1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı baş verdi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olub. Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində bunu təsdiqləyən bütün məqamlar açıqlanıb. Xocalı soyqırımı təkcə Azərbaycan tarixinin deyil, bütövlükdə bəşər yaddaşının ən ağrılı və sarsıdıcı səhifələrindən biridir. 1992-ci ilin fevralında baş verən bu faciə, dinc əhaliyə qarşı yönəlmiş misli görünməmiş zorakılıq aktı kimi müasir dövrün ən dəhşətli humanitar cinayətlərindən biri olaraq tarixə həkk olunub.
Xocalı şəhəri strateji mövqeyinə görə xüsusi əhəmiyyət daşıyırdı. 1992-ci ilin fevralında şəhər mühasirəyə alınmış, sakinlər uzun müddət ərzaq və tibbi yardımdan məhrum edilmişdi. Fevralın 25-dən 26-na keçən gecə həyata keçirilən hücum zamanı 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, yüzlərlə insan yaralandı və əsir götürüldü. Ailələr tamamilə məhv edildi, uşaqlar valideynlərini, valideynlər isə övladlarını itirdi. Bu hadisə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və insanlığa qarşı cinayət kimi tarixə düşdü.Xocalı faciəsi dünyada törədilən bir çox soyqırımı hadisələrindən dəhşətli olsa da, bu hadisəyə uzun müddət hüquqi-siyasi qiymət verilməmişdir. Xocalı soyqırımından sonra həmin dövrdə Azərbaycana rəhbərlik edənlər bu faciəyə biganə münasibət göstərmiş, xalqımıza qarşı törədilən cinayəti ört-basdır etməyə çalışmışlar. Yalnız həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən Ümummilli Liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənləri və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Ulu Öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, faciə bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək 18 ölkənin qanunverici orqanı, həmçinin ABŞ-ın 24 ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında “Xocalıya ədalət” kampaniyası da böyük əhəmiyyətə malikdir. Bu kampaniyanın təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixində başlayan, 44 gün davam edən Vətən müharibəsində və 2023-cü ilin sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu. Bununla da ölkə özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Ata vəsiyyəti 30 il sonra reallığa çevrildi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2023-сü ilin oktyabrın 15-də Xocalı şəhərində Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir. Soyqırımı şəhəri kimi yaddaşımızda qalan Xocalı indi yenidən dirçəlir. Azad edilmiş digər ərazilərimiz kimi, Xocalı da quruculuq mərhələsini yaşayır. 2024-cü ilin 28 may tarixində Böyük Qayıdışın Xocalı səhifəsi yazıldı. Xocalı şəhəri ilk sakinlərinə qovuşdu. Dövlətimizin başçısı İlham Əliyevin bu günədək Xocalıya dəfələrlə səfərləri olub. Hər bir səfər Böyük Qayıdış Proqramının uğurlu icrasının təsdiqi olan mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb. Prezident İlham Əliyev ötən ilin sentyabrında Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə böyük qürur hissi ilə belə bir əminliyi ifadə etmişdir ki, bundan sonra həyatınızda ancaq sevincli günlər olacaqdır. Tarixi həqiqətlərin dünyaya çatdıtılması, günahkarların məsuliyyətə cəlb edilməsi və azad edilmiş torpaqlarda həyatın bərpası göstərir ki, Xocalı artıq yalnız keçmişin faciəsi deyil, həm də ədalətin, dirçəlişin və milli iradənin simvoludur
Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri