Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə son 20 ildə həyata keçirilən infrastruktur layihələrinin və onların uğurlu nəticələrinin təqdimatı oldu. Cənab İlham Əliyev qeyd etdi ki, ölkəmizdə son illər ərzində genişmiqyaslı infrastruktur layihələri icra edilmişdir. İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu. Bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir. Tamamilə yeni mərhələyə qədəm qoyduq.
Bu gün enerji generasiya gücümüz tələbatımızdan daha artıqdır. Hətta elektrik enerjisini ixrac edirik. “Vaxt var idi ki, bu məsələ ilə bağlı ciddi problemlər mövcud idi, enerji qıtlığı mövcud idi. Biz hətta xaricdən elektrik enerjisini idxal etməyə məcbur idik” deyən cənab İlham Əliyev onu da əlavə etdi ki, bu gün isə görülmüş tədbirlər nəticəsində həm generasiya gücləri yaradıldı, eyni zamanda, yarımstansiyalar, ötürücü xətlər, paylayıcı şəbəkə, bütün bu məsələlər vahid sistem halına salınmışdır. Vaxtilə bu sahədə qüsurların böyük hissəsi aradan qaldırılmışdır. Biz bu gün nəinki öz enerji tələbatımız haqqında, ixrac yolları haqqında düşünürük və nəinki düşünürük, onları biz yaradırıq. Azərbaycan bir neçə ildən sonra, necə ki, bu gün nefti, qazı dünya bazarlarına ixrac edir və bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, eyni səviyyədə elektrik enerjisini dünya bazarlarına ixrac edəcək. Buna nail olmaq üçün indi qonşu dövlətlərlə və bizim şirkətlərlə, qonşu ölkələrin şirkətləri ilə ciddi danışıqlar aparılır.
İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir. Son 20 il ərzində dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd edən dövlətimizin başçısı bildirdi ki, əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir.
Bu gün azad edilmiş ərazilərdə içməli su və suvarma layihələri icra edilir. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Prezident İlham Əliyev həmin su anbarları arasında, ilk növbədə “Sərsəng”i qeyd etdi. Vurğuladı ki, bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” və “Sərsəng” su anbarları tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay”, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir.
“Su mənbələri hər bir ölkə üçün çox önəmlidir” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, bizim su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır: “Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Yəni başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb. Bizim digər əsas su mənbələrimiz xaricdə formalaşır - Kür çayı, Araz çayı, Samur çayı. Əlbəttə ki, bu sahəyə olan diqqət bu həssas məsələni də nəzərə almalıdır”.
Dövlət başçısı İlham Əliyev yeni dövrün çağırışlarını özündə ehtiva edən yeni Dövlət Proqramından da bəhs etdi. Qeyd edək ki, 12 yanvar 2026-cı il tarixdə müşavirənin keçirilməsi ilə yanaşı, Prezident İlham Əliyevin Sərəncamı ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı” da təsdiq edildi. Cənab İlham Əliyev müşavirədə bu məqamı qeyd etdi ki, proqramın əsas məqsədi Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Bu fakt özlüyündə göstərir ki, nə qədər genişmiqyaslı proqramdır. O da qeyd edildi ki, Proqramın icrası üçün maliyyə mənbələri müəyyən edilib. Bu, iki mənbədən- həm dövlət büdcəsi, həm də xarici kreditlər hesabına maliyyələşəcək. Prezident İlham Əliyev bildirdi ki, biz bu Proqramı daxili vəsait hesabına da icra edə bilərdik. Ancaq ölkə qarşısında bir çox məsələlər - həm Qarabağın, Şərqi Zəngəzurun bərpası, ölkəmizin hərbi gücünün artırılması və həm də digər layihələrin, sosial layihələrin icrası dayanır.
Proqramın icrası nəticəsində yeni su anbarları tikilməlidir. Onların sayı 30-a yaxın olacaq. Bu da çox böyük, genişmiqyaslı infrastruktur layihələridir. Sayğaclaşdırma 100 faizə çatdırılmalıdır. Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq. Göründüyü kimi, Proqram geniş və konkretdir.
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri