Azərbaycanda süni intellekt texnologiyalarının inkişafı ölkənin strateji prioritetləri arasında xüsusi əhəmiyyət kəsb edir. Bu sahənin irəlilədilməsi iqtisadi potensialın gücləndirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və beynəlxalq rəqabət qabiliyyətinin artırılması baxımından da vacib rol oynayır. Süni intellektin sənaye, kənd təsərrüfatı, səhiyyə və müdafiə kimi müxtəlif sektorlarda tətbiqi isə effektivlik və məhsuldarlığın artmasına mühüm töhfə verir. Dövlət səviyyəsində qəbul edilmiş strategiyalar bu texnologiyaların inkişafını prioritet kimi müəyyənləşdirir və gələcəkdə rəqəmsal cəmiyyətin formalaşdırılmasında da əsas rol oynayır. Süni intellektin 2030-cu ilə qədər qlobal ümumi daxili məhsula (ÜDM) 15.7 trilyon dollar töhfə verəcəyi gözlənilir ki, bu da Çin və Hindistanın ümumi iqtisadiyyatından daha böyük bir rəqəmdir. Daha önəmlisi də odur ki, rəqəmsallaşma istehsalatda və xidmət sektorunda insan amilindən asılılığı maksimum azaldaraq, məhsuldarlığı 40 faizə qədər artırır. Hətta Sİ alqoritmləri şəhərsalma, nəqliyyat və enerji bölgüsü kimi mürəkkəb məsələlərdə insanlardan daha dəqiq analizlər təqdim edir. O səbəbdən dünya ölkələri təhsil sistemlərini kökündən dəyişirlər. Çünki rəqəmsallaşma bəzi peşələri sıradan çıxarır, lakin daha yaradıcı və yüksək texnoloji bilik tələb edən yeni sahələr yaradır. Bu o deməkdir ki, insanlar hər il rəqəmsal bacarıqlarını yeniləmək məcburiyyətində qalacaqlar. Artıq 50-dən çox ölkə milli süni intellekt strategiyasını qəbul edərək yeni çağırışlarla ayaqlaşmağa çalışır.
Azərbaycanın müasir inkişaf kursunda rəqəmsal keçidin vahid dövlət strategiyası kimi müəyyən edilməsi qlobal çağırışlara verilən ən çevik və uzaqgörən reaksiyadır. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə fevralın 11-də keçirilən "Azərbaycanın yeni rəqəmsal arxitekturası" üzrə müşavirə göstərdi ki, ölkəmiz rəqəmsal transformasiyanı artıq ayrı-ayrı layihələr kimi yox, vahid dövlət strategiyası kimi həyata keçirmək mərhələsinə qədəm qoyur. Müşavirə zamanı bir neçə həlledici mesaj verildi. Azərbaycan lideri xüsusi olaraq vurğuladı ki, dünyada gedən meyillər, trendlər bəllidir və bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Dövlət başçısı gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyin vacib olduğunu bildirdi: "Rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir".
Dövlətimizin başçısı data mərkəzlərinin yaradılmasının böyük enerji güclərini tələb etdiyini diqqətə çatdıraraq bu sahədə ölkəmizin üstünlüyə malik olduğunu söylədi: "Son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir. Hazırda bizim ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir". Prezidentin fikirləri Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyasının fundamental dayaq nöqtəsini, enerji təhlükəsizliyi və texnoloji infrastrukturun vəhdətini ortaya qoyur. Süni intellekt dövrünün ən böyük ehtiyacı "hesablama gücü"dür və bu gücü hərəkətə gətirən elektrik enerjisidir. Qlobal miqyasda böyük data mərkəzləri bəzən kiçik bir şəhər qədər enerji istehlak edir. 10 min meqavatlıq ümumi güc, xüsusilə 2 min meqavatlıq sərbəst enerji ehtiyatı ölkəmizi xarici texnoloji nəhənglər üçün cəlbedici edir. Hidro, Günəş və külək stansiyaları da rəqəmsallaşma üçün xüsusi əhəmiyyət daşıyır. Nəzərə alaq ki, müasir texnologiya şirkətləri öz serverlərini ekoloji təmiz enerji ilə qidalandırmağa çalışırlar. Azərbaycanın bərpaolunan enerji potensialı rəqəmsal arxitekturanın həm də dayanıqlı və ekoloji təmiz olmasını təmin edir.
Süni intellekt texnologiyalarının tətbiqi Azərbaycan üçün yeni iqtisadi perspektivlər açır. Əlbəttə, bunun üçün vətəndaşlara təqdim olunan xidmətlər daha operativ, əlçatan və şəffaf şəkildə vahid rəqəmsal platformalarda cəmləşməlidir. Azərbaycan Prezidentinin müşavirədə verdiyi önəmli tapşırıqlardan biri rəqəmsallaşma prosesinin dağınıq deyil, vahid koordinasiya mərkəzi tərəfindən tənzimlənməsi ilə bağlı idi. Dövlətimizin başçısı birmənalı vurğladı ki, bu sahədə dövlət qurumları arasında çox sıx koordinasiya aparılmalıdır: "Burada dövlət qurumları arasında sıx təmaslar olmalıdır, pərakəndəliyə yol verilməməlidir".
İndiki mərhələdə Azərbaycanın qarşısında rəqəmsal transformasiya, süni intellektin tətbiqi, kibertəhlükəsizlik və məlumatların qorunması kimi son dərəcə vacib məsələlər dayanır. Bu istiqamətlər təkcə texnoloji inkişaf məsələsi deyil, eyni zamanda milli təhlükəsizlik və dövlətin uzunmüddətli dayanıqlı inkişafı ilə birbaşa bağlıdır. Məhz buna görə də bu sahəyə yüksək səviyyədə diqqətin ayrılması, strateji planlaşdırmanın aparılması və peşəkar kadrların prosesə cəlb olunması cəmiyyətdə nikbinlik və gələcəyə böyük inam yaradır.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini