PDF Oxu

Siyasət

  • 448

Enerji təhlükəsizliyindən yaşıl gündəliyə keçid - ŞƏRH

image

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkənin enerji strategiyasının əsas istiqamətləri, regional və beynəlxalq əməkdaşlıq perspektivləri barədə ətraflı fikirlərini bölüşüb.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan uzun illərdir enerji sahəsində etibarlı tərəfdaş kimi tanınır və bu etimad konkret əməli fəaliyyətə əsaslanır. Onun sözlərinə görə, enerji təhlükəsizliyi bu gün bir çox ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib və Azərbaycan bu sahədə üzərinə düşən öhdəlikləri daim məsuliyyətlə yerinə yetirib. Prezident qeyd edib ki, Cənub Qaz Dəhlizi artıq bir neçə ildir uğurla fəaliyyət göstərir və Avropanın enerji təchizatında mühüm rol oynayır.

Çıxışında dövlət başçısı qaz ixracının coğrafiyasının genişləndiyini, Azərbaycan qazına olan tələbatın artdığını diqqətə çatdırıb. Bildirilib ki, artan tələbat mövcud infrastrukturun genişləndirilməsini və əlavə investisiyaların cəlb olunmasını zəruri edir. Bu baxımdan tərəfdaş ölkələr və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.

Prezident İlham Əliyev eyni zamanda Azərbaycanın enerji siyasətində yeni mərhələnin – yaşıl enerji keçidinin başladığını qeyd edib. Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində çıxışında dövlət başçısı bildirib ki, Bu istiqamətdə də müsbət nəticələr barədə məlumat verə bilərik. Cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı olub. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata keçirilib.Bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik. Burada bizdə xarici sərmayədarlardan və yerli şirkətlərdən ibarət müsbət kombinasiya mövcuddur. Yerli şirkətlər dedikdə, əlbəttə ki, SOCAR-ı nəzərdə tuturam. Lakin təkcə SOCAR yox, həmçinin özəl şirkətlər alternativ enerji mənbələrinə investisiya yatırmağa başlayıb, çünki burada böyük potensial və bazarda tələbat var.Artıq ötürücü xətlər mövcuddur, lakin daha çox ötürücü xətlər olacaq. Biz bu məsələ üzərində işləməliyik. Biz enerji kabelləri - Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birlikdə işləməliyik. Hər iki müqavilə imzalanıb və bir layihədə iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir, digər layihədə isə bu iş davam edir.Bütün bu layihələrin reallaşacağı zaman onlar çox dayanıqlı olacaq və deyərdim ki, bir çox ölkələrin enerji dəhlizləri üçün ekzistensial əhəmiyyət kəsb edəcək. Azərbaycan zəngin bərpa olunan enerji potensialına malikdir. Xüsusilə günəş və külək enerjisi, o cümlədən Xəzər dənizinin külək potensialı ölkənin gələcək inkişaf strategiyasında mühüm yer tutur.

Dövlət başçısı vurğulayıb ki, artıq bir sıra beynəlxalq enerji şirkətləri ilə bərpa olunan enerji layihələri üzrə müqavilələr imzalanıb və bu layihələr yaxın illərdə ölkənin enerji balansında mühüm paya sahib olacaq. Bununla yanaşı, Azərbaycan gələcəkdə yaşıl enerjinin ixracı imkanlarını da nəzərdən keçirir. Bu istiqamətdə regional əməkdaşlıq və yeni enerji dəhlizlərinin formalaşdırılması əsas hədəflər sırasındadır.
Çıxışda qeyd olunub ki, Azərbaycan həm ənənəvi enerji resurslarının etibarlı təchizatçısı, həm də qlobal enerji transformasiyasına töhfə verən məsuliyyətli ölkə kimi fəaliyyətini davam etdirəcək. Enerji siyasətinin əsasını isə qarşılıqlı etimad, uzunmüddətli tərəfdaşlıq və dayanıqlı inkişaf prinsipləri təşkil edir.
Beləliklə, keçirilən iclaslar bir daha göstərdi ki, Azərbaycan regional enerji mərkəzi olmaqla yanaşı, həm də yaşıl enerji gündəliyinin fəal iştirakçısına çevrilməkdə qərarlıdır.

Sevda Quluyeva

YAP Kəngərli rayon təşkilatının sədri

Digər xəbərlər