Humanizm kimi nəcib keyfiyyətlərə, vətəndaşa sevgi və qayğıya söykənən siyasət Azərbaycan dövlətinin əsas siyasi xəttini təşkil edir. Prezident İlham Əliyevin fəaliyyətində bu prinsip ardıcıl və qətiyyətli şəkildə öz əksini tapır. Ölkə başçısının təşəbbüsü ilə Milli Məclisə təqdim edilən genişmiqyaslı amnistiya aktı da məhz bu humanist siyasətin parlaq nümunəsidir. Birmənalı şəkildə qeyd etmək olar ki, amnistiya aktı Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu humanizm və mərhəmət siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bir daha sübut etdi. 2025-ci ilin mühüm ictimai-siyasi hadisələrindən biri kimi yadda qalan bu humanist addım xalq tərəfindən böyük rəğbətlə qarşılandı, minlərlə ailəyə sevinc və ümid bəxş etdi.
Azərbaycanın müstəqillik tarixində ən böyük amnistiya aktı kimi yadda qalacaq bu sənəd dövlət–vətəndaş münasibətlərində etimadın daha da möhkəmlənməsinə xidmət edir. Sözügedən addım bir daha göstərdi ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır, onun taleyinə biganə deyil. Bu humanist yanaşma cəmiyyətin sosial birliyini gücləndirməklə yanaşı, hüquqi dövlət quruculuğu prosesinə də mühüm töhfə olacaq.
Bağışlamaq və əfv etmək dövlətimizin dəyərlərinə xas olan keyfiyyətlərdəndir. 1995–2003-cü illərdə Ümummilli lider Heydər Əliyev 32 əfv fərmanı imzalamış və 7 amnistiya aktını təsdiqləmişdir. 2003–2025-ci illərdə Prezident İlham Əliyev isə 39 əfv sərəncamı verərək 5 amnistiya aktının qəbuluna rəhbərlik etmişdir. Ümumilikdə 71 əfv fərmanı və sərəncam vasitəsilə 10 162 məhkum azad edilmiş, onlardan 7 060 nəfərə birbaşa Prezident İlham Əliyevin sərəncamları şamil olunmuşdur. Birinci vitse-prezident Mehriban Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilmişdir ki, bu da humanizmin və böyüklüyün ali ifadəsidir.
Qeyd edildiyi kimi amnistiya aktı 20 mindən çox vətəndaşa şamil ediləcək. Bu addım minlərlə ailəyə bayram sevinci gətirəcək və cəmiyyətdə həmrəylik, mərhəmət və ədalət ruhunun möhkəmlənməsinə xidmət edəcək.
“Konstitusiya və Suverenlik İli”ndə ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən humanist addım milli ənənələrimizə sadiqliyin bariz nümunəsidir. Bu qərarın cəzadan azad edilən şəxslərin islahına və cəmiyyətə yenidən inteqrasiyasına mühüm töhfə verəcəyi şübhə doğurmur. Ümidvarıq ki, azadlığa qovuşan şəxslər bundan sonra qanunun tələblərinə hörmətlə yanaşacaq, dövlətimizin inkişafına fayda verəcək və cəmiyyətin məsuliyyətli üzvləri kimi fəaliyyət göstərəcəklər.
Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı