PDF Oxu

Siyasət

  • 1 016

Azərbaycanın enerji siyasətində yeni mərhələ - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışı ölkənin enerji strategiyasının yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Bu iclas təkcə enerji sektoruna dair texniki məsələlərin müzakirəsi ilə məhdudlaşmadı, eyni zamanda Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf modeli, ekoloji təhlükəsizlik siyasəti və beynəlxalq tərəfdaşlıq istiqamətləri baxımından mühüm mesajlarla yadda qaldı.

Prezident çıxışında vurğuladı ki, təbii qazın əsas mənbəyi olan “Şahdəniz” yatağımızla bağlı olaraq deyə bilərəm ki, 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik. Qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək.

Azərbaycan ənənəvi enerji resursları ilə zəngin ölkə olmaqla yanaşı, artıq yaşıl enerji keçidini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Bu yanaşma ölkənin enerji balansında bərpaolunan mənbələrin payının artırılmasını, ixrac potensialının genişləndirilməsini və ekoloji dayanıqlığın təmin olunmasını hədəfləyir. Dünyada baş verən iqlim dəyişiklikləri, enerji bazarlarında dalğalanmalar və yeni texnologiyaların sürətli inkişafı dövlətləri enerji siyasətlərini yenidən nəzərdən keçirməyə vadar edir. Azərbaycan da bu qlobal çağırışlara çevik və praqmatik yanaşma nümayiş etdirir. Yaşıl Enerji Məşvərət Şurasının fəaliyyəti dövlət qurumları, beynəlxalq maliyyə institutları və özəl sektor arasında koordinasiyanın gücləndirilməsinə xidmət edir. 12-ci iclasda əsas diqqət bərpaolunan enerji layihələrinin icra vəziyyətinə, qarşıda duran hədəflərə və investisiya imkanlarına yönəldildi. Azərbaycanın məqsədi yalnız daxili tələbatı yaşıl enerji hesabına ödəmək deyil, həm də Avropa bazarlarına təmiz enerji ixrac edən etibarlı tərəfdaş olmaqdır.

Çıxışda xüsusi yer tutan məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji zonası” elan olunması idi. Prezident bildirdi ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında enerji infrastrukturu tamamilə müasir və ekoloji standartlara uyğun şəkildə qurulur.Bu bölgələrdə su elektrik stansiyaları, günəş və külək elektrik stansiyaları inşa edilir. Məqsəd həmin ərazilərin enerji təminatını tam şəkildə bərpaolunan mənbələr hesabına həyata keçirməkdir. Bu yanaşma həm ətraf mühitin qorunmasına, həm də regionun dayanıqlı inkişafına töhfə verir.

Yaşıl enerji zonası konsepsiyası Azərbaycanın beynəlxalq miqyasda innovativ enerji siyasəti aparan ölkə kimi mövqeyini möhkəmləndirir.Azərbaycanın əlverişli investisiya mühiti, sabit siyasi vəziyyəti və aydın strateji prioritetləri xarici investorların marağını artırır. Artıq ölkədə bir sıra böyük həcmli günəş və külək elektrik stansiyalarının tikintisi üzrə müqavilələr imzalanıb və layihələr icra mərhələsindədir. Bu layihələr Azərbaycanın enerji balansında bərpaolunan mənbələrin payını əhəmiyyətli dərəcədə artıracaq.Eyni zamanda, “yaşıl hidrogen” istehsalı və ixracı perspektivləri də müzakirə mövzusu oldu. Prezident bildirdi ki, gələcəkdə Azərbaycan yalnız elektrik enerjisi deyil, həm də alternativ yanacaq növləri üzrə ixrac imkanlarını genişləndirə bilər.

Enerji təhlükəsizliyi Azərbaycanın milli təhlükəsizlik strategiyasının ayrılmaz hissəsidir. Ənənəvi enerji resursları ölkəyə iqtisadi güc və beynəlxalq nüfuz qazandırıb. Lakin yaşıl enerji siyasəti bu nailiyyətləri tamamlayan və uzunmüddətli perspektivdə daha dayanıqlı model yaradan amildir.Yaşıl enerji layihələrinin icrası karbon emissiyalarının azaldılmasına, ekoloji balansın qorunmasına və beynəlxalq iqlim öhdəliklərinin yerinə yetirilməsinə xidmət edir. Azərbaycan qlobal iqlim təşəbbüslərində fəal iştirak edir və bu istiqamətdə üzərinə götürdüyü öhdəlikləri ardıcıl şəkildə yerinə yetirir. Azərbaycan uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Qaz ixracı sahəsində əldə olunan uğurlar indi yaşıl enerji istiqamətində də davam etdirilir.Qara dəniz vasitəsilə yaşıl enerjinin Avropaya ötürülməsi layihələri strateji əhəmiyyət daşıyır. Bu təşəbbüslər Azərbaycanın regional və qlobal enerji xəritəsində rolunu daha da gücləndirəcək.Bundan əlavə, texnologiya transferi və innovasiyaların tətbiqi ölkənin sənaye potensialını gücləndirir .Enerji keçidi iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına da mühüm töhfə verir.Azərbaycan yalnız enerji resurslarına malik ölkə deyil, həm də gələcəyin enerji modelini formalaşdıran dövlətlər sırasındadır.

Yaşıl enerji kursu iqtisadi inkişaf, ekoloji təhlükəsizlik və beynəlxalq əməkdaşlıq baxımından ölkənin uzunmüddətli maraqlarına xidmət edir. Prezidentin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın dayanıqlı inkişaf yolunda inamla irəlilədiyini nümayiş etdirir.

Azər Ağayev

YAP Tərtər rayon təşkilatının sədr müavini

Digər xəbərlər