PDF Oxu

Siyasət

  • 1 589

Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yol: Hədəflərdən Zəfərə

image

Azərbaycanın ən güclü siyasi təsisatı və təşkilatı olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranma tarixi faktiki olaraq Azərbaycanın müstəqillik tarixi ilə eyni dövrə düşür. YAP tariximizin 33 illik dövrünə öz şanlı adını qızıl hərflərlə yazdırıb.

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb dövründə ‒ölkəmizin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə yaranmışdır və bu, obyektiv zərurət idi. O vaxt ölkəyə rəhbərlik edən təsadüfi adamların yarıtmaz idarəçiliyi və Ermənistan hərbi təcavüzü, yenicə qazanılmış dövlət müstəqilliyinin itirilməsi təhlükəsini yaratmışdı. Bütün ümidlər Azərbaycan xalqının yeganə xilaskar hesab etdiyi Ümummilli Lider Heydər Əliyevə yönəlmişdi.
Belə bir kritik şəraitdə Azərbaycanın tanınmış vətənpərvər ziyalıları nicat yolunu Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında sağlam siyasi prosesin başlanmasında, siyasi təşkilatlanmada gördüklərindən 1992-ci il 16 oktyabr tarixli müraciətdə onun yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi xahiş olunurdu.
Əslində bu tarixi sınaq mərhələsində Ulu Öndər Naxçıvanda geridönməz ictimai-siyasi prosesin və Azərbaycanın müstəqilliyinin təməllərini qoymuşdu. Ölkədən təcrid olunmuş, blokada şəraitində yaşayan və taleyin ümidinə buraxılmış Muxtar Respublikanı ağır təhlükədən qurtaran Heydər Əliyev milli dövlət, milli ideya uğrunda yorulmaz qətiyyətlə çalışırdı.
Naxçıvanda ümumdövlət hərəkatına çevrilən milli ideya xalqın birləşməsini, həmrəylik və mütəşəkkilliyini də gücləndirdi. Bu baxımdan YAP-ın yaranması barədə müraciət siyasi zərurətdən meydana çıxan tələbat idi. Ulu Öndərin də vaxtilə xatırlatdığı kimi “müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
1992-ci il noyabrın 21-də Naxçıvanda ölkənin bütün bölgələrindən 550 nümayəndənin iştirakı ilə böyük coşğu, xüsusi fəallıq şəraitində keçən konfransda tarixi qərar qəbul olundu ‒ Yeni Azərbaycan Partiyası təsis edildi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri, Partiyanın Siyasi Şurası, İdarə Heyəti və Sədrin müavinləri seçildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi.
Yeni Azərbaycan Partiyası yaradılması ilə Azərbaycanın siyasi həyatında və dövlətçilik tarixində yeni mərhələnin əsası qoyuldu. Bu, Azərbaycan xalqının itməkdə olan ümidlərinin dirçəldilməsi, gələcəyə inamının artması baxımından da böyük dönüş idi.
YAP Azərbaycanın bütün bölgələrindən olan insanları sıx birləşdirərək ümumxalq partiyasına çevrilməklə Azərbaycanın siyasi müqəddəratını öz çiyinlərinə götürdü.
Yeni Azərbaycan Partiyasının yaradılması siyasi tələbatdan meydana çıxan mühüm amil olmaqla, Azərbaycanın siyasi sistemində əsaslı dəyişikliklərin də başlanğıcını qoydu. Həmin dövrdə ölkəmizdə fəaliyyət göstərən müxtəlif siyasi qruplaşmaların apardığı primitiv siyasi mübarizə əslində siyasi institutlaşmanın yoxluğunun göstəricisi idi. Bu baxımdan YAP-ın yaranması yeni hadisə olmaqla yanaşı, siyasi sistemə sivil fəaliyyət və həqiqi partiya modelini təqdim etdi.
YAP müxalifət partiyası kimi yaransa da, ovaxtkı iqtidara münasibətdə tutduğu mövqe konstruktiv xarakter daşıyırdı. Heydər Əliyevin liderliyi ilə Partiya qısa müddətdə milli dövlət ideyasının daşıyıcısı kimi ümumxalq hərəkatının siyasi atributuna çevrilərək müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmiş Azərbaycanın müqəddəratına sahib çıxdı. Beləliklə, Azərbaycanın əbədi və dönməz müstəqillik və inkişaf salnaməsi bərqərar oldu.
Yeni Azərbaycan Partiyasının gəncləri öz ətrafında sıx birləşdirməsində və cəmiyyətdə sıralarının genişləndirməsində isə Heydər Əliyevin ən yaxın silahdaşı və layiqli davamçısı cənab İlham Əliyevin xüsusi xidmətləri vardır. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev 1999-cu ildə keçirilən YAP-ın I qurultayında Partiya Sədrinin müavini, 2001-ci ildə keçirilən II qurultayında isə birinci müavini seçilmişdir.
Yeni Azərbaycan Partiyasının 2005-ci il martın 26-da keçirilmiş III qurultayında Partiyanın yeni Sədri seçilən Prezident İlham Əliyev demokratik dövlət və azad vətəndaş cəmiyyəti quruculuğu proseslərinin daha geniş vüsət almasına yol açdı.
YAP Azərbaycanın inkişaf şüarları olan “Müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah”, “Yeni dövrə yeni Azərbaycanla” hədəfləri ilə ölkəmizin siyasi və iqtisadi uğurlarında bilavasitə yaxından iştirak edərək iqtisadi tərəqqinin və zəngin sosial rifahın qazanılmasında mühüm rol oynayıb. Partiyanın Sədri, Prezident İlham Əliyevin müəyyən etdiyi əzmkar siyasətin uğurla həyata keçirilməsində və qarşıya qoyduğu hədəflərə layiqincə çatmasında öz töhfələrini verib.
Prezident İlham Əliyevin YAP-ın VII qurultayında çıxışında bəyan etdiyi kimi Partiya güclü siyasi təşkilat kimi ümummilli prinsiplərin reallaşmasında öz mübariz və qətiyyətli mövqeyi, gücü ilə fərqlənir. “YAP son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiyaya çevrilib”.
YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur, dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Məhz bu siyasi tələbatlara uyğun olaraq 2021-ci il martın 5-də keçirilmiş YAP-ın VII qurultayında ölkəmizin davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Qurultayda Partiyanın yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilib. Partiyanın Sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya Sədrinin birinci müavini təyin olunub.
YAP-ın VII qurultayda qəbul olunmuş qərarlar, eyni zamanda, yeni inkişaf mərhələsində Partiyanın “iqtidar-xalq” modelinin real potensialını və milli həmrəyliyin gücünü nümayiş etdirdi. Milli birlik uğrunda yeni səhifə açan YAP partiyalararası siyasi dialoqun müəllifi kimi siyasi institutlaşmanı daha da zənginləşdirdi.
Sıralarında ictimaiyyətin bütün təbəqələrini təmsil edən və 750 minə yaxın üzvü birləşdirən YAP Ulu Öndərin işıqlı ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə möhkəmləndirir.
Xalqın partiyaya inamı sonsuz, onun Sədrinə olan dərin inamı, etimadı və sevgisi qətidir. YAP siyasi mübarizələrin qalibi, Zəfərlər Partiyasıdır, ölkəmizdə keçirilən bütün seçkiləri inamlı qələbələrlə tamamlayıb.
Tarixi Zəfərdən sonrakı seçkilərdə YAP xalqın böyük məhəbbətinin və etibarının dönməz istinadı, doğma ünvanı olmasını bir daha təsdiqləyib. 2024-cü il fevralın 7-də keçirilən Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev seçicilərin 92,12% səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş, 2024-cü il sentyabrın 1-də keçirilən VII çağırış Milli Məclisinə seçkilərdə YAP parlaq qələbəyə imza ataraq parlamentdə 68 millət vəkili ilə təmsil olunmaq hüququ qazanıb. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində partiya qələbə qazanaraq yerli özünüidarəetmə orqanlarında yerlərin böyük əksəriyyətini əldə edib.

Ramid Namazov
Milli Məclisin deputatı

Digər xəbərlər