Azərbaycan və Ukrayna arasında münasibətlər müstəqillikdən sonra formalaşmış, son onilliklərdə isə siyasi, iqtisadi və humanitar sahələrdə ardıcıl inkişaf edən çoxşaxəli əməkdaşlıq modeli kimi xarakterizə oluna bilər. Xüsusilə dövlət başçıları səviyyəsində həyata keçirilən görüşlər bu münasibətlərin strateji mahiyyətini daha da gücləndirir və ikitərəfli əlaqələrin institusional əsaslarını möhkəmləndirmiş olur. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşlər, tərəflərin regional və beynəlxalq məsələlərdə qarşılıqlı mövqelərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Onu da qeyd edək ki, Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlər 1990-cı illərin əvvəllərində qurulmuşdur. Belə ki, hər iki dövlət postsovet məkanında müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq sistemə inteqrasiya prosesində oxşar çağırışlarla üzləşmişdir. Bu oxşarlıq münasibətlərin formalaşmasında müəyyən dərəcədə yaxınlaşma yaradan amil kimi dəyərləndirilə bilər. İlk mərhələdə əməkdaşlıq əsasən siyasi dialoq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək üzərində qurulmuşdur. Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və digər platformalarda tərəflər bir sıra hallarda qarşılıqlı maraqlara uyğun mövqe nümayiş etdirmişlər.
Son illərdə isə Azərbaycan-Ukrayna münasibətlərində ən diqqətçəkən məqam siyasi dialoqun intensivləşməsidir. Dövlət başçıları və hökumət nümayəndələri arasında keçirilən görüşlər əməkdaşlığın strateji istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm rol oynayır. Məhz prezidentlərin görüşlərində müzakirə edilən: “siyasi əlaqələrin inkişafı və qarşılıqlı etimadın gücləndirilməsi”, “iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi”, “enerji təhlükəsizliyi və nəqliyyat-logistika imkanları”, “regional təhlükəsizlik və beynəlxalq hüququn prinsipləri” kimi bir sıra istiqamətlər xüsusilə diqqət çəkir. Həmçinin belə görüşlərdə tərəflər, ümumilikdə, bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipini əsas götürürlər ki, bu da ikitərəfli münasibətlərin fundamental sütunlarından biri hesab edilməlidir.
Bundan əlavə, nəqliyyat və logistika sahəsində əməkdaşlıq da perspektivli istiqamətlərdən biri kimi qiymətləndirilir. Transxəzər və Qara dəniz regionlarını birləşdirən marşrutlar hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir.
İki ölkə arasında humanitar və mədəni əlaqələr də əməkdaşlığın mühüm tərkib hissəsidir. Təhsil, mədəniyyət və diaspor fəaliyyəti sahələrində qarşılıqlı əlaqələr xalqlar arasında yaxınlaşmanı gücləndirir. Ukraynada yaşayan azərbaycanlı icma, eləcə də Azərbaycanda fəaliyyət göstərən ukraynalı icma bu münasibətlərin sosial bazasını formalaşdırır. Mədəni tədbirlər, universitetlərarası əməkdaşlıq və tələbə mübadiləsi proqramları humanitar sahədə əlaqələrin inkişafına mühüm töhfələr verir.
Prezidentlərin birgə bəyanatlarına əsaslanaraq, demək olar ki, Azərbaycan-Ukrayna münasibətləri yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmır, eyni zamanda regional və beynəlxalq siyasi proseslərlə də sıx bağlıdır. Hər iki ölkə müxtəlif geosiyasi çağırışlarla üzləşir və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını vacib hesab edir. Bu kontekstdə liderlər səviyyəsində keçirilən görüşlər həm də regional əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün platforma rolunu oynayır.
Beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər Azərbaycan və Ukrayna əlaqələrinə də təsirsiz ötüşmür. Müxtəlif regional münaqişələr, iqtisadi qeyri-sabitlik və qlobal enerji bazarındakı dəyişikliklər əməkdaşlığın dinamikasını müəyyən edən əsas faktorlar sırasındadır. Bununla belə, tərəflər arasında mövcud siyasi dialoq və qarşılıqlı maraqlar əməkdaşlığın davamlı inkişafı üçün əsas yaradır.
Bir sözlə, Azərbaycan və Ukrayna arasındakı münasibətlər müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı hörmət, siyasi dialoq və əməkdaşlıq prinsiplərinə əsaslanan sabit əlaqə modeli kimi çıxış edir. İlham Əliyev və Volodimir Zelenski arasında keçirilən görüşlər bu münasibətlərin inkişafında mühüm rol oynayaraq, ikitərəfli əməkdaşlığın strateji xarakterini daha da gücləndirir. Ümumilikdə, Azərbaycan–Ukrayna əlaqələri regional və beynəlxalq kontekstdə qarşılıqlı maraqlara əsaslanan, inkişaf potensialı yüksək olan əməkdaşlıq modeli kimi qiymətləndirilə bilər. Bu münasibətlərin gələcəkdə daha da dərinləşməsi həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə yeni imkanların yaranmasına şərait yarada bilər.
Ramil Bayramov
Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının
baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru