PDF Oxu

Siyasət

  • 345

Dayanıqlı şəhərsalmanın təcəssümü - TƏHLİL

image

Prezident İlham Əliyev: “Laçının işğalı strateji nöqteyi-nəzərdən böyük bir sınaq idi”

Zəngin, füsünkar təbiətə, müxtəlif coğrafi, iqlim xüsusiyyətlərinə malik Vətənimizin hər bir quşəsi, o cümlədən şəhər, rayon və kəndlərimiz bizim üçün, bütün Azərbaycan xalqı üçün əzizdir. Müstəqilliyimizin ilk illərində torpaqlarımıza göz dikmiş qəsbkar Ermənistan dövləti Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa hərbi təcavüz etdi. Təcavüz nəticəsində mədəniyyət incimiz Şuşa, Laçın, Kəlbəcər və digər şəhərlərimiz işğal altına düşdü, o dövrdə hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş qüvvələrin əli ilə torpaqlarımızın bir hissəsi düşmənin nəzarətinə keçdi.

1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan Silahlı Qüvvələri üçün Laçın rayonunun işğalına yol açılır. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. Demək olar ki, Laçının işğalı Azərbaycan xalqına əsl xəyanət idi. Məqsədli şəkildə daxildə qarşıdurmalar yaradılırdı.

“BİZİM MÜSTƏQİL HƏYATIMIZDA MAY AYI FACİƏLİ BİR AY İDİ - ÇÜNKİ 8 MAYDA ŞUŞA, 18 MAYDA LAÇIN İŞĞAL EDİLDİ”

“Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərdən böyük bir sınaq idi, böyük bir fəlakət idi”. Bu fikirləri Prezident İlham Əliyev çıxışlarının birndə səsləndirib. Dövlətimizin başçısı deyib ki, Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi: “May ayı müstəqil Azərbaycanın tarixində bu iki faciəvi günlə əlaqəli idi. Yəni bizim müstəqil həyatımızda may ayı faciəli bir ay idi - çünki 8 mayda Şuşa, 18 mayda Laçın işğal edildi. İşğal bizi içəridən sarsıdırdı və bu işğal digər torpaqlarımızın işğal altına düşməsinin başlanğıcı idi. Çünki birinci Şuşa, ondan sonra Laçın işğal olunmuşdu”.

LAÇININ İŞĞALI ZAMANI BURADA 50 MİNDƏN ARTIQ ƏHALİ YAŞAYIRDI

İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Laçının işğalı zamanı bu məkanda 50 mindən artıq əhali yaşayırdı. Laçın rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 106 məktəb fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 8 min 877, müəllimlərin sayı isə 1390 nəfər olub. Təbii ki, işğaldan azad olunan ərazilərimiz kimi Laçın da tamamilə dağıdılıb.

Laçın ölkəmizin böyük potensiala malik olan rayonlarından biridir. Azərbaycanın turizm potensiallı rayonu olan Laçının 28 illik işğal dövründə infrastukturu ermənilər tərəfindən tamamilə dağıdılıb. Bu gün Azərbaycan dövləti Qarabağa yenidən həyat bəxş edir. Ölkəmiz öz torpaqlarını dirçəldib, əsl sakinlərinin təhlükəsiz şəkildə yaşamasını təmin edir.

44 günlük Vətən müharibəsinin nəticəsi olaraq imzalanmış 10 noyabr Bəyanatına uyğun olaraq, dekabrın 1-də Laçın rayonu erməni işğalından azad edilib. 2020-ci ildə Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının Güləbird, Səfiyan, Türklər kəndlərini də işğalçılardan təmizləmişdi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atdı. Beləliklə, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları Birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Ağdam və Kəlbəcər rayonları kimi, Laçını da Azərbaycana təhvil verməli oldu.

AZƏRBAYCANIN İQTİSADİ GÜCÜNÜN, DİNAMİK İNKİŞAFININ GÖSTƏRİCİSİ

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlər 30 ildən sonra könüllü olaraq təhlükəsiz və yaşayış üçün yararlı olan doğma yurdlarına qayıdırlar. Ağalı və Talış kəndindən sonra əzəli torpaqlarımızın sahibləri olan laçınlıların da bir qismi öz yurdlarına qayıtdılar. Bu, əlbəttə ki, Azərbaycanın iqtisadi gücünün, dinamik inkişafının göstəriciləri sırasındadır.

İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Laçın rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı İlham Əliyevin nəzarəti altındadır. Laçının Baş Planına əsasən, 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb.

Laçın rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı İlham Əliyevin nəzarəti altındadır. Azad Laçına Azərbaycan Prezidentinin səfərləri zamanı dövlət başçısı təməlqoyma və açılış mərasimlərində iştirak edir, aparılan işlərlə yerindəcə tanış olur, tapşırıq və tövsiyələrini verir.

Bu gün Laçınımız abadlıq-quruculuq meydanına çevrilib. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli sakinlərin bu torpaqda rahat, firavan yaşamasına istiqamətlənib.

Artıq işğaldan sonra digər ərazilərimiz kimi, Laçın da böyük quruculuq meydanına çevrilib. Başqa bölgələrimizlə yanaşı, Laçında da sürətli tikinti-quruculuq işləri aparılır. Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Laçına həyat yenidən qayıdır. Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir və rayon ərazisində fərqli təyinatlı infrastruktur layihələri uğurla həyata keçirilir. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su-Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Bununla yanaşı, rayonun yol-nəqliyyat infrastrukturu yenidən və ən müasir standartlar üzrə qurulur. Laçında indiyədək bir sıra infrastruktur layihələri icra edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gücü sayəsində azadlığına qovuşan Laçın yeni bir dövrünə – quruculuq və inkişaf dövrünə qədəm qoyub.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər