1992-ci ilin fevral ayının 26-da Xocalıda baş verən faciə Azərbaycan xalqının tarixində ən dəhşətli soyqırımlarından biri kimi qalır. Həmin gecə dinc və silahsız əhali amansız hücuma məruz qaldı. 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi, yüzlərlə insan yaralandı, minlərlə sakin doğma yurd-yuvasından didərgin düşdü. Bu hadisə yalnız bir şəhərin faciəsi deyil, bütöv bir xalqın ürəyinə vurulan sağalmaz yara idi.Xocalı soyqırımı beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, insanlığa qarşı törədilmiş ağır cinayət idi. Körpələrin, qadınların, qocaların hədəfə alınması bu faciənin miqyasını və qəddarlığını bir daha sübut edir. Aradan 34 il keçməsinə baxmayaraq, Xocalının ağrısı hər bir azərbaycanlının qəlbində yaşayır.Faciəyə dövlət səviyyəsində ilk hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi qərarla Xocalı hadisələri soyqırımı kimi tanındı. Heydər Əliyev bu faciənin dünya ictimaiyyətinə çatdırılmasını prioritet məsələ elan etdi. Onun uzaqgörən siyasəti nəticəsində Xocalı həqiqətləri beynəlxalq tribunalar vasitəsilə dünyaya çatdırıldı və bu istiqamətdə sistemli fəaliyyətin əsası qoyuldu.Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Prezident İlham Əliyev hər zaman vurğulayır ki, Xocalı soyqırımı unudulmamalı və onu törədənlər beynəlxalq hüquq qarşısında cavab verməlidirlər. Onun rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət nəticəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlar Xocalı faciəsinə öz hüquqi və siyasi münasibətlərini bildiriblər.2020-ci ildə əldə olunan tarixi Zəfərdən sonra Xocalı torpaqlarının azad olunması xalqımız üçün böyük mənəvi qələbə oldu. Prezident İlham Əliyevin Xocalıya səfəri, şəhərdə Azərbaycan bayrağını ucaltması və burada aparılan yenidənqurma işlərinə start verməsi xüsusi rəmzi məna daşıyır. Bu, həm şəhidlərin ruhuna ehtiram, həm də tarixi ədalətin bərpasının təntənəsidir. Bu gün Xocalıda həyat yenidən canlanır, dağıdılmış evlərin yerində yeni yaşayış məntəqələri salınır, infrastruktur qurulur, doğma torpaqlar öz sahiblərini qarşılayır.Xocalı faciəsi bizim milli yaddaşımızdır. Bu hadisə həm kədərimiz, həm də birliyimizin və mübarizə ruhumuzun göstəricisidir. Xocalı şəhidlərinin qanı yerdə qalmadı, onların arzuları azad Qarabağda reallığa çevrildi.Biz Xocalını unutmadıq və unutmayacağıq. Xocalı həqiqətləri daim yaşayacaq, gələcək nəsillərə ötürüləcək.
Hacı Məmmədov
YAP Kəngərli rayon təşkilatının fəalı