PDF Oxu

Siyasət

  • 1 511

“TDT regionda sülhün, inkişafın və ortaq gələcəyin təminatçısıdır” - ŞƏRH OLUNDU

image

“2025-ci il oktyabrın 7-də Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü keçirildi. Bu mühüm beynəlxalq tədbir günün ən diqqətəlayiq hadisələrindən biri kimi tarixə düşdü. Zirvə görüşü Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasının daha da güclənməsinə, ortaq maraqların qorunmasına və gələcək əməkdaşlığın möhkəmlənməsinə xidmət etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı tədbirin əsas məqamlarından biri oldu. Prezidentin vurğuladığı kimi, Türk Dövlətləri Təşkilatı bu gün artıq ciddi və təsirli beynəlxalq qurumlardan birinə çevrilmiş, dünya geosiyasi məkanında özünəməxsus yer tutmağa başlamışdır. Bu təşkilat türk dövlətlərini birləşdirir, onları dil, din və ortaq dəyərlər ətrafında daha da yaxınlaşdırır, həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə qarşılıqlı maraqları əhatə edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, dövlətlərin güclənməsi imperialist məqsədlər daşımır əksinə, bu güclənmə hər bir xalqın öz maraqlarını qorumaq, müstəqilliyini təmin etmək və regional sabitliyə töhfə vermək məqsədi daşıyır: “Türk Dövlətləri Təşkilatının məhz bu prinsiplər üzərində formalaşması onun beynəlxalq nüfuzunu artıran əsas amillərdəndir.Azərbaycan, təşkilatın yaranmasından etibarən, onun güclənməsi, möhkəmlənməsi və nüfuzunun artması istiqamətində mühüm rol oynamışdır. Zirvə görüşləri hər dəfə üzv dövlətlər arasında dostluq və qarşılıqlı etimadın dərinləşməsinə xidmət edir. Bu görüşlərdə heç bir dövlətə qarşı iddia irəli sürülmür, ərazi mübahisələri gündəmə gətirilmir, əksinə, xalqlar arasında sülh və əməkdaşlıq ideyaları təşviq olunur. Bu, Türk Dövlətləri Təşkilatının sülhsevər xarakterini və region xalqlarının maraqlarına xidmət etdiyini bir daha sübut edir.Zirvə görüşündə Azərbaycan Prezidenti 2026-cı ildə ölkəmizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etmişdir. Bu təşəbbüs hazırkı dövrdə artan təhlükəsizlik çağırışları fonunda xüsusi əhəmiyyət kəsb edir. Prezidentin vurğuladığı kimi, hərbi güc hər bir dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün əsas təminatıdır. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə bu həqiqəti bir daha təsdiqləmişdir. Otuz ilə yaxın işğal altında qalan torpaqların azad edilməsi, bu ərazilərdə qısa zamanda bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi dövlətin gücünü və xalqın iradəsini nümayiş etdirir.Prezident İlham Əliyev həmçinin avqustun 8-də Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını ilin ən mühüm hadisələrindən biri kimi dəyərləndirmişdir. O, çıxışında bildirmişdir ki, ATƏT-in Minsk Qrupu fəaliyyətini itirmiş, Azərbaycan xalqına qarşı yönəlmiş siyasəti nəticəsiz qalmışdır. Azərbaycan öz torpaqlarını güc yolu ilə azad etmiş və bu prosesdə şəhidlərin fədakarlığını unutmamışdır. Prezidentin vurğuladığı kimi, Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətlər və işğal siyasəti gələcək nəsillərin yaddaşında qalmalı, dərsliklərdə öz əksini tapmalıdır.Zirvə görüşündə həmçinin Türk dövlətlərinin Şərq, Şimal və Cənub nəqliyyat dəhlizlərində fəal iştirak etməsi, enerji və bərpa olunan enerji sahələrində – günəş, külək və su elektrik stansiyalarının inkişafı istiqamətində əməkdaşlıq məsələləri də müzakirə olunmuşdur.Tədbirin sonunda Prezident İlham Əliyev iki mühüm məsələni xüsusi qeyd etmişdir. Birincisi, 2026-cı ildə Türkoloji Qurultayın 100 illiyinin təntənəli şəkildə qeyd edilməsi və bu münasibətlə genişmiqyaslı elmi tədbirin Azərbaycanda keçirilməsi təklif olunmuşdur. İkincisi, Qarabağ və Şərqi Zəngəzurun bərpasına dəstək göstərən qardaş dövlətlərə təşəkkür ifadə edilmişdir. Bu dəstəyin bariz nümunəsi kimi, Füzulidə Mirzə Ulugbək adına məktəb (Özbəkistan), Ağdamda Manas Yaradıcılıq Mərkəzi (Qırğızıstan), Fizulidə məscidin təməlinin qoyulması (Türkmənistan) və Cəbrayılda Macarıstan tərəfindən tikilən məktəb göstərilə bilər. Həmçinin Türkiyə şirkətləri tərəfindən Qarabağda tunellərin, körpülərin və yolların inşası qardaşlıq münasibətlərinin praktik təzahürüdür.Azərbaycan dövləti və xalqı bu qardaş dəstəyi yüksək qiymətləndirir və dost dövlətlərin həmrəyliyini heç vaxt unutmur. Qəbələ Zirvə Görüşü bir daha sübut etdi ki, Türk Dövlətləri Təşkilatı regionda sülhün, inkişafın və ortaq gələcəyin təminatçısıdır”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər