Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 13-15-də Almaniyaya səfəri və Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi çoxsaylı görüşlər, verdiyi müsahibələr və panel iclasındakı çıxışı ölkəmizin xarici siyasət kursunun ardıcıl, prinsipial və çoxşaxəli mahiyyətini bir daha nümayiş etdirdi. Bu səfər yalnız protokol xarakterli iştirak deyil, həm də Azərbaycanın regional və qlobal gündəlikdə artan rolunun təsdiqi kimi qiymətləndirilə bilər.
Çoxşaxəli diplomatik təmaslar Azərbaycan liderinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə xidmət edən ardıcıl səmərəli siyasi fəaliyyətinin göstəricisidir. Səfər çərçivəsində Prezident İlham Əliyevin bir sıra dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri Azərbaycanın Avropa, Yaxın Şərq və transatlantik məkanla münasibətlərinin intensiv xarakter aldığını göstərdi.
Bu görüşlərdə əsas diqqət çox mühüm istiqamətlərə, o cümlədən enerji təhlükəsizliyi və yaşıl enerji layihələri, nəqliyyat-kommunikasiya marşrutları, xüsusilə Orta Dəhliz, postmünaqişə dövründə regionda dayanıqlı sülh gündəliyi, təhlükəsizlik və sabitlik məsələlərinə yonəldilmişdir. Azərbaycanın təşəbbüskarı olduğu enerji və logistika layihələrinin Avropanın enerji şaxələndirmə siyasətində mühüm yer tutması və bu kontekstdə ölkəmizin artıq təkcə enerji təchizatçısı deyil, həm də etibarlı strateji tərəfdaş kimi çıxış etməsi ilə bağlı mesajlar aparılan fikir mübadilələrinin vacib komponentidir.
Fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə çıxış edən Prezident İlham Əliyev regional reallıqlar fonunda təhlükəsizlik arxitekturasının təhlilini vermişdir. Onun diqqətə çatdırdığı məsələlər əsasən regional təhlükəsizlik, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və sülh müqaviləsi perspektivləri mövzularını əhatə edir. Dövlətimizin başçısı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini vurğulayaraq, postmünaqişə mərhələsində əsas prioritetin sülh müqaviləsinin imzalanması və regionda uzunmüddətli sabitliyin təmin olunması olduğunu vurğulamışdır.
Çıxışda bir neçə prinsipial məqam ön plana çıxır. Buraya ilk növbədə suverenlik, daxili işlərə qarışmama və ümumiyyətlə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan Azərbaycanın mövqeyi açıqlanmış və ikili standartların qəbuledilməzliyi vurğulanmışdır. İkincisi, regional təhlükəsizlik modelinin region ölkələri tərəfindən formalaşdırılması kontekstində kənar müdaxilələrin sabitliyə xidmət etmədiyi açıq şəkildə ifadə edilmişdir. Bundan əlavə, cənab İlham Əliyev nəqliyyat və iqtisadi inteqrasiya kommunikasiya xətlərinin açılmasını Cənubi Qafqazda münaqişə risklərini azaldan faktor kimi dəyərləndirmişdir. Bu tezislər Azərbaycanın artıq regional gündəliyin obyektindən subyektinə çevrildiyini göstərir.
Prezident İlham Əliyevin Münxendə Azərbaycan jurnalistlərinə verdiyi müsahibə daha çox daxili auditoriyaya ünvanlanan ismarıclardan ibarətdir. Burada milli maraqların müdafiəsi, informasiya müstəvisində aparılan mübarizə və dövlətin prinsipial mövqeyi ön plana çıxarılmışdır. Dövlət başçısı vurğuladı ki, Azərbaycan beynəlxalq təzyiq və qərəzli yanaşmalar qarşısında öz suveren mövqeyindən geri çəkilməyəcək. Əsas mesaj ondan ibarət idi ki, Azərbaycanın siyasəti milli maraqlara əsaslanır, ölkənin gücü artdıqca beynəlxalq mövqeyi də möhkəmlənir, informasiya müharibəsi şəraitində obyektiv reallıqların dünya ictimaiyyətinə çatdırılması xüsusi əhəmiyyət daşıyır.
Bundan sonra Prezident İlham Əliyevin Fransanın “France 24” televiziya kanalına müsahibəni isə güclü məntiqə əsaslanan siyasi arqumentlər vasitəsi ilə Avropa auditoriyasına və ictimai rəyinə yönəlmiş strateji kommunikasiya adlandırmaq olar. Burada dövlətimizin başçısı regionda baş verən proseslərə dair Azərbaycanın baxışını əsaslandırılmış faktlarla təqdim etmiş, xüsusilə bəzi Avropa siyasi dairələrinin yanaşmalarında müşahidə olunan selektiv mövqelərə münasibət bildirmişdir. Bu müsahibə bir daha göstərdi ki, Azərbaycan artıq öz mövqeyini müdafiə edən deyil, onu formalaşdıran və izah edən tərəf kimi çıxış edir. Diplomatik ritorika faktoloji baza və siyasi arqumentlərlə müşayiət olunur.
Münxen səfərinin ümumi siyasi-geosiyasi əhəmiyyətinə gəlincə, burada yekun olaraq, düşünürəm ki, bir neçə strateji nəticəni qabartmaq vacibdir:
Azərbaycan beynəlxalq təhlükəsizlik arxitekturasının müzakirə olunduğu əsas platformada fəal iştirakçı kimi çıxış etdi;
regional sülh gündəliyinin müəllifi və təşəbbüskarı rolunu təsdiqlədi;
enerji və nəqliyyat layihələri vasitəsilə qlobal iqtisadi təhlükəsizliyə töhfəsini bir daha nümayiş etdirdi;
informasiya və diplomatik müstəvidə prinsipial mövqeyini açıq şəkildə ortaya qoydu.
Beləliklə, Prezident İlham Əliyevin Münxen səfəri Azərbaycan diplomatiyasının ardıcıl və strateji xəttinin davamının əks olunduğu siyasi hadisə kimi yaddaşlara həkk olundu. Səfərin yekunu həm də ölkəmizin artıq yalnız regionun deyil, daha geniş geosiyasi məkanın təhlükəsizlik və əməkdaşlıq gündəliyində söz sahibi olan aktora çevrildiyinin nümayişidir.
Əli Hüseynli
Milli Məclisin deputatı