Azərbaycan xalqının tarix boyu daşıdığı ən ali arzulardan biri müstəqil şəkildə öz taleyinə sahib çıxmaq, torpaqları və sərvətləri üzərində hakimiyyət qurmaq, milli və mənəvi dəyərlərini qorumaq olmuşdur. Bu məqsədlər uğrunda aparılan mübarizə, zərbələrə sinə gərmək bacarığı və ideallara sədaqət xalqımızın milli kimliyini zamanın sınaqlarından keçirərək, bugünkü güclü dövlətçiliyimizin əsasına çevirmişdir. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası ilə bu arzular yeni mərhələyə qədəm qoydu. Lakin müstəqilliyin ilk illərində ölkədə mövcud olan siyasi xaos, dərin iqtisadi böhran və Ermənistanın işğalçılıq siyasəti ölkənin inkişafını əngəllədi. Bu ağır şəraitdə xalqın istəyi və çağırışı ilə ali siyasi rəhbərliyə qayıdan Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti qısa müddətdə ölkəni vətəndaş qarşıdurmasından xilas etdi, dövlətçiliyin möhkəmləndirilməsi yolunda ciddi dönüş nöqtəsi oldu.
Preambula, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olan Azərbaycan Respublikasının ilk konstitusiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunub, 1995-ci il noyabrın 27-də isə qüvvəyə minmişdir. Konstitusiyanın qəbul edilməsinin milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti var idi. Bu sənəd dövlətin siyasi-hüquqi strukturlarını, vətəndaşların hüquq və azadlıqlarını, eləcə də suverenliyin prinsiplərini konstitusion şəkildə təsbit etdi. Konstitusiya yalnız hüquqi baza olmaqla kifayətlənmədi, həm də cəmiyyətin milli ideya ətrafında səfərbər olunmasında, idarəetmə sisteminin modernləşməsində, hüquq və qanunun aliliyinin təmin olunmasında əsas rol oynadı. Bu səbəbdən də Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. Konstitusiyanın hüquq sistemində ali hüquqi qüvvəyə malik olması, onun digər normativ hüquqi aktlar üzərində üstünlüyünü təmin edir. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən, qanunvericilik və icra hakimiyyəti orqanlarının qəbul etdiyi bütün normativ hüquqi aktlar Konstitusiyaya uyğun olmalıdır. Bu prinsip hüquqi sabitliyin və normativ sistemin daxili harmoniyasının əsas təminatıdır. Konstitusiya yalnız hüquqi çərçivə yaratmaqla kifayətlənmir, o, həm də normativ legitimlik və qanunvericilik iyerarxiyasının müəyyənləşdirilməsi funksiyasını yerinə yetirir. Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını tanımaqla kifayətlənmir, eyni zamanda onların təminat sistemini də müəyyənləşdirir. Konstitusiyanın III fəsli bu hüquq və azadlıqların geniş aspektini ehtiva edir. Onların reallaşdırılması üçün Konstitusiya hüquqi müstəvidə dövlətin pozitiv öhdəliklərini müəyyən edir. Bu da onu göstərir ki, Konstitusiya yalnız normativ çərçivə deyil, həm də hüquqi müdafiənin fəal vasitəsi olmaqla, eyni zamanda beynəlxalq hüquq normalarının milli hüquq sisteminə inteqrasiyasını təmin edən vasitə kimi çıxış edir. Bu, Azərbaycanın hüquqi sistemində insan hüquqlarının universal və regional standartlara uzlaşdırılmasına şərait yaradır. Ümummilli lider Heydər Əliyev öz çıxışında qeyd etmişdir ki, Konstitusiya dövlətlə, hakimiyyətlə, xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir.
Müstəqillik dövründə üç dəfə – 2002, 2009 və 2016-cı illərdə – Konstitusiyaya əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər dövrün reallıqlarına uyğunlaşma, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, dövlət idarəetməsinin çevik və demokratik mexanizmlərlə təkmilləşdirilməsi baxımından vacib addımlar idi. Xüsusilə 2016-cı ildə keçirilmiş referendum nəticəsində Konstitusiyada məhkəmə və icra hakimiyyəti sahəsində aparılan yeniliklər, insan hüquqlarının daha geniş müdafiə mexanizmləri yaradıldı və hüquqi dövlətin təməli daha da möhkəmləndirildi.
Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci il respublikamızda "Konstitusiya və Suverenlik İli" elan olunub. Bu qərar Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan iki əsas hadisə - Azərbaycan Respublikasının Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü ilə bağlıdır. Milli dövlətçilik dəyərlərimizə, siyasi tariximizə ali ehtiramın təcəssümü olan qərar siyasi irsimizin, müstəqillik salnaməmizin, suverenlik mübarizəmizin, torpaqlarımızın azad edilməsi nəticəsində konstitusion hüquqlarımızın tam bərpasının dərindən öyrənilməsi və təbliği, bu istiqamətlərdə yeni siyasi-elmi araşdırmaların aparılması, yeni inkişaf mərhələsində qarşımızda dayanan ideoloji vəzifələrin müəyyən edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Bu sərəncam dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edərək, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət kimi dəyərləndirilə bilər.
Hazırda, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident cənab İlham Əliyev tərəfindən bütün sahələrdə islahatlar uğurla davam etdirilir. Həyata keçirilən sosial-iqtisadi və hüquqi islahatlar, beynəlxalq əlaqələrin inkişafı və hüquqi dövlət modelinin təşkili ölkəmizi Cənubi Qafqazın aparıcı dövlət statusuna yüksəltdi. Azərbaycan Respublikasının Konstitusiyasının preambulasında dövlətin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün qorunması ali məqsəd kimi qeyd olunmuşdur. Lakin bu müddəalar uzun illər ərzində işğal altında qalan ərazilərdə faktiki olaraq tətbiq oluna bilmirdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində və 2023-cü ilin sentyabrında antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Nəticədə Konstitusiyanın hüquqi qüvvəsi bütün ərazilərdə təmin edildi və bu, dövlət suverenliyinin praktik bərqərar olunması ilə nəticələndi. Ulu Öndərdən bizə miras qalan, onun siyasi kursunun layiqli davamçısı olan İlham Əliyev tərəfindən tam bərpa olunan, dövlət suverenliyinin qorunması hər bir Azərbaycan vətəndaşının borcu və vəzifəsidir.
Nuranə Qənbərova,
AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu Tarix şöbəsinin əməkdaşı