PDF Oxu

Siyasət

  • 574

Üçrəngli bayrağımız – milli qürurumuz, müstəqilliyimizin rəmzi - ŞƏRH

Üçrəngli bayrağımız – milli qürurumuz, müstəqilliyimizin rəmzi - ŞƏRH

Hər bir xalqın tarixində onun milli kimliyini, dövlətçilik ənənələrini və azadlıq ideallarını özündə yaşadan müqəddəs rəmzlər vardır. Azərbaycan xalqı üçün bu rəmzlərin ən ucası, ən əzizi üçrəngli Dövlət Bayrağımızdır. Mavi, qırmızı və yaşıl rənglərin ahəngindən yaranan bu bayraq xalqımızın keçmişini, bu gününü və gələcəyə baxışını özündə birləşdirir. O, müstəqilliyimizin, suverenliyimizin, milli birliyimizin və dövlətçilik iradəmizin təcəssümüdür. Bu gün üçrəngli bayrağımızın Vətənimizin hər guşəsində, xüsusilə də işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanması xalqımızın ən böyük arzularından birinin gerçəkləşdiyini nümayiş etdirir.
Hər il noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Bu əlamətdar günün tarixi 1918-ci il noyabrın 9-dan başlayır. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz təsvir edilmiş mavi, qırmızı və yaşıl rəngli üçrəngli bayraq dövlət rəmzi kimi qəbul edildi. Şərqdə ilk demokratik respublikanın qurulması ilə Azərbaycan xalqı öz dövlətçilik tarixində yeni mərhələyə qədəm qoydu. Üçrəngli bayrağımız da məhz həmin dövrdə xalqımızın milli özünüdərkinin, azadlıq arzusunun və müstəqil dövlət qurmaq əzminin ifadəsinə çevrildi.
Bayrağımızın hər bir rəngi dərin məna daşıyır. Mavi rəng xalqımızın türk mənşəyini və türkçülük ideyasını, qırmızı rəng müasirliyi, inkişafı və demokratik cəmiyyət qurmaq istəyini, yaşıl rəng isə İslam sivilizasiyasına və mədəniyyətinə mənsubluğumuzu ifadə edir. Aypara və səkkizguşəli ulduz isə bayrağımızın milli-mədəni simvolikasını tamamlayır. Beləliklə, üçrəngli bayrağımız Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, tarixi köklərini və müasir inkişaf istiqamətini özündə birləşdirən bütöv bir ideologiyanın rəmzidir.
Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süqut etməsindən sonra üçrəngli bayrağımızın dövlət rəmzi kimi istifadəsinə son qoyulsa da, xalqımızın yaddaşından silinmədi. O, uzun illər müstəqillik arzusunun, milli azadlıq düşüncəsinin və dövlətçilik ideallarının simvolu kimi yaşadı. Nəhayət, ötən əsrin sonlarında milli azadlıq hərəkatının güclənməsi ilə üçrəngli bayrağımız yenidən xalqımızın müstəqillik mübarizəsinin önündə yer aldı.
Bu tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi qeyd edilməlidir. 1990-cı il noyabrın 17-də Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçirilən sessiyasında üçrəngli bayrağımız ilk dəfə rəsmi şəkildə qaldırılaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul edildi. Həmin sessiyada Azərbaycan SSR-in dövlət rəmzlərinə münasibətin dəyişdirilməsi və üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması məsələsi də qaldırıldı. Bu qərar milli dövlətçilik tariximizdə dönüş nöqtələrindən biri oldu.
Naxçıvanda qəbul edilən bu tarixi qərardan sonra 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağımızın yenidən Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Beləliklə, xalqımızın müstəqillik arzularının rəmzi olan bayrağımız dövlətçilik həyatımıza qayıtdı. Ulu Öndər Heydər Əliyevin Naxçıvanda həyata keçirdiyi qətiyyətli siyasi addımlar Azərbaycanın müstəqilliyə doğru irəliləməsində mühüm rol oynadı.
Ulu Öndər Heydər Əliyev dövlət rəmzlərinə hər zaman böyük ehtiramla yanaşmış, onların milli şüurun və dövlətçilik düşüncəsinin formalaşmasındakı rolunu xüsusi vurğulamışdır. Onun “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, müstəqilliyimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir” fikri hər bir azərbaycanlının yaddaşına həkk olunmuş mühüm çağırışdır. Ulu Öndər bayrağımızı yalnız dövlət atributu deyil, müstəqilliyimizin və milli varlığımızın müqəddəs ifadəsi kimi dəyərləndirirdi.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edildi. Bu qərar üçrəngli bayrağımıza olan ümumxalq sevgisinin və ehtiramının dövlət səviyyəsində ifadəsi oldu. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışı isə dövlət rəmzlərimizə göstərilən diqqətin əyani təcəssümünə çevrildi. Dövlət başçısı həmin mərasimdə bayrağımızı qürur mənbəyimiz adlandıraraq onun Azərbaycanın hər yerində dalğalanmasının xalqımız üçün böyük mənəvi əhəmiyyət daşıdığını vurğuladı.
Son illərdə Azərbaycan dövlətinin qazandığı tarixi nailiyyətlər üçrəngli bayrağımızın rəmzi mənasını daha da zənginləşdirib. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər xalqımızın milli qürurunu, dövlətimizin qüdrətini və Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzün bərpasına gedən yolu açdı. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə və digər ərazilərimizdə üçrəngli bayrağımızın ucaldılması xalqımızın onilliklər boyu yaşatdığı arzuların gerçəkləşməsi idi.
2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin tam bərpa olunması bayrağımızın tarixində yeni və şanlı səhifə açdı. Bu gün üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır. Vaxtilə işğal altında olan torpaqlarımızda dövlət bayrağımızın ucaldılması yalnız hərbi-siyasi qələbənin deyil, həm də tarixi ədalətin bərpasının, milli iradənin və dövlət suverenliyinin təntənəsidir.
Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin beynəlxalq nüfuzunun da mühüm rəmzidir. Dünyanın müxtəlif ölkələrində diplomatik nümayəndəliklərimizin binaları üzərində dalğalanan, beynəlxalq tədbirlərdə və idman yarışlarında yüksəklərə qaldırılan bayrağımız hər bir azərbaycanlıda qürur hissi yaradır. Azərbaycan idmançılarının beynəlxalq arenalarda qazandıqları uğurlar zamanı üçrəngli bayrağımızın yüksəlməsi, dövlət himnimizin səslənməsi xalqımızın birliyini və milli qürurunu daha da gücləndirir.
Dövlət Bayrağı Günü yalnız tarixi hadisələri xatırlamaq və bayram etmək üçün deyil, həm də müstəqilliyimizin dəyərini bir daha dərk etmək baxımından mühüm əhəmiyyət daşıyır. Bayrağa hörmət, əslində, Vətənə, dövlətə, xalqa və onun tarixinə hörmət deməkdir. Bu müqəddəs rəmzin qorunması, ona ehtiram göstərilməsi hər bir vətəndaşın mənəvi borcudur. Xüsusilə gənc nəslin bayrağımızın tarixini, rənglərinin mənasını və dövlətçilik tariximizdəki yerini dərindən bilməsi vacibdir. Çünki müstəqil dövlətimizin gələcəyi milli dəyərlərinə bağlı, vətənpərvər və məsuliyyətli gənclərin yetişdirilməsindən asılıdır.
Bu gün Azərbaycan xalqı üçrəngli bayrağının kölgəsində daha böyük hədəflərə doğru inamla irəliləyir. Müstəqil, suveren və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan dövlətinin uğurları bayrağımızın əzəmətini daha da artırır. Üçrəngli bayrağımız xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və milli iradəmizin ifadəsi olaraq daim uca zirvələrdə dalğalanacaq.
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hər bir azərbaycanlının qəlbində eyni qürur və iftixar hissi yaşanır. Çünki bu bayraq bizim tariximiz, kimliyimiz, müstəqilliyimiz və gələcəyimizdir. O, Vətənimizin hər qarışında dalğalandıqca Azərbaycan xalqının azadlıq ruhu, dövlətçilik əzmi və milli qüruru da daim yaşayacaq!

Xədicə Hüseynzadə
YAP Babək rayon təşkilatının fəal üzvü

Digər xəbərlər