Prezident İlham Əliyev: "Bu il təkcə iqtisadi-ticari münasibətlər deyil, həm də bütün istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edir"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı qarşılıqlı münasibətlərin yüksələn bir xətlə inkişafda olduğunu göstərir. "Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm. Bu ilin iyununda Laçında "MDB-nin mədəniyyət paytaxtı İli"nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib", - deyə Azərbaycan Prezidenti çıxışında bildirib.
Azərbaycanın işğaldan azad olunan dilbər guşələrindən olan Şərqi Zəngəzur rayonunun Laçın şəhəri MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilmişdi. Bu, hər bir azərbaycanlıda məmnunluq və fəxarət hissi oyadır. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Laçın rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı İlham Əliyevin nəzarəti altındadır. Azad Laçına Azərbaycan Prezidentinin səfərləri zamanı dövlət başçısı təməlqoyma və açılış mərasimlərində iştirak edir, aparılan işlərlə yerindəcə tanış olur, tapşırıq və tövsiyələrini verir. Məlumdur ki, dekabrın 1-i 2020-ci il tarixində Laçın rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu, Azərbaycan Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapmış oldu. Bildiyimiz kimi, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdışın ilk karvanı yola düşmüşdü. Böyük Qayıdışın ilk sorağı Ağalı kəndinə əhalinin köçürülməsi oldu. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi əsasən, daha ağır şəraitdə yaşayanlardır.
Çox keçmədi ki, köç karvanları Laçına da yol aldılar. Bu gün Laçınımız abadlıq-quruculuq meydanına çevrilib. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli sakinlərin bu torpaqda rahat, firavan yaşamasına istiqamətlənib.
"BU QƏBİLDƏN TƏDBİRLƏR MDB MƏKANINDA VƏ ONUN HÜDUDLARINDAN KƏNARDA DOSTLUĞU, ƏMƏKDAŞLIĞI MÖHKƏMLƏNDİRİR"
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında III MDB Oyunlarına da toxunaraq bildirib ki, birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu: "Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir".
Dünyanın idman arenasında, artıq özünə layiqli yer tutan Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi edir. Buna son on bir ildə Azərbaycanın dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilməsi imkan verib. Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə bundan qaynaqlanırdı. İlk Oyunların Bakıda keçirilməsi böyük nailiyyət oldu. "Bakı-2015" ilk Avropa oyunlarının qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə, yüksək tolerantlıq mühitinə və qonaqpərvərliyə malik olan Azərbaycanda keçirilməsinin əhəmiyyəti danılmazdır. Belə oyunları ilk dəfə təşkil etmək Azərbaycan üçün şərəfli olduğu qədər də məsuliyyətli idi. Dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilən Azərbaycanda dünyanın idman ictimaiyyətinin diqqətini çəkən ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkili ölkəmizin iqtisadi gücünü də ortaya qoymuş olur.
Azərbaycanda III MDB Oyunlarının keçirilməsi Gəncə şəhərini idman paytaxtına çevirdi. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində təşkil olundu.
"SİZ ŞƏXSƏN İSTİNTAQIN GEDİŞİNƏ NƏZARƏT EDİRSİNİZ VƏ BİZİM HEÇ BİR ŞÜBHƏMİZ OLMAYIB Kİ, O, BÜTÜN MƏSƏLƏLƏRİ OBYEKTİV ARAŞDIRACAQ"
Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır.
Danışıqların böyük hissəsi son illərdə Rusiya-Azərbaycan münasibətlərinin ən ciddi sınağına çevrilmiş AZAL təyyarəsinin qəzasının araşdırılmasına həsr olunub. V.Putin faciədən sonra Prezident İlham Əliyevin irəli sürdüyü tələblərin yerinə yetirildiyini faktiki olaraq təsdiqləmiş oldu. Putin faciənin Rusiya səmasında baş verdiyinə görə üzrxahlıq etdiyinin xatırtlatdı, bu məsələdə ölkəsinin məsuliyyət daşıdığını etiraf etdi. Eyni zamanda, zərərçəkən ailələrə kompensasiya ödəniləcəyini və günahkarların cəzalandırılacağını bildirdi. "Azərbaycan Hava Yollarının təyyarəsinin keçən ilin dekabrında qəzaya uğraması ilə bağlı faciə haqqında ətraflı informasiyaya görə xüsusilə təşəkkür edirəm. Biz Sizinlə dərhal təmasa keçdik. Xatırlayırsınızsa, bu faciəli gündə mən Sankt-Peterburqda görüşə uçurdum və mənə məlumat verildikdə təyyarədən dərhal Sizə zəng etdim və bir-birimizə başsağlığı verdik. Həmçinin Sizdən MDB-nin qeyri-rəsmi sammitində iştirak edən həmkarlarımıza da obyektiv səbəblərdən bu tədbirdə iştirak edə bilməyəcəyimi çatdırmağınızı xahiş etdim. Eyni zamanda, bu vəziyyəti nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq, həmçinin komandalarımızın üzvləri daim təmasdadırlar. Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o, bütün məsələləri obyektiv araşdıracaq", - deyə Azərbaycan Prezidenti bildirib.
Gёrüşdə ticari-iqtisadi və digər sahələrə də toxunulub. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır. "Bu il təkcə iqtisadi-ticari münasibətlər deyil, həm də bütün istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edir, əmtəə dövriyyəsinin artımında yaxşı dinamika mövcuddur. Həmçinin bütün başqa istiqamətlər üzrə heç bir yerdə hər hansı gecikmə və yaxud geriləmə olmayıb. Əksinə, Sizinlə təsdiq etdiyimiz yol xəritələri uğurla həyata keçirilir", - deyən Prezident bildirib ki, bu yaxınlarda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, həmsədrlər təkcə iqtisadi-ticari deyil, bütün məsələlərin geniş spektrini ətraflı müzakirə ediblər.
Xatırlatmaq yerinə düşər ki, Rusiya Federasiyası və Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilə, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamə və s. bu əlaqələrin təməlinin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edir. Dövlətlərarası siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Bu gün Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini, o cümlədən iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar, təhsil istiqamətləri nəzərdə tutur, eyni zamanda böyük həcmdə hərbi-texniki əməkdaşlığı əhatə edir. Azərbaycan – Rusiya birgə fəaliyyətləri istiqamətində Azərbaycan iqtisadiyyatına dörd milyarddan artıq birbaşa investisiyalar qoyulub. Azərbaycanda Rusiya kapitalı ilə 1270 müəssisə fəaliyyət göstərir.
Düşənbədə Prezident İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş Bakı-Moskva münasibətlərində yeni mərhələnin başlanğıcı hesab olunur.
Görüşdə müzakirə olunan məsələlər və liderlərin çıxışlarında diqqətçəkən məqamlar bunu deməyə əsas verir.
Zümrüd BAYRAMOVA