1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşər tarixi ən dəhşətli qətliamlardan birinə şahidlik etdi. Dağlıq Qarabağ münaqişəsi gedişində Azərbaycanın Xocalı şəhərinin yerlə-yeksan edilməsi, dinc əhalinin amansızlıqla qətlə yetirilməsi sadəcə bir hərbi əməliyyat deyil, bir xalqa qarşı törədilmiş soyqırımı aktı idi.Xocalı strateji əhəmiyyətli bir məntəqə idi. Burada regionun yeganə mülki hava limanı yerləşirdi və şəhər mühüm nəqliyyat qovşağı rolunu oynayırdı. Xocalı faciəsini digər hərbi toqquşmalardan fərqləndirən əsas amil keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının bu qırğında birbaşa iştirakıdır. Alayın tərkibindəki zirehli texnika və artilleriya Xocalının müdafiə xəttini darmadağın etmək üçün istifadə olunub. İstintaq materialları sübut edir ki, alayın zabit heyətinin böyük hissəsi erməni əsilli şəxslərdən ibarət idi və onlar əməliyyatı şəxsən idarə edirdilər. Hücumdan dərhal sonra alay tələsik şəkildə Gürcüstana köçürüldü ki, bu da cinayət izlərinin gizlədilməsi cəhdi kimi qiymətləndirilir.
1991-ci ilin oktyabr ayından etibarən Xocalı tam mühasirəyə alınmışdı. Şəhərə gələn bütün yollar bağlanmış, elektrik enerjisi, qaz və su verilişi kəsilmişdi. Xocalı sakinləri aylarla çətin şəraitdə, yalnız helikopterlərlə gətirilən cüzi yardımlarla həyatda qalırdılar. Fevralın 25-i axşam saatlarından başlayaraq şəhər ağır artilleriya və zirehli texnikadan atəşə tutuldu. Gecə yarısı piyada qoşunlar şəhərə daxil oldu. Dinc sakinlər canlarını qurtarmaq üçün meşələrə, qarlı dağlara üz tutdular. Lakin onları qabaqcadan qurulmuş pusqular gözləyirdi.Xocalıda baş verənlər beynəlxalq hüquqa görə tam mənası ilə soyqırımı anlayışına uyğundur. BMT-nin 1948-ci il Konvensiyasına əsasən, milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilən əməllər soyqırımı hesab olunur.
Xocalıdan sağ çıxanların xatirələri insanı sarsıdır. Donmuş meyitlərin üzərində ağlayan uşaqlar, dırnaqları çıxarılan əsirlər, süngüyə keçirilən körpələr... Xarici jurnalistlər (məsələn, Tomas de Vaal, Yuri Romanov, Çingiz Mustafayev) bu dəhşəti kadrlarla və yazılarla tarixə həkk etdilər.Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin çəkdiyi kadrlar olmasaydı, dünya bəlkə də bu vəhşiliyin miqyasını heç vaxt tam dərk etməyəcəkdi. Xocalı soyqırımı Azərbaycan xalqının qəlbində sağalmaz bir yaradır, lakin bu yara bizi daha da güclü və bir yumruq kimi birləşmiş etdi. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu gün Xocalıda yenidən Azərbaycan bayrağı dalğalanır və şəhər yenidən qurulur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən start verilən "Justice for Khojaly" kampaniyası sayəsində dünya ictimaiyyəti bu həqiqətləri daha yaxından tanımağa başlamışdır. Bu gün bir çox ölkə (Meksika, Pakistan, Kolumbiya, Çexiya, Rumıniya və s.) və ABŞ-ın 20-dən çox ştatı Xocalı hadisələrini soyqırımı və ya qətliam kimi tanımışdır. Xocalı qurbanlarının qisası döyüş meydanında alındı, lakin hüquqi müstəvidə mübarizə davam edir. Bu cinayəti törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab verməsi tarixi zərurətdir.
Cahangir Məmmədli
YAP Naxçıvan şəhər təşkilatının əməkdaşı