PDF Oxu

Sosial

  • 1 035

Şuşa simfoniyası

Şuşa simfoniyası

Dəmir yumruq küçəsindən Zəfər yolu üzərində olan 8 Noyabr küçəsinə, oradan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə Ümummilli Lider Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” dəyərli fikrindən yaranan və akkord-akkord yüksələn bir simfoniyanın sədaları ilə addımlayıram.

Əslən şuşalı olmayan, əslində isə şuşalıların hər biri qədər şuşalı olan, Azərbaycan dövlətçiliyi tarixinə iz salan, xanlıq dövrünün ictimai xadimi, Şuşa ədəbi irsinin formalaşmasında böyük rol oynayan ölməz şair Molla Pənah Vaqifə yazdığım əlimdəki məktubu onun ruhuna pıçıldaya-pıçıldaya irəliləyirəm:

-Dəniz səviyyəsindən 1500-1600 metr yüksəklikdə yerləşən Şuşanın Zəfər ətirli küçələrindən qalxıb şiş qayalara çırpılaraq 2700 metrədək daha yüksəkliyə doğru sıralanan Böyük Kirs, Kiçik Kirs, Sarıbaba, Qızıldaş... dağlarında əks-səda verən, oradan isə üçrəngli bayrağın dalğalarına toxunub birbaşa Qarabağa, Qarabağdan bütün Azərbaycana yayılan bu simfoniya bir gözümdən qürur, bir gözümdən yaş ələyir...

Qüruru Tanrının qüdrətindən yaranmış bu 274 yaşlı ağalar-bəylər diyarından-Pənahabaddan, sinəsi üzərindəki Cıdır düzündən, Şuşa, Bayat, Şahbulaq qalalarından, qəsrlərdən, dini-tarixi və tarixi abidələrdən, bəylik-sultanlıq nişanəsi olan saysız-hesabsız kompleks, mülk-malikanə, ev, hamamlardan alıram. Bir də Zəfər yolundan, Dəmir Yumruq və 8 Noyabr küçələrindən... Dayandığım yüksəklikdən ətrafı seyr edərkən bu möhtəşəm simfoniyanın cəngi hissəsindən qayalıqlara çırpılaraq səmaya qalxan səs 44 günün son mənzərəsini gözlərim önündə canlandırır: onlarla kilometr yolu piyada qət edib 28 ildə ot basmış, yolu, çığırı itmiş Şuşaya sinələri ilə yol açan, köksünü daşlar parçalaya-parçalaya bu yüksəkliyə qalxıb düşmənə özünəlayiq tələ quran Vətən övladlarını, texnikasız, yüngül silahlarla, süngü-bıçaqla əlbəyaxa döyüşləri, “öldü var, döndü yoxdur!” andını, qəhrəmanlıqları xatırladır. Düşmənlə dolu şəhərdə bir nəfərin belə hiss etmədiyi peşəkarlıqla Şuşanı əl-üzündən, sinəsindən, ayaqlarından qan süzə-süzə dörd tərəfdən əhatəyə alan igid-ər oğulların bu möcüzələr diyarını möcüzəvi şəkildə işğaldan azad etməsini xatırladır. Simfoniyanın qürur akkordları 2020-ci il sentyabrın 27-dən noyabrın 8-dək ləyaqətin, şərəfin, namusun xilası mücadiləsinin Zəfər yolunda bitməsini və 30 ildən sonra alnımızdakı qara ləkənin Şuşanın Qarqar, Daşaltı, Zarıslı, Xələfli çaylarının, Meydan, İsa, Saxsı, Ovdan, Şor, Səkili və Qotur bulaqlarının sularında paklanmasını xatırladır.

Bu yüksəklikdən suverenliyi və konstitusiya quruluşu bərpa olunaraq bütövləşən Azərbaycanı seyr etmək, qürurun zirvəsindən Vətənə baxmaq necə böyük xoşbəxtlikdir, Vaqif. Odur ki...

Şalımı al bağlaram...

Cıdır düzündən ötürəm. Onun bəkarətini əlindən almaq istəyən tamahdan kəlləyə çıxan gözlər, o iyrənc rəqslər, gülüşlər dəhşətli film səhnələrindəki qorxunc musiqiləri qulağımda çınlatmaq istəyir ki, bayaqdan bəri dinlədiyim simfoniyanı gətirən dağ küləyi o iyrənclikləri bu yüksəklikdən dərələrin dibinə yuvarlayır. Bir andaca simfoniyanın sədaları onları Cıdır düzündə qol qaldırıb Zəfər rəqsi edən Ali Baş Komandanımızla, soydaşlarımızla əvəzləyir...

28 ildən sonra buradakı ilk Xarıbülbül fetivalında Şuşasına onun adını deyib gələnlərin nəvazişi, Azərbaycan musiqisinin o doğma səsi ilə bir qərinəyədək çiyninə düşmüş başını qaldırdı, 28 illik hicranını vüsal etdi Xarıbülbül. “Qarabağ” şikəstəsinin dağlara-düzlərə səpələnən səsini hər daş, qaya, torpaqdan boylanan kiçik bir çiçəkdən, otdan tutmuş göydəki buludlara qədər “ciyərlərinə” çəkdi.

“Qarabağ” şikəstəsinin dilimdəki zümzüməsi ətrafdakı simfoniyanın bir hissəsinə çevrildikcə, qürurum Şuşadan ətrafa yayılıb Qarabağ boyda olur. Yox, yox, Azərbaycan boyda olur. Vətəndən dünyaya yayılır, müharibədən sonrakı musiqi festivalı ilə bu əzəli torpaqların kimə məxsus olduğunu 30 il susan ədalətsiz dünya qarşısında sərgiləyir. Elə bu zaman ağlamaq nədir,

Şalımı al bağlaram,

Qara yox, al bağlaram.

Qarabağ şəhidimi

Mən qürurdan ağlaram,-deyirəm.

“Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası”nda səslənən və Üzeyir Hacıbəylinin özünəməxsus akkordları, Cabbar Qaryağdıoğlu, Bülbül, Xan Şuşinski, Rəşid Behbudov avazı, Fikrət Əmirov, Süleyman Ələsgərov, Niyazi toxunuşu duyulan simfoniya...

Yaxşı ataların yaxşı oğullarından danışır...

Ədəbiyyatımızın inkişafı sahəsindəki xidmətlərinə və ictimai-siyasi fəaliyyətinə verilən yüksək qiymətin parlaq ifadəsi olaraq atanın-Ümummilli Lider Heydər Əliyevin 1982-ci ildə adına ucaltdığı, lakin düşmən nadanlığına tuş gələn məqbərəni oğul- Prezident İlham Əliyevin 2021-ci ildə yenidən sənə qaytarması bu fikri təsdiqləyir. Bu, həm də yaxşı oğulların torpağı namus hesab edən yaxşı ataların Qarabağın azad olunması ilə bağlı vəsiyyətinin də reallaşdırmasını yada salır.

Simfoniyanın “qanadlarında” Şuşanı azad edən oğulların sayəsində 2021-cü ilin 30 avqustunda keçirilən ilk Vaqif Poeziya günlərinə gedirəm: həm şair, həm saray vəziri olub, həm də xalqın qəlbində bu izləri salmaq, poeziyadan qala yaratmaq, məhəbbət mədəbi qurmaq hər kəsə nəsib olmur, Vaqif... Azərbaycan ədəbiyyatında realist şeirin əsasını qoyan, əsərlərində şərq poeziyasının bütün klassik formalarına müraciət edən, yaradıcılığının böyük bir qismini təşkil edən və dili xalqın canlı danışığına çox yaxın olan qoşmaları ilə dillər əzbəri olan Vaqif. Həm də...

Şuşa ədəbi mühitinin banisi şair

XVIII əsrdə burada yaratdığın Şuşa ədəbi mühiti Azərbaycan ədəbi-mədəni mühitinin ən qaynar mərkəzinə çevrilə bildi. Bu mərkəzdə birləşən Qasım bəy Zakir, Xurşid Banu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli, Fərhad Ağazadə, Zülfüqar Hacıbəyli, Firudin bəy Köçərli və digər yazıçı və şairlərin şeirləri, publisistikası, əsərləri milli ədəbi irsimizə çevrildi, milli mətbuatımızın inkişafına, insanların maariflənməsinə xidmət etdi.

Ədəbi mühitin inkişafı ədəbi məclislərsiz olmaz. Azərbaycanda ilk ədəbi məclislərin beşiyi də elə Şuşadır. 1864-cü ildə əsası şuşalı şair Mirzə Rəhim Fəna tərəfindən qoyulan Xurşidbanu Natəvanın düz 25 il rəhbərlik etdiyi “Məclisi-üns”ün və Mirzə Möhsün Nəvvabın başçılıq etdiyi “Məclisi-fəramuşan”ın ətrafında toplaşan onlarla şair- Mirzə Rəhim Fəna, Hacı Abbas Agah, İsmayıl bəy Dəruqi, Məşədi Nəsir Lövhi, Məmo bəy Məmai, Mirzə Ələsgər Növrəs, Abdulla bəy Asi, Fatma xanım Kəminə, Mirzə Əbdül Şahin, Molla Saleh Bülbül, Bəhram bəy Fədai və başqaları o dövrün tanınmış simaları olaraq sənin şeiriyyətindən ilham alan xalq şeiri tipini formalaşdıran istedadlı insanlar idi, Vaqif.

XVIII-XIX əsr Şuşa ədəbi mühiti bütün cəhətləri ilə təkcə Azərbaycanda deyil, türk dünyasında, Şərq ədəbiyyatında qabaqcıl yerlərdən birini tutur. Bu mühit dünənlə bu gün arasında körpü olaraq Azərbaycan ədəbiyyatına öz töhfələrini verməkdədir. Maraqlıdır ki...

Ədəbi məclislər musiqisiz, nəğməsiz keçməzdi...

Odur ki, ədəbi məclislər həm də musiqi məclisi idi. Tarzən Mirzə Sadığın (Sadıqcan) tarının, Hacı Hüsü, Məşədi kişi, Kaştazlı Haşım, Molla Abbasqulu, Molla Vəli, Məmməd Qaryağdı, Məşədi Dadaş və başqa xanəndələrin səsi tez-tez ədəbi məclislərdən gələrdi. Bu məclislər incəsənətin digər növlərinə də qapı açır, Şuşanı bir mədəniyyət mərkəzinə çevirirdi.. Şuşa əbəs yerə türk dünyasının, İslam dünyasının mədəniyyət paytaxtı deyil...

Ədəbiyyatla mədəniyyətin harmoniyası olan Şuşanın 270 illik tarixi, 28 illik işğalı, 6 illik azadlığı sətirlənən məktubum bitir. Sadəcə məktub bitir... Bu ədəbiyyat, mədəniyyət, təbiət gözəli yurd yerini isə heç vaxt susmayacaq simfoniya yenidən ağuşuna alır. Dövlətimizin başçısının “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” ifadələri simfoniyanın zirvə akkordunu vurduqca, Qarabağın tacında Zəfər nəfəsli yeni bir əsər-Şuşa simfoniyası yaranır... Və buradan bütün Azərbaycana qürur yayır...

Mətanət Məmmədova

Digər xəbərlər