PDF Oxu

Siyasət

  • 1 620

Tərəfdaşlığın güclənən perspektivləri - ŞƏRH

image

Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüş və 25 aprel tarixində səsləndirilən bəyanatlar iki ölkə arasında mövcud strateji tərəfdaşlığın dərinliyini və perspektivlərini bir daha nümayiş etdirdi. Bu səfər yalnız diplomatik protokol xarakteri daşımır, həm də regionda və beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyət kəsb edən əməkdaşlığın növbəti mərhələsini ifadə edir.

Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Ukrayna arasında münasibətlərin möhkəm siyasi baza üzərində qurulduğunu xüsusi vurğuladı. Bu əlaqələrin təməli hələ 2008-ci ildə Kiyev şəhərində və 2011-ci ildə Bakı şəhərində imzalanmış strateji tərəfdaşlıq sənədləri ilə qoyulub. Həmin sənədlər iki dövlət arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin hüquqi çərçivəsini müəyyənləşdirərək, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini prioritet kimi təsbit edib.

Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan və Ukrayna beynəlxalq platformalarda da daim bir-birinin yanında yer alır. Hər iki ölkə müxtəlif təşkilatlarda bir-birinin mövqeyini müdafiə edir və bu qarşılıqlı dəstək gələcəkdə də davam etdiriləcək. Bu yanaşma, beynəlxalq hüquqa hörmətin və dövlətlərin müstəqilliyinin qorunmasının vacibliyini bir daha ön plana çıxarır.

Son illərdə iki ölkə arasında münasibətlərin inkişaf dinamikası xüsusilə diqqət çəkir. Ötən il Bakıda Xarici İşlər nazirlikləri arasında keçirilən məsləhətləşmələr və Hökumətlərarası Komissiyanın iclası əməkdaşlığın institusional əsaslarını daha da gücləndirib. Bu görüşlər çərçivəsində müxtəlif sahələr üzrə qarşılıqlı fəaliyyətin genişləndirilməsi, o cümlədən iqtisadi, enerji, nəqliyyat və humanitar istiqamətlərdə yeni imkanların araşdırılması əsas müzakirə mövzuları olub.

Aprelin 25-də keçirilən görüş zamanı tərəflər bu əməkdaşlıq mexanizmlərinin davamlılığını təmin etmək üçün növbəti addımları da müzakirə ediblər. Bildirilib ki, yaxın gələcəkdə bu cür görüşlərin Ukraynada keçirilməsi planlaşdırılır. Bu isə dialoqun davamlı xarakter aldığını və əlaqələrin sistemli şəkildə inkişaf etdiyini göstərir.

Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycan və Ukrayna bu gün müxtəlif istiqamətlər üzrə uğurla əməkdaşlıq edir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin inkişafı və regional sabitliyin qorunması kimi sahələr bu əməkdaşlığın əsas sütunlarını təşkil edir. Xüsusilə geosiyasi baxımdan mürəkkəb dövrdə bu cür tərəfdaşlığın əhəmiyyəti daha da artır.

Bu səfər və verilən bəyanatlar bir daha göstərdi ki, Bakı ilə Kiyev arasında münasibətlər təkcə formal diplomatik əlaqələrdən ibarət deyil. Bu münasibətlər qarşılıqlı etimad, ortaq maraqlar və beynəlxalq hüququn prinsiplərinə sadiqlik üzərində qurulub. İki ölkə arasında əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyi və yeni sahələri əhatə edəcəyi gözlənilir.

Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri və Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmliyini və davamlı inkişaf perspektivlərini bir daha təsdiqlədi.

Lalə Mədətova

YAP Kəngərli rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər