Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın gələn il Avropa Birliyinə qoşulacağını gözlədiyini bildirib. Zelenski bunu Avstriya Kansleri Kristian Ştokerlə söhbətdən sonra sosial mediada yazıb. Ukrayna Prezidenti qeyd edib ki, Avstriya Kansleri ilə söhbət zamanı Ukraynadakı enerji vəziyyəti müzakirə olunub: “Avstriya Kansleri Kristian Ştokerlə söhbətim zamanı Ukraynadakı mövcud enerji vəziyyətini müzakirə etdik. Rusiya hər gün enerji infrastrukturuna hücum edir, ukraynalıları elektrik enerjisi və istiliksiz qoymağa çalışır. Tərəfdaşlarımızın buna reaksiya verməsi vacibdir. Buna görə də, Avstriyanın ötən həftə enerji sektorumuza dəstək vermək üçün vəsait ayırmasını yüksək qiymətləndiririk. Təşəkkür edirik. Biz həmçinin enerji sistemimizi dəstəkləməyin digər yollarını da müzakirə etdik”.
Ukrayna prezidentinin sözlərinə görə, Stokerlə söhbətində o, Ukraynanın Aİ-yə qəbulunun 2027-ci ilin konkret müddəti ərzində baş tutmasını təmin etmək üçün tərəfdaşlarının dəstəyinə ümid etdiyini bir daha vurğulayıb: “Mən onu həmçinin ötən həftə Əmirliklərdə keçirilən Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətlərinin üçtərəfli görüşləri barədə məlumatlandırdım. Biz əsasən hərbi məsələləri müzakirə etdik və təhlükəsizlik zəmanətlərini də müzakirə etdik. Ukraynanın Avropa İttifaqına qəbulu təkcə bizim üçün deyil, bütün Avropa üçün əsas təhlükəsizlik zəmanətidir. Avropanın birləşmiş gücü qismən Ukraynanın təhlükəsizliyə, texnologiyaya və iqtisadiyyata verdiyi töhfə sayəsində mümkündür. Buna görə də biz konkret bir tarixdən - 2027-ci ildən danışırıq və tərəfdaşlarımızın mövqeyimizi dəstəkləməsini gözləyirik. Mən cənab Kansleri dialoqumuzu şəxsən davam etdirmək üçün Ukraynaya səfər etməyə dəvət etdim”.
İlham