PDF Oxu

Siyasət

  • 1 536

Sülh, dialoq və inkişaf

image

Türk xalqlarının birliyi ideyası əsrlər boyu ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşaraq bu günə qədər gəlib çıxıb. Qədim İpək Yolu dövründən etibarən türk xalqları ticarət, mədəniyyət və siyasət sahəsində sıx əməkdaşlıq əlaqələri qurub. Lakin bu birliyin müasir dövrdə sistemli, institusional və strateji əməkdaşlıq formatına çevrilməsi yalnız XXI əsrdə reallığa çevrildi.

Məhz bu baxımdan 3 oktyabr 2009-cu il tarixi bir mərhələ oldu. Həmin gün Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan liderləri Naxçıvan şəhərində bir araya gələrək Türk Dövlətləri Təşkilatının (o dövrdə Türk Şurası) əsasını qoydular. Naxçıvan Bəyannaməsi bu gün də türk birliyinin hüquqi-siyasi bünövrəsi kimi qəbul olunur. Bu sənədlə türk dövlətləri mədəni bağlılığı siyasi və iqtisadi əməkdaşlığa çevirən yeni mərhələyə keçid etdilər.
Təşkilatın yaranmasından ötən illər ərzində siyasi və iqtisadi inteqrasiya istiqamətində mühüm addımlar atılıb. 2019-cu ildə Özbəkistanın tamhüquqlu üzv olması, Türkmənistan və Macarıstanın müşahidəçi statusu alması bu birliyin coğrafi və siyasi çəkisini daha da artırdı. TDT çərçivəsində həyata keçirilən layihələr siyasi koordinasiyanın güclənməsinə, nəqliyyat və enerji dəhlizlərinin genişlənməsinə, iqtisadi əməkdaşlığın dərinləşməsinə, elm, təhsil və mədəniyyət sahələrində ortaq platformaların formalaşmasına və təhlükəsizlik sahəsində koordinasiyanın artırılmasına xidmət edir. Bütün bunlar bir daha göstərir ki, TDT sadəcə simvolik birlik deyil, həm də müasir geosiyasi reallığın mühüm aktoruna çevrilməkdədir.
Azərbaycan bu prosesdə xüsusi yer tutur. Coğrafi mövqeyinə, iqtisadi potensialına və diplomatik fəallığına görə ölkəmiz bu birliyin lokomotivlərindən biri hesab olunur. Bakı regionda siyasi sabitlik, müstəqil qərarvermə və strateji təşəbbüslər sayəsində TDT-nin praktik əməkdaşlığını təmin edən əsas platformalardan birinə çevrilib. Azərbaycan təşəbbüsü ilə həyata keçirilən Bakı–Tbilisi–Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi infrastruktur layihələri və xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivi türk dövlətlərini birləşdirən vahid quru və dəmir yolu şəbəkəsinin əsas elementi olacaq. Bu isə təşkilatın iqtisadi və geosiyasi çəkisini əhəmiyyətli dərəcədə artıracaq.
Azərbaycan həm də humanitar və mədəni inteqrasiya sahəsində fəal rol oynayır. TÜRKSOY, TURKPA, Türk Akademiyası və digər qurumlarla birgə görülən işlər ortaq kimlik və dəyərlər sistemini daha da möhkəmləndirir, türk xalqları arasında mənəvi birliyi gücləndirir.
Bütün bu fəaliyyətlərdən əlavə, Azərbaycanın TDT-yə verdiyi real töhfələr təşkilatın gücünü daha da artırır. Bakı yalnız simvolik liderlik göstərmir, həm də birliyin maliyyə, diplomatik və strateji dayağıdır. Azərbaycan TDT-nin fəaliyyətinə davamlı maliyyə dəstəyi göstərir, institusional quruculuğunu dəstəkləyir, Orta Dəhliz və digər infrastruktur layihələrində öncül rol oynayır, həmçinin mədəni və humanitar proqramların əsas təşəbbüskarıdır. Bütün bu amillər Azərbaycanın təşkilatın lokomotiv ölkəsi, strateji dayağı və inteqrasiya prosesi üçün mühərrik kimi rolunu daha qabarıq şəkildə ön plana çıxarır.
Azərbaycanın aparıcı rolunu xüsusilə son illərdə keçirilən yüksək səviyyəli görüşlər — Şuşa və Qəbələ Zirvələri daha aydın göstərdi. 2024-cü ilin iyul ayında Azərbaycanın ev sahibliyi ilə Şuşada Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə Görüşü keçirildi. Bu görüş həm simvolik, həm də strateji əhəmiyyət daşıyırdı. Qarabağın tacı sayılan Şuşa şəhərinin seçilməsi təsadüfi deyildi — bu qərar Azərbaycanın azad edilmiş ərazilərinin regionun siyasi mərkəzinə çevrildiyini nümayiş etdirirdi. Zirvə görüşündə türk dövlətləri arasında siyasi koordinasiyanın gücləndirilməsi, təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi, Orta Dəhliz layihələrinin gələcək mərhələsi və ortaq informasiya məkanının qurulması kimi vacib məsələlər müzakirə olundu. Şuşa Zirvəsi Azərbaycanın TDT daxilində nüfuzunu və təşəbbüskar rolunu daha da artırdı, həm də gələcək inteqrasiya proseslərinin konturlarını müəyyənləşdirdi.
Bu strateji kurs 7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilən XII Zirvə Görüşü ilə davam etdirildi. Qəbələ Zirvəsi sadəcə növbəti toplantı deyil, türk dünyasının siyasi həmrəyliyini gücləndirən, inteqrasiyanın dərinləşməsinə yönələn tarixi hadisə kimi yadda qaldı. Burada qəbul edilən qərarlar nəqliyyat, təhlükəsizlik, informasiya, təhsil və innovasiya sahələrində əməkdaşlığın yeni mərhələsini başlatdı.
Türk Dövlətləri Təşkilatının gələcəyi artıq yalnız mədəni birlik üzərində qurulmur. Bu, iqtisadi güc, təhlükəsizlik əməkdaşlığı və siyasi təsir mexanizmlərinə malik regional blokdur. Orta Dəhlizin tam reallaşması, Zəngəzur dəhlizinin açılması, texnoloji və elmi əməkdaşlıq platformalarının formalaşması türk dövlətlərinin birliyini möhkəmləndirəcək və onu qlobal geosiyasətdə mühüm oyunçulardan birinə çevirəcək. Azərbaycan bu modelin mərkəzində dayanan əsas ölkələrdən biridir. Onun sabit siyasi mühiti, strateji mövqeyi və aktiv diplomatik fəaliyyəti türk birliyinin həm dayağı, həm də inkişaf lokomotivi rolunu gücləndirir.
Türk Dövlətləri Təşkilatı bu gün artıq ideoloji çağırışlardan kənara çıxaraq real siyasi və iqtisadi təsir gücünə malik strateji blok kimi formalaşır. 2009-cu ildə Naxçıvanda qoyulan təməl 2025-ci ildə Qəbələdə daha möhkəm, konkret hədəflərlə təsdiqləndi. Azərbaycanın bu birliyin formalaşması və inkişafındakı rolu təkcə tarixi məsuliyyət deyil, həm də siyasi iradə və strateji liderlik göstəricisidir. Qəbələ Zirvə Görüşü bu rolu daha da gücləndirərək türk birliyinin gələcək istiqamətini müəyyənləşdirdi.

Ülvi Fərzəliyev
YAP Neftçala rayon təşkilatının sədri

Digər xəbərlər