Cənubi Qafqazda sabitlik və inkişafın əsas dayaqlarından biri ölkələr arasında qurulan sağlam münasibətlərdir. Bu baxımdan Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələr xüsusi nümunə kimi göstərilir. 2026-cı il aprelin 6-da Azərbaycan Prezidenti cənab İlham Əliyev Gürcüstana səfəri zamanı mətbuata verdiyi bəyanatda iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bir daha vurğuladı. Bu münasibətlər uzun illər ərzində formalaşıb və bu gün qarşılıqlı hörmətə, etimada və əməkdaşlığa əsaslanır. Azərbaycan və Gürcüstan təkcə qonşu ölkələr deyil, həm də bir-birinə güvənən tərəfdaşlardır. İki ölkə bir çox sahələrdə – xüsusilə enerji, nəqliyyat və ticarət istiqamətlərində sıx əməkdaşlıq edir. Birgə həyata keçirilən layihələr hər iki dövlətin iqtisadi inkişafına müsbət təsir göstərir. Bu əməkdaşlıq sayəsində regionda mühüm nəqliyyat və enerji dəhlizləri formalaşıb. Azərbaycan öz enerji resurslarını Gürcüstan üzərindən dünya bazarına çıxarır, Gürcüstan isə tranzit ölkə kimi əhəmiyyətini artırır. Bu isə hər iki tərəf üçün faydalıdır. Ötən il ölkələrimiz arasındakı ticarət dövriyyəsi 800 milyon dolları keçmiş, 2026-cı ilin ilk rübündə isə kifayət qədər yüksək artım qeydə alınmışdır. Mövcud dinamika saxlanılarsa, ticarət həcminin ilin sonuna qədər 1 milyard dollar rəqəminə çatacağı gözlənilir.
Gürcüstanda formalaşmış çox müsbət sərmayə iqlimi azərbaycanlı investorları bu ölkəyə böyük maraq göstərməyə və daha fəal addımlar atmağa həvəsləndirir. Bu günə qədər Azərbaycan tərəfindən qonşu ölkənin iqtisadiyyatına cəmi 3,7 milyard dollar həcmində sərmayə yatırılmışdır. İqtisadi əlaqələrin gələcək perspektivləri isə daha geniş hədəfləri əhatə edir tərəflər yeni investisiya layihələri ilə yanaşı, gələcəkdə üçüncü ölkələrə birgə sərmayə qoyuluşu imkanlarını da fəal şəkildə müzakirə edirlər.
Müasir dünyada müharibələrin və qanlı toqquşmaların artdığı bir dövrdə Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaranmaqdadır. Regionun sülh, əmin-amanlıq və əməkdaşlıq məkanına çevrilməsində Gürcüstanın rolu əvəzsizdir.
Maraqlı və mühüm bir fakt odur ki, bu gün Azərbaycan və Ermənistan arasındakı bəzi ticarət əlaqələri məhz Gürcüstan vasitəsilə həyata keçirilir. Bu, Gürcüstanın regionda "sülh körpüsü" funksiyasını necə uğurla yerinə yetirdiyinin göstəricisidir. Prezident İlham Əliyev vurğulamışdır ki, sülhü gücləndirməyin ən yaxşı yolu məhz iqtisadi əlaqələr və ticarətdir. Azərbaycan və Gürcüstan münasibətləri sadəcə mehriban qonşuluq deyil, ortaq maraqlar və qarşılıqlı mənfəət üzərində qurulmuş strateji qardaşlıqdır. İki ölkə arasındakı bu sıx bağlılıq regiondakı digər dövlətlər üçün də bir inkişaf modelidir. Yeni layihələr, genişlənən ticarət əlaqələri və təhlükəsizlik sahəsindəki ortaq addımlar göstərir ki, Bakı və Tbilisi arasındakı bu ittifaq bundan sonra da regionun gələcək taleyini müəyyən edən əsas güc mərkəzi olaraq qalacaqdır.
Vüqar İsmayılov
Yeni Azərbyacan Partiyası Xocalı rayon təşkilatının əməkdaşı