PDF Oxu

Siyasət

  • 786

Böyük Qayıdış: dirçələn torpaqlarımızda yeni dövr

image

Prezident İlham Əliyev: "Bütün bu Qarabağ, Şərqi Zəngəzur ən inkişaf etmiş bölgələrdən biri olacaq - nəinki Azərbaycanda, dünya miqyasında"

"Bugünkü reallıq, bugünkü gün, o cümlədən ədalətin təntənəsidir. Ədalətə inanmaq və onu təmin etmək lazımdır. Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib. Bu torpaqların sahibləri bizik. Düşməni öz torpaqlarımızdan qovmuşuq və bu gün gözəl həyat qururuq". Bu fikirləri Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə bildirib. Beş il bundan əvvəl Cəbrayıl şəhəri 2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edildi. Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamına əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeyd olunur. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan azad edilib. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər kimi tariximizə həkk olundu. Həmin gün Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri işğaldan azad edildi. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın inamı və ordumuzun gücü qüdrəti ilə Zəfər tariximizi yazdıq. Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz Ermənistana böyük zərbə vurdu və əzəli torpaqlarımız işğaldan azad olundu. Bu gün Azərbaycan işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. "Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. 8 Noyabr - Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb. Azərbaycan xalqı mərd xalqdır, qəhrəman xalqdır, iradəli xalqdır, öz torpağına bağlı olan xalqdır. Biz sübut etdik ki, işğalla barışmaq fikrində deyildik, halbuki bunu dəfələrlə bəyan etmişdik. Döyüş meydanında 300-dən çox şəhər, qəsəbə, kənd azad edildi və Ermənistan kapitulyasiya aktına imza ataraq təslim olmağa məcbur oldu. O gündən bu yana quruculuq işləri ilə məşğuluq. Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır", - jeyə Azərbaycan Prezident bildirib. Bu gün 50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır. Onlardan təqribən 20 mini keçmiş köçkünlərdir və digərləri isə müxtəlif işlərdə çalışanlardır. "Böyük Qayıdış"ın əyani sübutu bu gün gözünüzün önündədir", - deyə Prezident diqqətə çatdırıb ki, belə gözəl şərait yaratmaqla Azərbaycan dövləti bir daha öz siyasətini göstərir: "İşğal dövründə ovaxtkı köçkünlərlə çoxsaylı görüşlərimdə mən demişdim ki, torpaqlar işğaldan azad olunandan sonra şəhərlərimiz, kəndlərimiz yenidən qurulacaq, əvvəlkindən daha gözəl olacaq. Bugünkü gün bu sözlərin əyani sübutudur. Bu gün sizin həyatınızda yeni dövr başlayır. Siz uzun illər - 30 il ərzində ağır şəraitdə köçkün, qaçqın həyatını yaşamısınız, mənəvi əzablar çəkmisiniz. Xüsusilə işğalın ilk mərhələsində köçkünlərin mütləq əksəriyyəti çadır şəhərciklərində yerləşmişdir."

"HOROVLU KƏNDİ VƏTƏN MÜHARİBƏSİNİN İLK HƏFTƏSİNDƏ ERMƏNİ İŞĞALINDAN AZAD EDİLMİŞDİR"

Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqustun 23-də işğal edilib. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib. Cəbrayıllı keçmiş məcburi köçkünlər respublikamızın 58 rayonu üzrə 2 minədək yaşayış məntəqəsində, eləcə də qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdır. İşğala məruz qalarkən rayonun 52 min nəfər əhalisi olub. Cəbrayıldan Birinci Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. Rayonun 6 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 1050 kvadratkilometri əhatə edən Cəbrayıl rayonunun ərazisi, o cümlədən 100-ə yaxın kənd, 72 ümumtəhsil məktəbi, 150 mədəniyyət ocağı, 132 tarixi abidə işğal vaxtı vəhşicəsinə talan edilib, dağıdılıb. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz torpaqlarımızı erməni təcavüzkarlarından azad edərək işğala son qoydu. "Horovlu kəndi Vətən müharibəsinin ilk həftəsində erməni işğalından azad edilmişdir və əslində, bizim Zəfər yürüşümüz bu bölgələrdən başlamışdır. Cəbrayıl, Füzuli istiqamətində irəli gedən bizim əsgər və zabitlərimiz düşmənin bir neçə müdafiə xəttini yara bilmiş, beləliklə, gələcək Zəfər yürüşümüzü şərtləndirmişlər. Allah şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim bizim qəlbimizdə yaşayır, yaşayacaq", - deyə dövlət başçımız bildirib.

"İNDİ HOROVLU KƏNDİ GÖZ OXŞAYIR"

Bu gün işğaldan azad olunan digər ərazilərimiz kimi, Cəbrayıl da yeni dövrünə qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib. Xatırladaq ki, bu kəndin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoyub. Ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilib. Kənddaxili yollara asfalt döşənib. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi evin, 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış "Əsgər", "Şığı", "Orta", "Gülqasım" və "Xəlifə" kəhrizləri bərpa edilib. Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlər hesabına təmin olunacaq.

Qeyd edək ki, burada inşa olunmuş körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Bağçada yeməkxana, oyun və musiqi otaqları balacaların ixtiyarına veriləcək. Bundan başqa, binada inzibati, kompüter və metodika otaqları yaradılıb. Bağçanın ərazisində uşaqların asudə vaxtlarını maraqlı keçirmələri üçün də şərait yaradılıb. Horovluda müasir tam orta məktəb binası da tikilib. Məktəb binasında tədrisin yüksək səviyyədə aparılması üçün geniş imkanlar mövcuddur. Təhsil ocağının sinif otaqları lazımi dərs vəsaiti və avadanlıqla təchiz olunub. Burada 26 sinif otağı, kimya, fizika, biologiya və informatika, musiqi, rəsm, hərbi hazırlıq otaqları, 4 laboratoriya, kitabxana şagirdlərin ixtiyarına veriləcək. Binada 180 yerlik akt zalı, qapalı idman zalı və yeməkxana da yaradılıb. Məktəbin ərazisində açıq idman meydançası da mövcuddur. "Dövlət sizin üçün bütün şəraiti yaradıb. İndi Horovlu kəndi göz oxşayır. Çox gözəl binalar, məktəb, uşaq bağçası, tibb məntəqəsi və iş yerləri yaradılır. Evlərin sayı 334-dür və burada birinci mərhələdə 1400 insan məskunlaşacaq. Məndə olan məlumata görə, işğala qədər Horovlu kəndində 1500 adam yaşayırdı. İndi təbii ki, ailələr böyüyüb və horovluluların sayı 2 mindən bir qədər çoxdur. İkinci mərhələdə digər vətəndaşlar üçün də evlər tikiləcək. Ancaq hesab edirəm ki, birinci mərhələdə görülən bu işlər təqdirəlayiqdir. Burada rahat, xoşbəxt həyat sürmək üçün bütün imkanlar var", - deyə Prezident sakinlərlə görüşündə bildirib. Eyni zamanda, burada Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib. Torpaq işləri zamanı aşkarlanmış təbii qayalar parka daşınaraq landşaft dizaynının bir hissəsi kimi istifadə olunub. Ərazidə "Əsgər" kəhrizinin su anbarı əsaslı təmir edilib, dekorativ landşaft yaradılıb. Həmçinin parkın ərazisində işğal zamanı dağıdılmış 4 bina tarixi yaddaşın qorunması, həmin dövrün izlərini və reallıqlarını gələcək nəsillərə çatdırmaq üçün əyani sübut kimi saxlanılıb.

Bundan başqa, kənddə ikimərtəbəli inzibati bina inşa edilib. Binada operativ idarəetmənin və qərarların səmərəli qəbulunun təmin edilməsi məqsədilə müasir situasiya mərkəzi yaradılıb. Mərkəzdə kəndin idarəetməsində Coğrafi İnformasiya Sisteminin (CİS) tətbiqi də nəzərdə tutulur. Kəndin Baş planının CİS platformasına inteqrasiya edilməsi yaşayış məntəqəsinin səmərəli planlaşdırılmasına və idarə edilməsinə imkan verəcək. Bütün torpaq sahələri, tikililər, yollar, su, enerji, qaz, rabitə xətləri bu platformada koordinatlarla yerləşdirilib. Platforma dizayn və tikinti proseslərini izləməyə, dəyişiklikləri xəritəyə tətbiq etməyə, müxtəlif situasiyalara uyğun qərar qəbul etməyə, üçölçülü (3D) bina modelləri, real vaxtda kamera məlumatlarına çıxış imkanları olduğundan mövcud vəziyyəti həm xəritədə, həm də sistem üzərində birbaşa müşahidə etməyə imkan yaradır. Dövlət və özəl qurumlarla inteqrasiya, məlumat mübadiləsi, hesabatlılıq və vizual təqdimatlar baxımından platformanın istifadəsi müasir idarəetmədə innovativ həll hesab olunur.

Cəbrayıl rayonunun Horovlu kəndində yaradılmış şəraitlə tanış olan dövlətimizin başçısı kəndə köçən sakinlərlə görüşərək, onlara mənzillərin açarlarını təqdim edib.

Azərbaycan Prezidenti İlham Əliyev səfəri çəərçivəsində Cəbrayıl şəhər məscidinin təməlini qoyub. Məscidin ümumi sahəsi 1530 kvadratmetrdən çox olacaq. Burada eyni vaxtda 615 nəfər ibadət edə biləcək. İkimərtəbəli məscid binasında eyni anda kişilərin və qadınların ibadət etmələri üçün şərait olacaq. Məsciddə icma zalı, avtomobil dayanacağı, söhbətgah yaradılacaq. Məscidin minarələrinin hündürlüyü 34,2 metr, günbəzin hündürlüyü isə 22,6 metr olacaq.

Qeyd edək ki, işğaldan əvvəl Cəbrayıl rayonunda 5 məscid, 40-dan çox ziyarətgah, 20-dən artıq tarixi-memarlıq abidəsi olub. İşğal dövründə digər ərazilərimizdə olduğu kimi, bu rayondakı tarixi-dini abidələrimiz ermənilər tərəfindən məhv edilib. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağın və Şərqi-Zəngəzurun tarixi-dini və mədəni abidələrinin bərpası, yenilərinin inşası istiqamətində Azərbaycan dövləti tərəfindən mühüm işlər görülüb. Bu xüsusda 2017-ci ildə Cocuq Mərcanlı kəndində inşa edilən, Şuşa məscidinin bənzəri olan məscidi qeyd etmək olar.

2040-CI İLİN SONUNA QƏDƏR CƏBRAYIL ŞƏHƏRİNDƏ 15 000 SAKİN YAŞAYACAQ

Erməni vandalları, təcavüzkarları tərəfindən dağıdılmış əraziləri yenidən qurmaq böyük güc, potensial və zaman tələb edir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" və "İşğaldan azad edilmiş ərazilərin Ümumi planı"na əsasən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yerləşən yaşayış məntəqələrinin Baş planları hazırlanıb. Cəbrayıl şəhərinin Baş planına əsasən, şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3 800 nəfərin şəhərdə yerləşəcəyi nəzərdə tutulub. 2040-cı ilin sonuna qədər isə Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır. Prezident İlham Əliyevin Cəbrayıl rayonuna tarixi səfərləri bir sıra hadisələrlə yaddaşa köçdü. Cəbrayılın işıqlı gələcəyi üçün təməllər qoyuldu. Dövlət başçımız tərəfindən təməli qoyulan Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış kompleksləri əlamətdar hadisələrdən biridir. İkinci yaşayış kompleksi 5,28 hektar ərazidə salınacaq. Layihə çərçivəsində 5 və 6 mərtəbəli 23 bina inşa ediləcək. Binalarda bir, iki, üç, dörd və beş otaqdan ibarət ümumilikdə 615 mənzil olacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılacaq. Dövlətimizin başçısı daha sonra şəhərdə inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlini qoyub. Bu kompleksin də ümumi sahəsi 5 hektardan artıqdır. Burada 5, 6 və 7 mərtəbəli 25 binanın tikintisi planlaşdırılır. Layihəyə əsasən binalarda bir, iki, üç, dörd və beşotaqlı olmaqla 746 mənzilin inşası nəzərdə tutulur.

Hər iki kompleks müasir standartlara uyğun şəkildə tikiləcək, zəruri sosial infrastrukturla təchiz ediləcək və Cəbrayıl şəhərinin bərpası istiqamətində atılan növbəti mühüm addım olacaq.

"BURADA İSTEHSAL OLUNACAQ GÜNƏŞ ENERJİSİ BÜTÜN BU BÖLGƏNİ TƏMİN EDƏCƏK"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Hacıqabul-Bəhrəmtəpə-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan "Şəfəq" Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak edib. IV texniki dərəcəyə uyğun inşa edilən yolun ümumi uzunluğu 11,5 kilometrdir. İki hərəkət zolağından ibarət yolun eni 6 metrdir. Bu yolun inşası ötən ilin dekabrında Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Qeyd edək ki, yeni yolun istifadəyə verilməsi bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə, əhalinin rahat gediş-gəlişinin təmin edilməsinə öz töhfəsini verəcək.

"Cəbrayıl rayonunda iş yerləri də yaradılır. "Araz Vadisi" sənaye zonası artıq fəaliyyətdədir. Orada üç müəssisə fəaliyyət göstərir. Amma yaxın gələcəkdə onların sayı təqribən 20-yə çatacaqdır. Yəni, iş yerləri ilə bağlı burada heç bir problem olmayacaq", - deyən Prezident bildirib ki, Cəbrayıl şəhərində bu gün iki Günəş Elektrik Stansiyasının təməli qoyulacaq: "Üçüncü, ən böyüyü isə artıq icra müddətindədir. Onu da bildirməliyəm ki, bu bölgənin çox gözəl kənd təsərrüfatı potensialı var. Eyni zamanda, burada Günəş enerjisi də istehsal olunacaq. Burada istehsal olunacaq Günəş enerjisi bütün bu bölgəni təmin edəcək. Çünki Cəbrayıl və Zəngilan rayonlarında icra edilmiş və ediləcək Günəş və su elektrik stansiyalarının gücü təqribən 400 meqavata çatacaq. Yəni, 400 meqavat böyük bir şəhərin tələbatını ödəyən gücdür".

Prezident Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan "Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarının təməlini qoyub. Bu layihə ölkəmizin yaşıl enerji strategiyasının mühüm tərkib hissəsidir və Cəbrayıl rayonunun enerji xəritəsində yeni mərhələnin başlanğıcını qoyur. Stansiyalarda istehsal ediləcək elektrik enerjisinin 75 milyon kilovat-saatı "AzərEnerji" ASC-yə, 131 milyon kilovat-saatı isə "elektrik enerjisinin virtual ötürülməsi" prinsipi əsasında iri istehlakçılarla birbaşa bağlanan alqı-satqı müqavilələri üzrə satılacaq. "Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarının 2027-ci ildə istismara verilməsi planlaşdırılır.

Bu layihələrin icrası Şərqi Zəngəzurun yaşıl enerji mərkəzinə çevrilməsində Cəbrayıl rayonunun rolunu daha da gücləndirəcək.

Bu gün Böyük Qayıdış çərçivəsində doğma yurda qayıdan əzəli sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Azərbaycan Prezidentinin bildirdiyi kimi, "Bütün bu Qarabağ, Şərqi Zəngəzur ən inkişaf etmiş bölgələrdən biri olacaq - nəinki Azərbaycanda, dünya miqyasında".

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər