Yeni geosiyasi reallıqlar və Azərbaycanın artan rolu
Günümüzün reallıqları Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun təqdimatıdır. Hər zaman qeyd olunduğu kimi, iqtisadi müstəqillik siyasi müstəqilliyin təmin edilməsində əsas amillərdən biridir. Azərbaycanın malik olduğu iqtisadi imkanlardan səmərəli istifadə etmək üçün atdığı davamlı addımlar bu gün beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderilyini qorumasında, rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi mövqeyini möhkəmləndirməsində əhəmiyyətli rol oynayır. Azərbaycanın coğrafi mövqeyi, əlverişli tranzit imkanları ölkələr, xalqlar arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsində stimulverici amildir. Azərbaycanın təşəbbüsləri və liderliyi ilə reallaşdırılan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı regionda sabitliyi möhkəmləndirir, iqtisadi inteqrasiyanı sürətləndirir və enerji təhlükəsizliyini təmin edir. Bu layihələr Azərbaycanın strateji mövqeyini gücləndirərək, Avropa və Asiya arasında qlobal dəyər zəncirinin və enerji təchizatının mühüm komponentinə çevrilir.
Bu baxımdan Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) Azərbaycanın yeni tranzit imkanlarının genişləndirilməsində mühüm rol oynayacaq. Dövlət başçısı İlham Əliyevin ötən ilin avqustunda ABŞ-a işgüzar səfərindən bu günədək keçilən yola nəzər salsaq ölkəmizin yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə söz sahibliyinin daha da möhkəmləndiyini aydın görə bilərik. Təbii ki, həmin səfər çərçivəsində Ermənistanla əldə olunan tarixi sülh razılaşması, imzalanan Birgə Bəyannamə Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinə beynəlxalq dəstəyin təqdimatı oldu. Prezident İlham Əliyevin daim müsahibələrində qeyd etdiyi kimi, bu tarixi sənədin Ağ Evdə Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə imzalanması o deməkdir ki, münaqişə bitib və biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq. Sülh şəraitində yaşamağı öyrənirik və bu, çox yaxşı bir hissdir. Azərbaycanın Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına təsisçi kimi qoşulması ölkəmizin beynəlxalq miqyasda sülh, dialoq və qarşılıqlı anlaşma dəyərlərinə sadiqliyinin göstəricisidir. Dövlət başçısı İlham Əliyevin bu ilin yanvarında Davos İqtisadi Forumunun ənənəvi keçirilən iclası çərçivəsində “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması mərasimində, fevral ayında isə Vaşinqtonda baş tutan Sülh Şurasının ilk iclasında iştirakı bir daha dövlətimizin başçısına böyük etimadın, Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatı oldu.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın beynəlxalq nüfuzunun artmasını təsəvvür etmək üçün təkcə cari ilin ötən dövründə Prezident İlham Əliyevin xarici ölkələrə, həmçinin bu və ya digər ölkələrin rəhbərlərinin Azərbaycana səfərlərinin, dövlətimizin başçısının qatıldığı beynəlxalq tədbirlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün birinci xanım Mehriban Əliyeva ilə birlikdə Almaniya Federativ Respublikasında səfərdə oldu. Konfrans çərçivəsində dövlət başçısı İlham Əliyevin qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlər, Azərbaycanın televiziya kanallarına, həmçinin “France 24” telekanalına müsahibəsi ölkəmizin möhkəmlənən iqtisadi və siyasi mövqeyinin bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə, Serbiyaya işgüzar səfərləri, ABŞ-ın Vitse prezdienti Cey. Di. Vensin ölkəmizə rəsmi səfəri və səfər zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması, həmçinin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın martın 11-də Azərbaycana rəsmi səfəri və sair kimi xarici siyasətimizin əsas tərkib hissəsi olan müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin hazırkı inkişaf səviyyəsinə işıq salan mühüm məqamlar Azərbaycanın hər zaman yeni körpülər qurmaqda nə qədər maraqlı olduğunu nümayiş etdirir. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirildi. Prezident İlham Əliyev mərasimdəki çıxışında bir daha qeyd etdi ki, bugünkü mükafatlandırma mərasimi və hörmətli münsiflər heyəti ilə bütün dostlarımız tərəfindən səylərimizin qiymətləndirilməsi olduqca ruhlandırıcıdır. Bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür.
Göründüyü kimi, qarşılıqlı səfərlər münasibətlərdə yeni səhifənin açılmasının əsasıdır. Çünki bu səfərlər zamanı əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə, əlaqələrin yeni prioritetlər üzrə inkişafına yol açan müzakirələr aparılır, sənədlər imzalanır.
Vüqar Rəhimzadə vurğulayıb ki, 44 günlük Vətən müharibəsindəki Qələbəmizdən sonra Azərbaycanın iqtisadi və siyasi mövqeyinin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Bütün bunlar dövlətimizin dövrün hər bir çağırışını yüksək səviyyədə yerinə yetirməsi ilə səciyyələnir. Bu günlərdə ənənəvi olaraq keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında, həmçinin bir müddət öncə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə də bu kimi məqamlara bir daha nəzər salındı.
Milli Məclisin deputatı bildirib ki, Azərbaycan bu ilin 17-22 may tarixlərində Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən birinə - Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcək. Məzmununa və əhatə dairəsinə görə bu Forum BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Bu mühüm tədbirin Bakıda təşkili yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirir. Yeri gəlmişkən, Azərbaycan müasir şəhərsalma təcrübəsini 2022-2023-cü illərdə keçirilən milli şəhərsalma forumlarında geniş nümayiş etdirdi. Ağdamda, Zəngilanda və Xankəndidə keçirilən bu tədbirlərin hər biri özündə mühüm çağırışları ehtiva etdi. Prezident İlham Əliyev ötən il Xankəndi şəhərində keçirilən Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində belə bir əminliyi ifadə etdi ki, bugünkü Forum 13-cü Ümumdünya Şəhərsalma Forumuna gedən yolda mühüm mərhələdir. Burada aparılan müzakirələr şəhərlərin planlaşdırılması, bərpası və davamlı inkişafı sahəsində strateji təşəbbüslərin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcək, gələcək nəsillər üçün daha yaşıl, inklüziv və firavan yaşayış mühitinin formalaşdırılmasına xidmət edəcək. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı, eləcə də martın 12-dən 14-dək keçiriləcək XIII Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir.
Vüqar Rəhimzadə qeyd edib ki, qısa təhlil Azərbaycanın beynəlxalq nüfuzunun günbəgün artdığını təsdiqləyir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etməsi, uğurlu nəticələrə nail olması ölkəmizin dünyada söz sahibliyinin mühüm göstəricilərindən biridir. Keçirilən tədbirlər Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə malik olmasını təsdiqləyir. Dünyanın enerji təhlükəsizliyinin təmin edlməsinə davamlı töhfələr verən Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi bu günlərdə ölkəmizdə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında geniş təhlil edildi. Azərbaycanın hazırda 16 ölkəyə qaz ixrac etdiyi xüsusi vurğulandı. Bildirildi ki, hazırkı dövrün əsas çağırışı yaşıl enerjiyə keçiddir ki, Azərbaycanın bu sahədə malik olduğu potensial yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirir. COP29 tədbirinin ardınca Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası bir daha malik olduğumuz imkanların, təcrübənin təqdimatında uğurlu səhifə kimi tarixə yazılacaq.