Azərbaycanda müasir dövlətçilik ənənələrinin bərqərar olması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Liderin siyasi iradəsi, uzaqgörənliyi və xilaskarlıq missiyası nəticəsində müstəqil dövlət quruculuğu prosesi möhkəm institusional əsaslar üzərində formalaşdırılmışdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) nəticəsində qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası demokratik idarəetmənin, insan hüquqlarının qorunmasının və hüququn aliliyinin təmin edilməsində həlledici rol oynamışdır. Bu sənəd həm də milli dövlətçilik ideologiyasının, siyasi mədəniyyətin və vətəndaş-dövlət münasibətlərinin inkişafında mühüm önəm kəsb etmişdir.
Konstitusion təməl üzərində formalaşan dövlət siyasətinin əsas fəlsəfəsini humanizm, sosial ədalət və vətəndaş rifahı təşkil etmişdir. İnsan amilinin ali dəyər kimi qəbul edilməsi, hüquq və azadlıqların qorunması Ümummilli Liderin siyasi kursunun ayrılmaz tərkib hissəsi olmuş, bu xətt sonrakı dövrdə də ardıcıl şəkildə davam etdirilmişdir. Həmin yanaşma dövlətin vətəndaşlara münasibətində etik və humanist prinsipləri gücləndirən siyasət mexanizmi kimi dəyərləndirilir.
Humanizm həyata keçirilən dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri kimi çıxış edir. Sosial yönümlü islahatlar, əhalinin həssas təbəqələrinə xüsusi diqqət, hüquq-mühafizə və məhkəmə sistemində aparılan islahatlar insan ləyaqətinə hörmət prinsipinə söykənir. Cinayət-hüquq siyasətində cəzanın yalnız repressiv vasitə kimi tətbiqi deyil, eyni zamanda islahedici, tərbiyəvi və cəmiyyətə reinteqrasiya funksiyası daşıması əsas götürülür. Bu baxımdan qəbul edilən əfv fərmanları və sərəncamları, amnistiya aktları dövlətin humanist mahiyyətinin real təzahürü kimi çıxış edir. Həmin qərarlar cəmiyyətin sosial barışına, hüquqi sabitliyə və vətəndaşların ictimai məsuliyyət hissinin gücləndirilməsinə xidmət edir.
Ölkəmizin suverenliyinin bərpası və Konstitusiyanın ali hüquqi qüvvəsinin bütün ərazilərdə təmin olunması xalqımızın müasir tarixində mühüm mərhələdir. Bu tarixi nailiyyətlərin “Konstitusiya və Suverenlik İli” çərçivəsində qeyd olunması yalnız siyasi deyil, həm də dərin mənəvi və humanist məzmun daşıyır. Dövlət siyasətində humanizm xəttinə sadiqlik nümayiş etdirilərək, cəmiyyətə yenidən qazandırılacaq şəxslərin qanunlara əməl edəcəklərinə və dövlətin inkişafına töhfə verəcəklərinə ümid ifadə olunmuşdur. Prezident İlham Əliyevin 15 dekabr 2025-ci il tarixində elan edilmiş amnistiya təşəbbüsü həm hüquqi dövlət prinsiplərinə, həm də ümumbəşəri humanizm dəyərlərinə sədaqətin bariz nümunəsidir.
Amnistiya aktının layihəsinə əsasən, dövlət suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror tədbirlərində iştirak etmiş şəxslər xüsusi kateqoriya kimi nəzərə alınır. Həmçinin, bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistanın hərbi təxribatları nəticəsində əlil olmuş mülki şəxslər, qadınlar, 60 yaşına çatmış şəxslər, yetkinlik yaşına çatmayan cinayət törətmiş şəxslər və digər sosial həssas qruplar da amnistiyanın əhatə dairəsinə daxil edilir. Həmin amillər dövlətin hüquqi və mənəvi məsuliyyətini, sosial həssaslığa verdiyi önəmi aydın şəkildə ortaya qoyur. Bundan əlavə, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının azaldılması nəzərdə tutulur. Sözügedən yanaşma dövlətimizin diferensial və ədalətli siyasətinin göstəricisi olmaqla, hüquq tətbiqində çevik və humanist mexanizmlərin mövcudluğunu təsdiqləyir.
İrəli sürülən təşəbbüs tətbiq olunacaq şəxslərin sayına görə müstəqillik dövrünün ən genişmiqyaslı amnistiyası kimi dəyərləndirilir. Amnistiya aktı ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəkdir. Onlardan 5 mindən çoxu azadlıqdan məhrum etmə cəzasından tam azad ediləcək, 3 mindən artıq şəxsin cəzası azaldılacaq, minlərlə məhkum isə digər cəza növlərindən və ya cinayət məsuliyyətindən azad olunacaq. Bu faktorlar həm də sosial-humanist baxımdan əvəzolunmaz əhəmiyyət kəsb edir, minlərlə ailənin həyatına müsbət təsir göstərəcək və cəmiyyətdə ictimai etimadı gücləndirəcəkdir.
Ümumilikdə, qəbul edilmiş 12 amnistiya aktı 130 mindən artıq şəxsə şamil olunmuşdur. Ümummilli Lider Heydər Əliyevin dövründə imzalanan əfv fərmanları və qəbul edilmiş amnistiya aktları bu sahədə möhkəm ənənə formalaşdırmışdır. Sonrakı dövrdə bu xətt ardıcıl şəkildə davam etdirilmiş, 2003–2025-ci illər ərzində onlarla əfv sərəncamı və bir neçə amnistiya aktı həyata keçirilmişdir. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Milli Məclisin deputatı olduğu dövrdə irəli sürdüyü təşəbbüslər nəticəsində qəbul edilən amnistiya aktları da humanist dövlət siyasətinin mühüm səhifələrindəndir.
Beləliklə, “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürülən amnistiya təşəbbüsü dövlətin gücünü mərhəmət, ədalət və humanizm üzərində qurduğunu nümayiş etdirir. Bu təşəbbüs müasir dövlətçilik ənənələrinin, Konstitusiyaya sədaqətin və insan amilinə verilən ali dəyərin bariz ifadəsi kimi tarixdə qalacaqdır. Eyni zamanda ictimai etimadın gücləndirilməsi, hüquqi sabitliyin möhkəmləndirilməsi və sosial barışın təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.
Mahir Süleymanlı
Milli Məclisin deputatı