PDF Oxu

Siyasət

  • 469

Xalq-Lider birliyi milli güc amilidir

image

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibəti ilə tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli, partiyanın Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, rayon təşkilatının və partiyanın sosial media üzrə nümayəndələri, YAP Yasamal rayon təşkilatının aktiv gəncləri və fəalları iştirak ediblər.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar videoçarx nümayiş olunub.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının qəbulunun 30 illiyi və Vətən müharibəsində qazanılmış tarixi Qələbənin 5-ci ildönümünün qeyd olunduğu 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkəmizin inkişaf tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu il Azərbaycanın qarşısında açılan yeni imkanlar və formalaşan perspektivlər dövlətçilik tariximizin mühüm uğurlarının məntiqi davamıdır. Həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə həyata keçirilən siyasi, iqtisadi və diplomatik fəaliyyətlər qalib Azərbaycanın milli gücünün və artan nüfuzunun möhkəmlənməsinə yönəlib. Atılan addımlar tarixi Zəfərin möhkəmləndirilməsini davamlı və sistemli prosesə çevirərək real nəticələrlə müşayiət olunub. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən milli maraqlara söykənən praqmatik və uzaqgörən siyasət Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirib. Regional və qlobal miqyasda ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının genişlənməsi ölkəmizin dostluq və tərəfdaşlıq əlaqələrini yeni səviyyəyə yüksəldib. Xüsusilə formalaşmış yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən qəbul etdirilməsi Azərbaycanın qətiyyətli geostrateji iradəsinin və milli gücünün təzahürü kimi mühüm nailiyyət hesab olunur. Bu, ölkəmizə əlavə siyasi üstünlüklər qazandırmaqla yanaşı, mövqelərini daha da möhkəmləndirib. Qeyd edilib ki, Zəfər prosesi yalnız hərbi qələbə ilə məhdudlaşmayaraq bütün sahələrdə davam etdirilir. İctimai-siyasi müstəvidə milli həmrəyliyin qorunması və gücləndirilməsi əsas prioritetlər sırasında yer alır. Sosial-iqtisadi sahədə yeni imkanlar yaradılır, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması xüsusi diqqətlə həyata keçirilir. Paralel olaraq, tarixi və milli yaddaş yenilənir, mədəni irsimiz müasir dəyərlərlə uzlaşdırılaraq zənginləşdirilir. Qələbənin siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi istiqamətində də ardıcıl fəaliyyət aparılır. Bütün bu proseslər Azərbaycanın Zəfər yolunda inamla və qətiyyətlə irəlilədiyini təsdiqləyir. Əminliklə demək olar ki, ölkəmiz bundan sonra da qarşıya qoyduğu bütün strateji hədəflərə uğurla nail olacaq. Bu prosesdə də gənc nəslin yeri və rolu danılmazdır. Çıxışının sonunda Bəxtiyar Nəbiyev tədbir iştirakçılarını qarışdan gələn 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə təbrik edib.

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli qeyd edib ki, müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində əldə olunmuş Qələbənin 5-ci ildönümünü qeyd etdiyimiz 2025-ci il – “Konstitusiya və Suverenlik İli” Azərbaycanın qarşısında yeni perspektivlərin açılması ilə əlamətdar oldu. Onun sözlərinə görə, həm daxili arenada, həm də beynəlxalq müstəvidə görülən işlər – siyasi, iqtisadi, diplomatik nailiyyətlər əsas hədəfə - qalib Azərbaycanın milli gücünün və nüfuzunun artmasına, tarixi Zəfərin möhkəmləndirilməsinə – daimi prosesə çevrilməsinə xidmət etməklə real nəticələr verdi: "Prezident İlham Əliyevin milli maraqlara əsaslanan praqmatik siyasəti sayəsində Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənməkdədir. İstər regionda, istərsə də dünya miqyasında ikitərəfli və çoxşaxəli əlaqələrin dərinləşdirilməsi Azərbaycanın dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verir, ölkəmizə yönəlik neqativ geosiyasi həmlələr məharətlə neytrallaşdırılır. Xüsusilə də yeni reallıqların dünyada qəbul etdirilməsi Azərbaycanın geostrateji iradəsinin və milli gücünün nəticəsi kimi həm xüsusi nailiyyət, həm də böyük üstünlükdür". Şöbə müdiri əlavə edib ki, Zəfər yürüşü ictimai-siyasi, sosial-iqtisadi, mədəni-humanitar, diplomatik-strateji müstəvidə davam edir: "Zəfər yolunun ictimai əsasları möhkəmləndirilir - milli həmrəyliyin qorunması və daha da gücləndirilməsi üçün ardıcıl, məqsədyönlü siyasət həyata keçirilir. Eyni zamanda, sosial-iqtisadi imkanlar genişləndirilir - işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi xüsusi diqqət mərkəzindədir. Digər tərəfdən, tarixi-milli yaddaşımız yenilənir, mədəni ənənələrimiz müasir dəyərlərlə vəhdətdə zənginləşdirilir. Nəhayət, qələbənin siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsi işi aparılır. Bir sözlə, Zəfər yolunda inamla irəliləyirik. Əminik ki, Azərbaycan bundan sonra da bütün strateji hədəflərinə çatacaq".

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək bidirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik və dövlətçilik dəyərlərinin təntənəsi kimi xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar gün bütün dünya azərbaycanlılarını vahid amal və məqsəd ətrafında birləşdirir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezdent İlham Əliyev tərəfindən inkişaf etdirilərək davam etdirilən dövlət siyasətinin əsas qayələrindən biri də milli həmrəyliyi əsas prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlamasıdır. Xüsusilə gənclərin bu ideoloji xəttə cəlb olunması dövlət səviyyəsində strateji əhəmiyyət kəsb edir. Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlar gənclərin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradır. Dövlət suverenliyinin qorunması gənclərin milli şüur və vətənpərvərlik ruhunda formalaşmasını zəruri edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu baxımdan gənclər üçün mühüm ideoloji məktəb rolunu oynayır. Azərbaycan dövləti gənclərə yalnız sosial dəstək deyil, eyni zamanda siyasi etimad göstərir. Gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakı təşviq olunur. Dövlət gənclər siyasəti milli maraqlara söykənən sağlam vətəndaş mövqeyinin formalaşmasına xidmət edir. Suveren dövlətin gələcəyi məhz savadlı və milli düşüncəli gənclərlə bağlıdır. Bu reallıq dövlət siyasətində öz aydın ifadəsini tapır. Gənclərin beynəlxalq müstəvidə Azərbaycan həqiqətlərinin təbliğində rolu getdikcə artır. Bu fəaliyyət milli həmrəyliyin qlobal miqyasda möhkəmlənməsinə töhfə verir.

Yeni Azərbaycan Partiyasının Sosial Media üzrə nümayəndəsi Rəsul Səlimzadə bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində partiya fəalları sosial şəbəkələrdə də ardıcıl və məqsədyönlü fəaliyyət göstərərək ilin ideoloji mahiyyətinin təbliğinə mühüm töhfə veriblər. Qeyd edib ki, YAP Yasamal rayon təşkilatının partiya fəalları sosial mediada xüsusi aktivlik nümayiş etdirir və milli maraqların müdafiəsində davamlı olaraq fəal iştirak edirlər. Yerli təşkilat fəallarla işin təşkili, ideoloji xəttin müasir çağırışlara uyğun formalaşdırılması və sosial-siyasi fəallığın artırılması istiqamətində ardıcıl və peşəkar fəaliyyət göstərir. Təşkilatın planlı yanaşması və partiya fəallarının təşəbbüsləri sosial media strategiyasının effektivliyini gücləndirir və ideoloji mövqeyin cəmiyyətə düzgün çatdırılmasına mühüm töhfə verir.

Sonra YAP Yasamal rayon təşkilatının sosial media üzrə gənc fəalları Nuray Əliəskərova və Elgün Rüstəmli çıxış edərək “Konstitusiya və Suverenlik İli” və “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün əhəmiyyətindən bəhs ediblər. Göstərilən diqqətə görə YAP Yasamal rayon təşkilatına minnətdarlıq ifadə olunub.

Çıxışlardan sonda sosial media sahəsində fəaliyyət göstərən YAP Yasamal rayon təşkilatının aktiv gəncləri və fəallarına hədiyyələr təqdim edilib. Tədbirə Yeni Azərbaycan Partiyasını Himninin səsləndirilməsi ilə yekun vurulub. Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər