“Biz öz milli-mənəvi dəyərlərimizə sadiqik, bu dəyərləri qoruyuruq, saxlayırıq, ənənələri yaşadırıq və bizim gücümüz də bundadır” - İlham Əliyev
Müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda yüksək nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin tarixi-mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə müəyyən təhlükə meyilləri də özünü qabarıq göstərir.
Milli-mənəvi dəyərlərin aşılanmasında məktəblərin rolu
Şərq-Qərb sivilizasiyasının bir-birinə yaxınlaşdığı, bəzən də gizli və açıq mübarizələrin getdiyi bir zamanda soykökə qayıdışın, milli özünüdərkin böyük əhəmiyyəti vardır. Xalqın tarixən formalaşmış yüksək əxlaqi-mənəvi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək əsas vəzifələrdəndir.
Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması xüsusilə aktuallıq kəsb edir. Ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək, “Gənclərimiz milli ruhda, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır”.
Respublikanın gələcək taleyi onun gənclərindən asılı olduğu üçün təhsildə aparılan islahatlar milli ənənələrimizə, milli dəyərlərimizə söykənərək soykökünə bağlı şəxsiyyətin formalaşdırılmasına xidmət etməlidir. Müasir tərbiyədə məktəbli-müəllim-valideyn münasibətlərinin yeni prizmada tənzimlənməsi, tərbiyə işində ideal məqsədin məzmununun müasir tələblər baxımından dəyişməsi, yeniləşməsi və təkmilləşməsi humanitar fənlərin məzmununda ifadə olunmuş milli-mənəvi dəyərlərə kompleks yanaşmağı tələb edir. Milli soykökə qayıdış, milli özünüdərk ailədə uşaqların tərbiyəsindən başlayaraq məktəbəqədər müəssisələrdə və orta məktəblərdə davam etdirilməlidir.
Milli-mənəvi dəyərlərin ailədən formalaşması
Şəxsiyyətin yetişməsində mühitdən də əvvəl ailənin rolu böyükdür. Əsas dəyərlər məhz ailədə doğulur və formalaşmağa başlayır. Azərbaycanlı milli düşüncəsində ailə kiçik dövlət modeli kimi qəbul edilməklə, müqəddəs və ülvi sayılır. Böyüklərə ehtiram və hörmət, uşaqlara sevgi, diqqət və qayğı zəngin milli-mənəvi dəyərlərimizin başlıca qayəsini təşkil edir. Gənclərin ədalət və düzgünlük, humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərhəmət, xeyriyyəçilik, cəsarət və şücaət, mərdlik, təmizlik, halallıq, milli-mənəvi dəyərlərə bağlılıq, böyüklərə hörmət, əməksevərlik ruhunda tərbiyə edilməsindən əsas rollardan birini də ailə oynayır. Ona görə də, ailələrdə bu məsələlərə viddi fikir verilməlidir.

Təlim-tərbiyə işinin təşkilində dini maarifləndirilmənin də rolunu xüsusi qeyd etmək lazımdır. Bütün əxlaqi kateqoriyaların şərhi yolu ilə gənclərə sağlam həyat tərzi, düzgün yaşam fəlsəfəsi təbliğ olunmalı, milli-mənəvi və bəşəri dəyərlərə sadiqlik prinsipi önə çəkilməlidir. Gənc nəslin tərbiyəsində bədii ədəbiyyatın, mədəniyyətin, incəsənətin, folklor nümunələrinin, o cümlədən tanınmış yazıçı və şairlərin əsərlərinin mühüm rolu vardır. Eyni zamanda, vətəndaşlarda dövlətçilik təfəkkürünün, millətə, Vətənə bağlılıq hisslərinin gücləndirilməsi baxımından dövlət atributlarına– Azərbaycanın bayrağına, himninə, gerbinə ehtiram və hörmətin vacibliyi təbliğ edilməlidir.
“Gənclər milli-mənəvi dəyərlərimizlə tərbiyə olunmalıdır”
Ümummili lider bunu belə təsvir etmişdir: ”Gənclərin ləyaqətli vətəndaş kimi yetişməsi üçün onlar hərtərəfli biliyə, milli keyfiyyətlərə malik olmalıdırlar. Öz dili, mədəniyyəti, mənəvi dəyərləri ilə tərbiyə olunmuş gənclər hec vaxt vətəninə, xalqına ögey münasibət bəsləməz. Gənclərimiz milli ruhda tərbiyə olunmalı, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidirlər. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir”.
Milli dəyərlərin, milli adət-ənənələrin zəruriliyi mərhum Heydər Əliyevin məruzə və çıxışlarında həmişə qürurla söylənilirdi. O, göstərirdi ki, milli-mənəvi dəyərlər xalqın mənəvi sərvəti, mənəvi xəzinəsidir, bu sərvətə, xəzinəyə biganə olmaq cinayətdir. Ümummilli liderimiz Heydər Əliyev bu sahədə görüləcək işlərin perspektivini müəyyənləşdirmişdi: “Biz oz dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu sınaqlardan kecmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik. Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Hec vaxt iki xalq bir-birinə bənzəməz və oxşar dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə tərbiyələndirməliyik”.
Milli-mənəvi dəyərlər deyilərkən nələr nəzərdə tutulur?
Milli-mənəvi dəyərlər, əlbəttə, çox geniş məfhumdur. Lakin burada birinci növbədə torpaq, dil, ocaq, əcdad, övlad və qadınla bağlı şərəf, ləyaqət və namus ənənələrini nəzərdə tutmaq lazımdır. Müasir Avropada və Amerikada bir sıra xalqların milli faciə, qlobal fəlakət kimi yaşadığı müasir əxlaqi demoqrafik bəlalara qarşı ən yaxşı sipər milli-mənəvi dəyərlərimizdir.

Müstəqil Azərbaycan dövlətinin mədəniyyət siyasətinin həyata kecirilməsində əsas çətinliklərdən biri də qloballaşmadır. Müstəqilliyə qədəm qoymuş gənc bir dövlət üçün qloballaşma adı altında milli-mənəvi dəyərlərinin sıxışdırılması, onun məhvinə gətirib cıxara bilər. Qloballaşma beynəlxalq aləmdə labüd olan bir proses kimi həyatımızdan yan kecə bilməz. Bir şərtlə ki, bu prosesdən ümumi inkişafımız üçün səmərəli istifadə edə bilək.
Azərbaycan dünyada multikulturalizm dəyərlərinin nümunəsi kimi, etnik, dini, sosial mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər, həmrəy və qarşılıqlı dostluq şəraitində yaşadığı unikal ölkələrdəndir. Bu bəşəri dəyər olmamışdan əvvəl bizim milli dəyərimiz olub- lap qədimdən bu ənənə yaşadılıb bu günlərə kimi davam etdirilir. Hazırda isə bu, həm dövlət siyasəti, həm də ictimai münasibətlər sistemi kimi inkişaf etdirilir.
Ölkəmizin gələcəyi gənclərdən asılıdır. Milli-mənəvi dəyərlərimizi də, gələcək elmi-texniki, sosial-iqtisadi inkişafımızı da gənclər qoruyacaq, təmin edəcək, yaşadacaq.
Elçin Bayramlı