Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirildi. 2015-ci ilin fevralından başlayaraq hər il keçirilən tədbirdə ötən bir ildə Azərbaycanın, eyni zamanda, iştirakçı ölkələrin enerji sektorunda qazandığı uğurlar geniş təhlil edilir, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi istiqamətində müzakirələr aparılır. Builki toplantıya Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatıldı. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak etdilər. Açılış sessiyasından sonra toplantı Nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi” və “Yaşıl enerji layihələri” üzrə plenar sessiyalarla davam etdi. Məşvərət Şurası çərçivəsində Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya dəyirmi masası keçirildi. Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransı təşkil olundu.
Toplantıdakı çıxışında “Yenə də görürük ki, istehsalçı Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur. Hesab edirəm ki, məhz bu birlik, birgə maraqlar və qarşılıqlı fayda prinsipi on ildən artıq davam edən uğurlu yolumuzun əsas amilidir” söyləyən cənab İlham Əliyev bildirdi ki, biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, ötən dəfə də qeyd etdiyimiz kimi, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır.
Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaratdı. Bununla yanaşı, Azərbaycan yaşıl enerji sahəsində də iddialı planlar quraraq, bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm addımlar atır. Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcıdır. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bu enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev sözügedən çıxışında “Artıq bir neçə ildir ki, Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin bir hissəsi də yaşıl gündəlikdir və bu istiqamətdə də müsbət nəticələr barədə məlumat verə bilərik. Cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı olub. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata keçirilib” vurğulayaraq onu da bildirdi ki, bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik. Burada bizdə xarici sərmayədarlardan və yerli şirkətlərdən ibarət müsbət kombinasiya mövcuddur. Yerli şirkətlər dedikdə, əlbəttə ki, SOCAR-ı nəzərdə tuturam. Lakin təkcə SOCAR yox, həmçinin özəl şirkətlər alternativ enerji mənbələrinə investisiya yatırmağa başlayıb, çünki burada böyük potensial və bazarda tələbat var: “Artıq ötürücü xətlər mövcuddur, lakin daha çox ötürücü xətlər olacaq. Biz bu məsələ üzərində işləməliyik. Biz enerji kabelləri - Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birlikdə işləməliyik. Hər iki müqavilə imzalanıb və bir layihədə iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir, digər layihədə isə bu iş davam edir. Bütün bu layihələrin reallaşacağı zaman onlar çox dayanıqlı olacaq və deyərdim ki, bir çox ölkələrin enerji dəhlizləri üçün ekzistensial əhəmiyyət kəsb edəcək. Alternativ enerji ilə bağlı planlarımız artıq imzalanmış müqavilələrə əsaslanır”.
Cənab İlham Əliyev Azərbaycanın ötən bir ildə enerji sektorunda qazandığı uğurlardan geniş bəhs etdi. Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirməsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi əsas hədəflərdəndir. Azərbaycan 16 ölkəyə qaz ixrac edir. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Reallıqlar, eyni zamanda, qarşıdakı dövrün planları qaz təchizatımızın coğrafiyasının daha da genişləndiriləcəyini təsdiqləyir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri