəsillərin düşüncəsində və fəaliyyətində yaşadılmalıdır.

Elvin Əliyev
YAP Babək rayon təşkilatı sədrinin müavini

Digər xəbərlər