Müasir dövrdə baş verən siyasi, iqtisadi və geosiyasi proseslərin dinamikliyi dövlətlərin strateji baxışlarının cəmiyyətə aydın və sistemli şəkildə çatdırılmasını zəruri edir. Xüsusilə qlobal və regional dəyişikliklərin intensivləşdiyi bir mərhələdə ölkə rəhbərliyinin ictimaiyyətlə birbaşa ünsiyyəti dövlətimizin gələcək yol xəritəsinin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan ilin əvvəlində Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə dövlət siyasətinin mahiyyətini, prioritetlərini və qarşıdakı dövr üçün müəyyənləşdirilən strateji hədəfləri əks etdirir.
Dövlətimizin başçısının müsahibəsində vurğulanan məqamlardan biri 2025-ci ilin çox uğurlu və tarixi il kimi dəyərləndirilməsidir. Uzun illər davam edən Ermənistan–Azərbaycan qarşıdurmasının siyasi müstəvidə başa çatması regionda tamamilə yeni reallıqlar yaradıb. Müharibənin fəal mərhələsi, atəşkəs dövrü, İkinci Qarabağ müharibəsi, antiterror tədbirləri və keçid mərhələsi ilə səciyyələnən uzun proses 2025-ci ilin avqustunda yekunlaşaraq sülh mərhələsinə daxil olub. Bu amillər təkcə hərbi Qələbəni deyil, eyni zamanda siyasi iradənin qlobal səviyyədə təsdiqlənməsini ifadə edir.
Sülh şəraitinə keçid həm daxili, həm də xarici siyasətdə mühüm nəticələr doğurub. Cəmiyyətdə sabitliyə və təhlükəsizliyə inamın artması, sosial-psixoloji mühitin sağlamlaşması və iqtisadi fəallığın genişlənməsi bu mərhələnin ilk real nəticələri kimi önə çıxır. Uzun müddət müharibə şəraitində yaşamış cəmiyyət üçün sülhün verdiyi imkanlar artıq praktik müstəvidə özünü göstərməyə başlayıb.
Prezident İlham Əliyevin müsahibəsində qeyd olunan istiqamətlərdən biri nəqliyyat və logistika məsələləridir. Müasir geosiyasi şəraitdə Mərkəzi Asiya ilə Qərb arasında etibarlı coğrafi xəttin formalaşmasında Azərbaycanın rolu artan dinamika ilə ön plana çıxır. Alternativ marşrutların mövcudluğuna baxmayaraq, hazırkı beynəlxalq vəziyyət fonunda bu xəttin etibarlılığı və təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır. Artıq ölkə ərazisindən keçən yüklərin həcminin sürətlə artması, 100 min konteyner göstəricisinin aşılması bu potensialın yalnız başlanğıc mərhələdə olduğunu göstərir.
Nəqliyyat infrastrukturunun genişləndirilməsi, yeni investisiyaların cəlb olunması və Xəzər dənizi üzərindən enerji və rəqəmsal layihələrin icrası regional və qlobal inteqrasiyanı daha da gücləndirir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış enerji kabeli layihəsi, fiber-optik xətlərin çəkilməsi regionda geosiyasi və iqtisadi tarazlıqları dəyişən amillər sırasındadır.
2025-ci il həm də azad edilmiş ərazilərin beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi ilə yadda qalıb. Xankəndidə keçirilən ECO Zirvə Görüşü, Şuşa, Laçın və Ağdamda təşkil edilən biznes, gənclər və qadınlar forumları bu ərazilərin artıq beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrildiyini nümayiş etdirir. Mövcud infrastrukturun, müasir konfrans zallarının və mehmanxanaların bu cür tədbirlərə imkan verməsi bərpa və quruculuq prosesinin real nəticəsidir.
Dövlətimizin başçısının sözügedən müsahibəsində təhlükəsizlik məsələləri də xüsusi yer tutur. Ordu quruculuğunun fasiləsiz xarakter daşıması, əldə olunmuş hərbi uğurların arxayınlıq yaratmaması strateji yanaşmanın əsas göstəricisi kimi təqdim olunur. Türkiyə ilə müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıqla yanaşı, türk dövlətləri arasında təhlükəsizlik sahəsində koordinasiyanın genişləndirilməsi təşəbbüsü regional sabitliyə xidmət edən praqmatik təklif kimi səsləndirilir. Bu yanaşma hərbi blok yaratmaq deyil, mövcud əməkdaşlıq formatlarının təhlükəsizlik sahəsini də əhatə etməsi məqsədi daşıyır.
Çin ilə münasibətlər də müsahibənin mühüm istiqamətlərindən biridir. Son illər imzalanmış strateji və hərtərəfli strateji tərəfdaşlıq sənədləri ikitərəfli iqtisadi əlaqələrə ciddi impuls verib. Əmtəə dövriyyəsinin 4 milyard dolları keçməsi, investisiya layihələrinin artması və Çin şirkətlərinin ölkəyə fəal maraq göstərməsi bu siyasətin real nəticələridir. Həmin dinamika iqtisadi şaxələndirmə və xarici tərəfdaşlıqların balanslaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
İqtisadi sabitlik və maliyyə dayanıqlığı da dövlətimizin başçısının müsahibəsində təhlil olunur. Xarici borcun ÜDM-in 6 faizindən bir qədər çox səviyyədə olması tarixdə ən aşağı göstərici kimi dəyərləndirilir. Dövlət ehtiyatlarının borcu dəfələrlə üstələməsi maliyyə təhlükəsizliyinin yüksək səviyyədə olduğunu göstərir. Qızıl ehtiyatlarının artırılması ilə bağlı vaxtında qəbul edilmiş qərar isə strateji baxışın və risklərin düzgün dəyərləndirilməsinin nümunəsi kimi təqdim olunur.
Bütövlükdə Azərbaycan Prezidentinin müsahibəsi 2025-ci ilin təkcə yekunların deyil, yeni mərhələnin başlanğıcı kimi dəyərləndirildiyini nümayiş etdirir. Sülh şəraiti, artan beynəlxalq fəallıq, iqtisadi və maliyyə sabitliyi, təhlükəsizlik sahəsində davamlı modernləşmə vahid dövlət siyasətinin əsas istiqamətləri kimi çıxış edir. Bu yanaşma qarşıdakı illərdə dayanıqlı inkişafın və beynəlxalq mövqelərin daha da möhkəmlənməsinin əsas təminatı olaraq mühüm önəm kəsb edir.
Asif Əsgərov
Milli Məclisin deputatı