Bakıda Cənab Prezident İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin mətbuata birgə bəyanatları təkcə iki dövlət arasında diplomatik nəzakət nümunəsi deyil, ABŞ–Azərbaycan münasibətlərinin tarixində ən yüksək və ən məzmunlu mərhələnin rəsmi təsdiqi kimi dəyərləndirilməlidir. Bu bəyanatlar bir daha göstərdi ki, Bakı ilə Vaşinqton arasında münasibətlər artıq taktiki maraqlardan çıxaraq strateji, uzunmüddətli və qlobal xarakter alıb. Cənab Prezident İlham Əliyevin açıq şəkildə vurğuladığı kimi, bu gün imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası konkret və real əməkdaşlıq istiqamətlərini əhatə edir: “Hörmətli qonaqla imzaladığımız sənəddə bizim əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Biz təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcək, antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik.” Bu bəyanat bir həqiqəti təsdiqləyir: Azərbaycan artıq regional proseslərin müşahidəçisi deyil, təhlükəsizlik arxitekturasının formalaşdırıcı aktorudur. Cənab Prezident İlham Əliyevin enerji təhlükəsizliyi ilə bağlı səsləndirdiyi fikirlər ABŞ–Azərbaycan münasibətlərinin niyə məhz bu mərhələdə strateji xarakter aldığını açıq izah edir:
“Hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO-nun üzvləridir və ABŞ-ın müttəfiqləridir.” Bu fakt artıq regional çərçivəni çoxdan aşır. Azərbaycan Avrasiyanın enerji xəritəsində sabitlik elementi kimi çıxış edir və bu sabitlik dünya iqtisadiyyatının davamlılığı üçün həyati əhəmiyyət daşıyır. Məhz buna görə ABŞ–Azərbaycan əməkdaşlığı bu gün yalnız ikitərəfli münasibət deyil, qlobal iqtisadi təhlükəsizliyin tərkib hissəsidir.
Cənab Prezident İlham Əliyevin TRIPP layihəsi ilə bağlı bəyanatı region üçün yeni siyasi fəlsəfəni ortaya qoyur: “TRIPP layihəsi ilə biz sülhə, inkişafa və əməkdaşlığa regionda növbəti töhfə verəcəyik.” “Tramp marşrutu” isə bu fəlsəfənin praktik ifadəsidir. Dövlət başçısının sözləri ilə desək: “Bu marşrut nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda, çox etibarlı və təhlükəsiz qaydada böyük daşımalar dəhlizinə çevriləcək və regionda sülhü gücləndirəcək.” Burada əsas mesaj aydındır: sülh artıq siyasi niyyət deyil, iqtisadi zərurətdir. Bu dəhlizlərdən kənarda qalanlar sadəcə tranziti deyil, gələcəyi də itirəcəklər. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi daha bir mühüm fikir diqqətəlayiqdir: “Biz nəinki tranzitlə bağlı məhdudiyyətləri aradan qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının ixracına başladıq.” Bu, revanşist ritorikaya verilən ən tutarlı cavabdır. Azərbaycan güc nümayişini iqtisadi əməkdaşlıqla əvəz edir və regionda sülhün real mexanizmlərini işə salır. Ermənistan üçün isə artıq seçim mərhələsi başlayıb: ya regional iqtisadi sistemin bir hissəsi olmaq, ya da proseslərin kənarında qalmaq. Cənab Prezident İlham Əliyevin “Bizim üçün böyük şərəfdir ki, strateji tərəfdaşlığımızı dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş Ştatları ilə qururuq” fikri bu münasibətlərin dərinliyini və etimad səviyyəsini göstərir. Altı ay əvvəl Vaşinqtonda Prezident Trampla keçirilmiş görüşdən Bakıya uzanan yol ardıcıl, planlı və nəticəyönümlü siyasətin məhsuludur.
Bu gün ABŞ–Azərbaycan münasibətləri nə kağız üzərindədir, nə də bəyanatlarla məhdudlaşır. Bu münasibətlər enerji ilə, təhlükəsizliklə, nəqliyyatlla, texnologiya və süni intellektlə möhkəmlənir. Bu mənzərəni görüb hələ də regionda gərginlik yaratmaq, sülhü ləngitmək, köhnə təsir dairələrini qorumaq istəyənlərə Bakıdan verilən cavab birmənalıdır: vaxt dəyişib. Sülh artıq zəifliyin yox, gücün göstəricisidir. İqtisadi əməkdaşlıqdan qorxanlar isə tarix boyu olduğu kimi yenə uduzan tərəf olacaqlar. Bu gün ABŞ və Azərbaycan eyni mövqedən çıxış edir. Cənubi Qafqazda müharibəyə yer yoxdur. Kim bu reallığa qarşı çıxırsa, təkcə regiona deyil, qlobal sabitliyə qarşı çıxmış olur. Və belə mövqelər artıq nə Bakıda, nə də Vaşinqtonda qəbul edilir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri