Beş il öncə, 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərin ikinci ildönümünə artıq sayılı günlər qalır. Böyük Zəfərimizdən iki gün əvvəl Şuşa azad olundu. Noyabrın 8-də Milli ordumuzun qəhrəman əsgərləri möcüzələr diyarı Şuşanı elə möcüzəli şəkildə də işğalçılardan təmizləyib, xilas etdilər.
Biz Şuşamızı Tanrının xüsusi zövqlə yaratdığı, Qarabağın baş tacı etdiyi, dağların sinəsinə sığdırdığı, heyrətamiz gözəlliklər, eyni zamanda bu gözəlliklər fonunda həm də möcüzəvi təbiət bəxşişi kimi tanıyırıq. El arasında belə bir söz var: Tanrının xoş saatına düşmək. Bax Şuşanın yaranması da Tanrının xoş zamanına düşüb. Çünki o, tək bir parça torpaq, bir məkan, yurd yeri deyil, o, həm də, sözün həqiqi mənasında, möcüzələr diyarıdır. Bu möcüzələr diyarının işğalı da, işğaldan azad olunması da elə bir möcüzə olmuşdur. Bu möcüzələrdən söhbət açaq...
28 il əvvəlki möcüzə
Şuşa azad olunanda 28 il yarım idi ki, əsarətdə-düşmənin murdar əlində idi. 28 ilin əvvəlində o, bir təsadüf nəticəsində işğal olunmuşdu. Yadımdadır, o zamanlar hamı “bu, bir möcüzədir”, deyirdi. Çünki bu sözləri söyləyən insanlar dəfələrlə Şuşada olmuşdular. Onun hansı coğrafi mövqedə yerləşdiyini, düşmənin onu heç vaxt işğal edə bilməyəcəyini yaxşı bilirdilər. Bəs necə olmuşdu ki, Şuşa belə asanlıqla işğal olunmuşdu? Düşmən bunu necə bacarmışdı?
Şuşanın işğalı barədə televiziya vasitəsilə məlumat alan insanların hər biri böyük kədər, qəm-qüssə içərisində bunun nə cür baş verdiyini müzakirə edir, bir qənaətə gələ bilmirdilər. Gələ bilməzdilər də. Çünki hələ sonralar Şuşanın satılması, hazır tikə kimi düşmənin ağzına qoyulması bilinəcəkdi. Bilinəcəkdi ki, dövlətimizin ozamankı səriştəsiz, vəzifəpərəst ünsürləri özlərini qorumaq, vəzifədə qalmaq üçün bir oyuna giriblər. Bu, torpaq oyunu idi. Azərbaycanın qədim, əzəli torpaqları qoyulmuşdu bu oyuna. Oyundan erməni qalib olaraq çıxacaqdı. Bu, əvvəlcədən hazırlanmış plana görə belə idi. Uduzan isə səriştəsiz rəhbərlərin sayəsində xalqımız olmalı idi və oldu da. Bir-birinin ardınca torpaq idi ki, gedirdi, düşmənin tapdağı altına verilirdi. Baxmayaraq ki, minlərlə şəhidimiz, qazimiz oldu, bu torpaqları son nəfəslərinədək müdafiə etdilər, lakin bir faydası olmadı. Çünki plan həyata keçirilirdi. Və biz bu planda çoxdan uduzan tərəf idik. Bütün bunlardan isə xalq xəbərsizdi. Xəbəri olacaqdı, çox yaxın zamanda olacaqdı. Lakin o zaman torpaqlarımız çoxdan işğal altına verilmiş olacaqdı.
Şuşanın müdafiəsini Tanrı özü onu yaradarkən bəxş etmişdi. Şuşa sanki öz kürsüsündə oturan xan, düşmən isə onun ətrafındakılar idi. Bax elə möcüzə də burada idi ki, bu ətraf xanı öz məqamından necə endirə bilərdi? Təbii ki, yalnız arxadan vurulan zərbə və satqınlıqla... Elə insanların Şuşanın işğalına möcüzə kimi baxması da bu səbəblərdən idi. Çünki o, belə asanlıqla alına bilməzdi.
Bəli, 2020-ci ildə artıq düz 28 il yarım idi ki, Şuşa bizim əlimizdən satqınlıqla getmişdi.
28 il sonrakı möcüzə
İşğal altındakı torpaqlarımızı hər zaman təəssüf hissi ilə anan, onların geri qaytarılmasına böyük inam bəsləyən Ümummilli Lider Heydər Əliyev ömrünün sonunadək bu sözləri dedi: “Hər bir azərbaycanlı bilməlidir və hazır olmalıdır ki, əgər bizim bütün cəhdlərimiz nəticə verməsə, nəyin bahasına olursa-olsun, canımızın, qanımızın bahasına olsa da, işğal olunmuş torpaqlarımızı azad etməli, Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməliyik. Bu, qarşımızda duran vəzifədir və biz onu nəyin bahasına olur-olsun yerinə yetirəcəyik”.
Ulu Öndər torpaqlarımızın geri alınması üçün beynəlxalq aləmdə böyükmiqyaslı işlər həyata keçirdi. Lakin dünya susdu. 2020-ci ilə qədərki 17 ildə dövlətimizin başçısı da eyni Ulu Öndər kimi bu istiqamətdə danışıqlar apardı, Qarabağ problemini beynəlxalq səviyyədə həll etməyə, düşmənin sülh yolu ilə torpaqlarımızdan çıxarılmasına çalışdı. Lakin dünya yenə də susdu. Mənfur düşmən isə hələ üstəlik yeni ərazilər işğal etmək xülyasına düşdü. Belə olanda isə Ulu Öndərimizin həm mənəvi, həm də siyasi varisi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni yerində oturtmağı bacardı. Şəhər, qəsəbə və kəndlərimiz qarış-qarış, kənd-kənd geri alındı. Biz övladlarımızı itirdik, lakin onların qanı ilə Azərbaycan tarixinin yeni səhifələrini yazdıq.
Bu səhifələrdə Şuşanın işğaldan azad olunması xüsusi yer tutur. Çünki bir möcüzə baş vermişdi. Düşmən əlində olan Şuşa böyük qətiyyətlə də qorunurdu. Düşmən ötən 28 ildə Şuşanın bütün sərvətlərinin, hüsnünün sahibinə çevrilmişdi. Onlar üçün Şuşa həqiqətən də möcüzə idi. Ömürlərində rastlaşmadıqları, görmədikləri bir möcüzə. Rahatlıqla, döyüşmədən əldə etdikləri bu möcüzəni əsla itirmək fikrində də deyildilər. Lakin gözləmədikləri yeni bir möcüzə baş verməkdə idi. 44 günlük Vətən Müharibəsinin son 10 günlüyündə qarşılaşacaqdılar bu möcüzə ilə. Və qarşılaşdılar da. Müharibədən sonra düşmən bəzi mətbuat orqanlarına müsahibələrində, söhbətlərində Şuşada möcüzə ilə üzləşdiklərini açıqca etiraf etmişlər. Onlar belə söyləyirlər ki, heç gözləmədiyimiz halda bir də gördük ki, Azərbaycan əsgəri Şuşadadır. Onlar buraya haradan, necə gəlmişdilər, biz onu düşünürdük.
Azərbaycan əsgəri Şuşaya addım-addım, gecə-gündüz sürünə-sürünə, sinəsini dağa-daşa sürtə-sürtə, əl-ayaqlarında daşlar yaralar aça-aça gəlib çıxmışdı. Bu, əsgərimizin nəyə qadir olduğunun göstəricisi idi. Bu, ürəyi torpaq sevgisi ilə dolu olan azərbaycanlı övladlarının əlbəyaxa döyüşü, texnikasız, silah-sursatsız bir taktikası idi. Bu, Milli Ordumuzun gücünün, Ali Baş Komandanımızın sərkərdəlik məharətinin, həmrəyliyimizin nümayişi idi. Bu barədə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edən cənab İlham Əliyev demişdir: ... Münaqişəyə son qoyan Azərbaycan əsgəri oldu, qəhrəman Azərbaycan əsgəri. Müharibənin son hadisələri məhz burada - Şuşada baş vermişdir. Sıldırım qayalara dırmaşaraq bizim qəhrəman əsgərlərimiz, zabitlərimiz demək olar ki, əlbəyaxa döyüşlərdə burada topla, tankla, artilleriya ilə silahlanmış Ermənistan ordusuna qalib gəldilər. Şuşa Zəfərindən sonra faktiki olaraq Ermənistan cəmi bir gün dirəniş, - əgər buna dirəniş demək mümkündürsə, - göstərməyə cəhd etmişdir və noyabrın 9-da artıq kapitulyasiya aktını imzalamağa hazır olduğunu bildirmişdir.
8 noyabr 2020-ci il. Qarabağın döyünən ürəyi Şuşanın azadlıq müjdəsini xalqına çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!
Şuşanın azadlığı həm də alınmaz qala olduğunu sübut etdi
Tarix də göstərib, zaman da sübut edib ki, Şuşanın işğalı mümkün olmayan məsələdir. Bəs necə olmuşdu ki, millətdən, Vətəndən, ordudan məhrum ermənilər bunu edə bilmişdilər? Elə yuxarıda bu məsələyə yenidən qayıtmaqda məqsədim bir daha xatırlatmaq idi ki, Şuşa işğal oluna bilməzdi. Tarixə nəzər salaq: Feodal müharibələri dövründə Şuşa bir neçə dəfə tarixin sınağından uğurla çıxaraq qalib gəlib. Bu qalaya hücum edən Məhəmməd Həsən xan Qacar, Fətəli xan, Ağa Məhəmməd şah Qacar onu ala bilməmişlər.
1747-ci ildə Pənahəli xan özünü bu torpaqların xanı elan edir və xanlıq ərazisini düşmən hücumlarından qorumaq məqsədilə mükəmməl qala tikdirməyi qərara alır. 1748-ci ildə Bayat qalası, 1752-ci ildə isə Şahbulaq qalası inşa edilmişdir. Lakin Pənahəli xan müharibələr dövründə əhalinin sığınması üçün daha etibarlı, üç tərəfi keçilməz sıldırım qayalarla əhatə olunmuş əlçatmaz dağ yaylasında yeni bir qala ucaltmağı qərara almışdır. Yeni qala ilk illərdə öz banisinin adı ilə “Pənahabad”, sonralar isə “Şuşa” adlandırılmağa başlanmışdır.
Beləliklə, tarixə, sərkərdələrə meydan oxuyan Şuşa alına bilməzdi, o, 1992-ci ildə düşmənə verilmişdi və 2020-ci ildə tarix yazan igidlərimiz tərəfindən geri alındı. O tək geri alınmadı, həm də alınmaz qala olduğunu sübuta yetirdi.
Şuşa Azərbaycan şəhəridir
1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz qoyduqları Şuşada bütün beynəlxalq hüquq normalarını pozaraq mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş və 600-ə yaxın tarixi-memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidlərini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ Dövlət Tarix Muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilmişdir.
Cənab İlham Əliyev fikirlərini belə davam etdirirdi: Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər. Bəli, Xirosima atom bombası nəticəsində məhv edildi. Ağdam və digər şəhərlər erməni vandallığı nəticəsində məhv edildi. Birinci Qarabağ müharibəsi dayanandan sonra 30 il ərzində binaları daş-daş söküb, daşıyıb satmışdılar və beynəlxalq təşkilatların hesabatlarında bu, var. Qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxarırdılar. Yəni, Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Ona görə gələn hər qonaq, azad edilmiş torpaqlara gedən hər qonaq erməni vəhşiliyini görür və görməlidir. Görməlidir ki, biz təkcə işğalçını yox, faşistləri məhv etdik. Onların Birinci Qarabağ müharibəsində, İkinci Qarabağ müharibəsində, iki müharibə arasındakı dövr ərzində bütün əməlləri faşist əməlləridir. Bizim dinc şəhərlərimizi müharibə dövründə ballistik raketlərlə atəşə tutmaq, insanları məhv etmək faşizm deyil, bəs nədir? “Tocka-U”, “SCUD”, “İskəndər-M” raketi ilə Şuşa vurulmuşdu. Qar əriyəndən sonra Şuşada, şəhərin mərkəzində “İskəndər-M” raketinin qalıqları aşkarlanmışdır və bir daha biz sübut etdik ki, Ermənistan bu ölümcül silahdan, qadağan edilmiş silahdan və onlarda heç cür olmayan silahdan istifadə edib. Buna inanmayanlar gəlib Hərbi Qənimətlər Parkında “İskəndər-M” raketinin qalıqlarını görə bilərlər.
Bəli, Şuşa Azərbaycan şəhəridir. Azərbaycan ordusu da bu şəhərin düşməndən azad olunması üçün mübarizə apardı və doğma şəhərini xilas etdi. Şuşa öz anasına-Azərbaycana qayıtdı.
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Ölkəmizin rəhbəri dəmir yumruğunu düşmənin başına endirməklə Qarabağa, onun baş tacı Şuşaya Zəfər gətirdi: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə-belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.
Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Şuşanın azadlığından sonra Cıdır düzündə “Xarıbülbül” Musiqi Festivalının keçirilməsi düşmənin bağrına dağ çəkdi. Azərbaycan musiqisinin heyrətamiz səsi dağ-daşa yayıldıqca, elə bil oyandı Şuşa, təşnəsi olduğu bu səslə sanki özünə qayıtdı. Bu səs düşmənin qulağına yara oldu. Bu səs Cıdır düzündən düşmənin murdar ayaqlarının izlərini sildi.
Daha sonra Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı, “Vaqıf Poeziya Günləri” nin keçirilməsi, Natəvanın bulağının bərpası, Zəfər yolu, elektrik enerjisi ilə təminatın yaxılaşdırılması, çoxsaylı quruculuq işləri, ən əsası isə Dünya Azərbaycanlılarının V Qurultayının və son 5 ildə çoxsaylı beynəlxalq və yerli tədbirlərin Şuşada keçirilməsi, hər biri yaxınlıqdakı düşmənin göz dağına çevrildi.
Şuşanın Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi, 2022-ci ilin “Şuşa ili” olması bizim qürurumuz, düşməninsə ölümüdür.
Bu qədim yurd indi novrağını yaşayır. Başını tik tutub, azadlığı ilə qürur duyur. Sənə başını bax, belə dik tutmaq yaraşır, Şuşa. Ey Qarabağın baş tacı, bundan sonra ta sən hər zaman belə qürurla yaşayacaqsan. Çünki bu gün dünyanın bəhs etdiyi Azərbaycanın bir yurdusan. Çünki sənin arxanda Azərbaycan xalqı, Ali Baş Komandan və Milli Ordumuz dayanır. Nə qədər ki, Azərbaycan var, sənin hər zaman üzün güləcək, Şuşa. Çünki bütün torpaqlarımız qalib ölkənin qalib ordusunun qoruması altındadır.
Mətanət Məmmədova