Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli media nümayəndələrinə verdiyi genişmiqyaslı müsahibə mühüm siyasi platforma rolunu oynayır. Müsahibədə suverenliyin tam bərpasından sonra ölkəmizin keçdiyi yeni tarixi dövrün dərin siyasi və iqtisadi təhlilini aydın şəkildə görməklə yanaşı Azərbacyanın xarici siyasət kursuna işıq salınıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər. Onun sözlərinə görə, Azərbaycanı turistlər üçün cəlb edən meyarlardan söz açan dövlətimizin başçısı, həmçinin qeyd edib ki, iki aydan sonra Şahdağda ilk dəfə Xizəksürmə üzrə dünya çempionatı olacaq. “Dünya çempionatı Şahdağda ilk dəfə keçiriləcək. Ölkəmiz Beynəlxalq Xizək Federasiyasının təqviminə artıq daxil edilib. Azərbaycan cənub ölkəsidir. Çimərliklər buradan uzaqda deyil. Öz həcminə, miqyasına və gözəlliyinə görə nadir olan “Sea Breeze” böyük tikinti layihəsi həyata keçirilir. Dünyanın heç bir yerində buna oxşar layihə yoxdur. Bir məkanda həm mehmanxana, həm əyləncə, həm yaşayış yerləri və digər imkanlar mövcuddur”.
Dövlət başçısı elmin inkişafı məsələlərinə də toxunub. Bildirib ki, əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq: “Bu, dövlətin niyyətidir, dövlətin siyasətidir. Təhsilin keyfiyyətinin, müəllimlərin sosial təminatının və peşəkarlığın artırılması, test sistemi və sair. Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik. Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik”.
Hazırda dünyanın diqqət mərkəzində olan bərpaolunan enerji məsələləri ilə bağlı Azərbacyanda görünən işlərdən danışan Prezident İlham Əliyev bildirib ki, günəş və külək elektrik stansiyalarının xəritəsi təsdiqlənib:“Hazırda bizim əsas vəzifəmiz enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirməkdir. Çünki mövcud olan planlara görə, 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat Günəş, külək və su enerjisi bizim sistemimizə daxil ediləcək. Yəni bunu qəbul etmək, həzm etmək üçün biz enerji sistemimizi gücləndirməliyik. Buna “Energy Grid” deyirlər”.
Prezident İlham Əliyev bildirib ki, bununla paralel olaraq batareya saxlanc sistemləri də qurulmalıdır: “Biz ilkin mərhələdə xarici şirkətlərə müraciət etdik ki, onlar investor kimi bu işi görsünlər. Amma gördük ki, böyük maraq yoxdur. Yəni dövlət xətti ilə təxminən 250 meqavat gücündə birinci batareyalar artıq quraşdırılır, amma daha da çox olacaq. Çünki bizim, yenə də deyirəm, qısamüddətli planlarımız 8 giqavat enerji əldə etməkdir”.
Müsahibə zamanı dövlət başçısı regionların idarə edilməsində tətbiq olunan yeni idarəetmə modeli — Xüsusi Nümayəndəlik İnstitutu barədə danışarkən, kadr seçimində peşəkarlıq və dövlətə sədaqət prinsiplərinin alternativsiz olduğunu xüsusi vurğuladı.
Mətanət Səfərli
YAP Nəsimi rayon təşkilatının əməkdaşı