Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş müsahibə Azərbaycan siyasi həyatında ictimai maraq doğuran mühüm kommunikasiya hadisəsi kimi yadda qaldı. Bu müsahibə dövlət başçısının illərdir formalaşdırdığı açıq dialoq ənənəsinin növbəti mərhələsi oldu və ölkənin inkişaf kursunun əsas tezislərini əhatəli şəkildə ortaya qoydu. Suallara verilən cavabların məzmunu göstərdi ki, müasir idarəçilik modeli yalnız qərar qəbul etməkdən ibarət deyil, həmin qərarların fəlsəfəsini cəmiyyətə izah etməyi də vacib sayır. Prezidentin müsahibədə mövzuları bir-biri ilə əlaqələndirərək təqdim etməsi, proseslərə tarixi və gələcək perspektiv prizmasından yanaşması informasiya dolğunluğu yaratdı. Müsahibənin mərkəzi xətlərindən biri Azərbaycanla Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərin praktik və nəticəyə hesablanan istiqamətdə inkişaf etməsi barədə verilən izahlar idi. Dövlət başçısı bu əlaqələri dəyərləndirərkən konkret əməkdaşlıq sahələrini ön plana çəkdi və tərəfdaşlığın ölçülə bilən faydalar üzərində qurulduğunu aydın ifadə etdi. Azərbaycan–ABŞ münasibətləri son illərdə regional təhlükəsizlik dialoqu, enerji bazarlarının sabitliyi, qlobal nəqliyyat marşrutlarının inkişafı kimi mövzularla daha da aktuallaşmışdır. Mənim qənaətimdə bu xətt Azərbaycanın milli maraqları ilə qlobal əməkdaşlıq prinsiplərinin uzlaşmasını nümayiş etdirir. Prezidentin cavablarında ABŞ ilə iqtisadi əməkdaşlığın geniş potensialı barədə fikirlər xüsusi diqqət çəkirdi. İnvestisiya mühitinin təkmilləşməsi, Amerika şirkətlərinin qeyri-enerji sektoruna marağının artması, rəqəmsal texnologiyalar sahəsində mümkün tərəfdaşlıqlar gələcək üçün vacib siqnallardır. Mən düşünürəm ki, praktiki diplomatiya anlayışı bu istiqamətləri vahid sistem halında görməyə imkan verir. Çünki xarici tərəfdaşla qurulan hər bir layihə ölkənin daxili inkişafına xidmət etməlidir. Müsahibədə regional sabitliyin qorunması mövzusunun önə çəkilməsi Azərbaycanla Amerikanın ortaq maraq nöqtələrini aydın göstərdi. Qafqaz və Xəzər hövzəsi beynəlxalq münasibətlər sistemində həssas məkandır və burada etimadlı dialoq vacibdir. Azərbaycan bu dialoqda bərabərhüquqlu tərəfdaş kimi çıxış edərək öz mövqeyini arqumentlərlə izah edir. Dövlət başçısı humanitar və elmi əməkdaşlığın da ikitərəfli münasibətlərin vacib tərkib hissəsi olduğunu qeyd etdi. Mən bunu gələcəkdə təhsil proqramları, tədqiqat mərkəzləri arasında mübadilə, mədəniyyət diplomatiyası kimi real layihələrə çevrilə bilən fikir kimi dəyərləndirirəm. ABŞ ilə əlaqələrin insan kapitalına yönəlməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını tamamlayır. Bu strategiya vətəndaşın bilik və bacarığının artmasına xidmət edir. Bu müsahibədə informasiya təhlükəsizliyi mövzusunun da dolayı formada əksini tapması diqqətəlayiq idi. Müasir dövrdə həqiqətlərin düzgün izahı strateji əhəmiyyət daşıyır. Prezidentin cavablarında milli maraqların açıq müdafiəsi, eyni zamanda dialoqa sadiqlik siyasi balans yaradır. Mənim qənaətimdə bu balans Azərbaycanın qlobal arenada etibarlı aktor rolunu gücləndirir. Azərbaycan–ABŞ münasibətləri barədə səslənən fikirlər göstərdi ki, tərəfdaşlıq yalnız bugünkü maraqlarla deyil, gələcək layihələrlə də ölçülür. Yaşıl enerji keçidi dövründə yeni investisiya mövzuları yarana bilər. Orta Dəhlizin güclənməsi, Xəzər üzərindən logistikanın artması Amerika ilə münasibətlərin də gündəliyindədir. Prezident İlham Əliyevin müsahibəsi bu perspektivləri açıq formada təqdim etdi. Dövlət başçısının suallara cavab verərkən hüquqi və institusional mövzulara toxunması idarəçiliyin sistemli mahiyyətini göstərirdi. İqtisadi diplomatiya anlayışı sabit qanunvericilik, şəffaf idarəetmə və qarşılıqlı hörmət tələb edir. Azərbaycan bu prinsiplər üzərində addım ataraq nəticələrini nümayiş etdirir. Bu nəticələrin hesabatı idi. Hesab edirəm ki, müsahibə dövlətlə cəmiyyət arasında rasional düşüncə meydanını daha da genişləndirdi.
Fərid Mustafayev
YAP Yasamal rayon təşkilatının fəalı