PDF Oxu

Siyasət

  • 948

Vətən sevgisinə tapınan qəhrəmanlıq - FOTO

image

Azərbaycanın Milli Qəhrəmanı Elşad Saday oğlu Əhədovun ömür yolu cəmi 25 il oldu. Qaldı ki, Vətən-torpaq uğrunda canını fəda etməklə qəlblərdə özünə əbədi abidə ucaldıb. Ulduzlu dünyasında ömrünün 59-cu ilinə qədəm qoyan qəhrəman oğlumuz cismən aramızdan getsə də, bizim üçün iftixar mənbəyi və qürur yeridir. Qərinələr keçəcək, gələcək nəsillərə də onun şərəfli həyat yolu örnək olacaq.

Azərbaycan xalqının əzizi, Masallı elinin fəxri Elşad Əhədov doğma Təzə Alvadı kəndində 1982-ci ildə yeddinci sinfi bitirib, bitib-tükənməyən hərbi sevgisi onu C. Naxçıvanski adına Hərbi liseyə aparıb. Burada yaxşı oxuması, təlimlərdə çevikliyi, vətənpərvərliyi ona hörmət qazandırıb. Sonra seçdiyi peşədə daha mükəmməl olmaq üçün Ukraynada Ali Komandirlər Məktəbini bitirib.1989-cu ildə baş leytenant rütbəsi alıb, təyinatla Volqoqrad vilayətindəki hərbi hissələrdən birinə rota komandiri göndərilib. Vətəndən kənarda nümunəvi xidməti hesabına böyük rəğbət sahibi olan Azərbaycanın mərd oğlu erməni dığalar tərəfindən Qarabağın işğalını dözə bilməyib və doğma Vətənə dönüb. Əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra isə Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərib.

Vətənə dərin məhəbbəti Elşad Əhədovu döyüş bölgəsinə aparıb. İşğalçı düşməndən qisas almaq məqsədilə polad sinəsini irəli verib. Döyüş yolu Füzuli rayonu ərazisindən başlayan gənc zabit dəfələrlə ağır döyüşlərdə olub, düşmənlə üz-üzə gəlib. Vətən naminə ölümün gözünə dik baxıb, odlu-alovlu səngərlərdən qalib çıxıb. Elşad Əhədov Beyləqanın müdafiəsində də böyük hünər və şücaət göstərək, özünə layiq ad qoyub. Onun minaladığı sahəyə 8 düşmən tankı, onlarla erməni yaraqlısı düşərək məhv edilib.

1993-cü il dekabrın 11-də yağı düşmən qəflətən Ağdaş yüksəkliyinə hücum çəkir. Sayca iki dəfə çox olan erməni quldurların qarşısını almaq üçün Elşad Əhədovun potası döyüşə atılır. Qeyri-bərabər döyüşdə o, ağır yaralanır. Həkimlərin cidd-cəhdinə baxmayaraq, komandirin həyatını xilas etmək mümkün olmur. Vətən sevdalı ürəyi əbədi dayanır.

Qəhrəmanlığı dillərdə dastan olan Elşad həm də özündən sonra xalqına iki övlad əmanət qoyub.

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1993-cü il tarixli Fərmanı ilə Elşad Saday oğlu Əhədov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Təzə Alvadı kəndində dəfn edilib. Kənd orta məktəbi və parkı qəhrəmanın adınadır.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər