2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunu və inkişaf strategiyasını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Forumda çıxış edən Prezident İlham Əliyev şəhərsalma, müasir inkişaf, tarixi irsin qorunması və milli-mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsi məsələlərinə xüsusi toxundu. Prezidentin nitqində səsləndirdiyi “Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq” fikri Azərbaycanın zəngin mədəni irsinin mahiyyətini dolğun şəkildə ifadə etdi.
Azərbaycan minilliklər boyu Şərqlə Qərbin qovşağında yerləşən qədim sivilizasiya mərkəzlərindən biri olmuşdur. Bu torpaqlarda formalaşan memarlıq nümunələri xalqımızın dünyagörüşünü, estetik zövqünü və tarixi yaddaşını özündə yaşadır. İçərişəhərin daş küçələri, Şirvanşahlar sarayı, Qız qalası, Qarabağın qədim abidələri və Naxçıvan memarlıq məktəbi Azərbaycanın qədim tarixinin daşlara həkk olunmuş canlı salnaməsidir. Hər bir tikili yalnız memarlıq nümunəsi deyil, həm də milli kimliyimizin və dövlətçilik tariximizin mühüm göstəricisidir.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, müasir şəhərsalma siyasəti yalnız yeni binaların və infrastrukturun qurulması ilə məhdudlaşmır. Əsas məqsəd tarixi irsi qorumaq, milli memarlıq ənənələrini yaşatmaq və onları müasir inkişafla uzlaşdırmaqdır. Son illərdə Bakıda və bölgələrdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq layihələri də məhz bu prinsiplərə əsaslanır. Müasir memarlıq nümunələri ilə qədim tarixi abidələrin harmoniyası Azərbaycanın inkişaf modelinin əsas xüsusiyyətlərindən birinə çevrilmişdir.
Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri Prezidentin çıxışında mühüm yer tutdu. Qarabağ və Şərqi Zəngəzurda dağıdılmış şəhərlərin yenidən qurulması zamanı həm ekoloji yanaşma, həm də milli memarlıq üslubunun qorunması prioritet kimi müəyyənləşdirilib. Bu proses Azərbaycanın yalnız şəhərləri deyil, həm də tarixi yaddaşı dirçəltmək əzmini nümayiş etdirir.
Azərbaycan xalqı əsrlər boyu öz mədəniyyətini musiqidə, poeziyada, xalçaçılıqda və memarlıqda yaşadıb. Bu zəngin irs bu gün də ölkənin inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin forumdakı çıxışı bir daha göstərdi ki, Azərbaycan üçün şəhərsalma sadəcə texniki və iqtisadi məsələ deyil, həm də milli-mənəvi dəyərlərin qorunması missiyasıdır.
Bakıda keçirilən bu nüfuzlu beynəlxalq forum Azərbaycanın qədim tarixi ilə müasir inkişafı uğurla birləşdirən dövlət olduğunu bir daha sübut etdi. Tarixin daş yaddaşı olan memarlıq abidələrimiz keçmişimizin qüdrətini, bugünkü inkişafımız isə gələcəyə inamımızı nümayiş etdirir.
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi