Müasir dövrdə şəhərlər artıq yalnız yaşayış məkanları deyil. Şəhərlər dövlətlərin iqtisadi gücünü, texnoloji imkanlarını, sosial rifah səviyyəsini, milli kimliyini və strateji baxışını əks etdirən əsas göstəricilərdən birinə çevrilib. XXI əsrin çağırışları fonunda urbanizasiya siyasəti dövlət idarəçiliyinin ən mühüm istiqamətlərindən biri kimi çıxış edir. Bu baxımdan Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən şəhərsalma siyasəti yalnız infrastruktur layihələri ilə məhdudlaşmır, milli inkişaf modelinin əsas sütunlarından biri kimi formalaşır.
17-22 may tarixlərində Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – WUF13 Azərbaycanın bu sahədə qazandığı beynəlxalq nüfuzun və formalaşdırdığı inkişaf modelinin dünyaya təqdimatı oldu. Dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçının qatıldığı Forum həm miqyasına, həm də siyasi əhəmiyyətinə görə qlobal urbanizasiya gündəliyinin əsas hadisələrindən biri kimi qiymətləndirildi. Prezident İlham Əliyevin tədbirin açılış mərasimində vurğuladığı kimi, “bu, COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir”.
Əslində, WUF13-ün Bakıda keçirilməsi təsadüfi seçim deyildi. Bu qərar Azərbaycanın son illərdə şəhərsalma, dayanıqlı inkişaf və müasir urbanistika sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir. Forumun rəsmi səhifəsində də qeyd olunduğu kimi, Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq urbanizasiya proseslərinə töhfəsinin və etibarlı tərəfdaş kimi qazandığı etimadın göstəricisidir.
Bu gün Azərbaycan regionda tamamilə yeni şəhərsalma modeli formalaşdıran dövlət kimi diqqət çəkir. Xüsusilə Bakı şəhərinin son iyirmi ildə keçdiyi inkişaf yolu bunu açıq şəkildə nümayiş etdirir. Vaxtilə ekoloji problemlərlə tanınan “Qara şəhər” ərazisinin müasir “Ağ şəhər” layihəsinə çevrilməsi, yeni parkların, bulvarların, piyada zonalarının və ictimai məkanların yaradılması Azərbaycanın urbanizasiya siyasətində insan rahatlığını və ekoloji balansı əsas prioritetə çevirdiyini göstərir.
Azərbaycanın şəhərsalma təcrübəsinin əsas fərqləndirici xüsusiyyətlərindən biri isə modernləşmə ilə milli-mədəni irsin qorunmasının paralel şəkildə həyata keçirilməsidir. Bakı bu gün qədimliklə müasirliyin harmoniyasını qoruyan nadir şəhərlərdən biri hesab olunur. UNESCO irsi olan İçərişəhərin qorunması, tarixi memarlıq nümunələrinin bərpası və milli memarlıq elementlərinin yaşadılması dövlət siyasətinin mühüm istiqamətinə çevrilib.
Lakin Azərbaycanın şəhərsalma siyasətinin ən mühüm və tarixi mərhələsi məhz işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma prosesidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri artıq təkcə region üçün deyil, dünya miqyasında postmünaqişə yenidənqurma modelinin uğurlu nümunələrindən biri kimi qiymətləndirilir.
Prezident İlham Əliyev WUF13-ün açılış mərasimində çıxışında Ermənistan işğalı dövründə Azərbaycan şəhərlərinin məqsədli şəkildə dağıdıldığını xüsusi vurğuladı. Dövlət başçısının Ağdamı “Qafqazın Xirosiması” adlandırması işğalın miqyasını və vandalizmin səviyyəsini beynəlxalq auditoriyanın diqqətinə çatdırdı. Lakin Azərbaycan dağıntıları yalnız faciə simvolu kimi təqdim etmir. Ölkəmiz həmin əraziləri yeni inkişaf fəlsəfəsinin mərkəzinə çevirir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr şəhərsalma tarixində tamamilə yeni yanaşmanın nümunəsi hesab olunur. Burada “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji, rəqəmsal idarəetmə və dayanıqlı inkişaf prinsipləri vahid konsepsiya şəklində tətbiq edilir.
Prezident İlham Əliyevin hələ Vətən müharibəsindən sonra səsləndirdiyi “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası artıq real nəticələr verir. Ağalı kəndi kimi layihələr yalnız Azərbaycanın deyil, bütövlükdə regionun ən müasir yaşayış modellərindən biri hesab olunur. Burada alternativ enerji mənbələri, rəqəmsal xidmətlər, müasir kənd təsərrüfatı həlləri və ekoloji standartlar tətbiq edilir.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin əsas mahiyyəti isə yalnız yeni binalar tikmək deyil. Burada məqsəd insanların doğma torpaqlarına təhlükəsiz, rahat və ləyaqətli şəkildə qayıdışını təmin etməkdir. Buna görə də yaşayış məntəqələri salınarkən məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, idman obyektləri və sosial infrastruktur paralel şəkildə qurulur.
Şuşa şəhərinin bərpası isə Azərbaycanın şəhərsalma siyasətində mənəvi və ideoloji xəttin əsas simvollarından biridir. Şuşa yalnız yenidən qurulan şəhər deyil, milli ruhun və tarixi yaddaşın bərpasının rəmzidir. Tarixi memarlıq üslubunun qorunması, mədəniyyət abidələrinin bərpası və beynəlxalq tədbirlərin keçirilməsi göstərir ki, Azərbaycan modernləşməni milli-mədəni kimliyin qorunması ilə uzlaşdırır.
Bu gün Azərbaycanın beynəlxalq nüfuzunun artmasında şəhərsalma və dayanıqlı inkişaf siyasəti də mühüm rol oynayır. WUF13 kimi qlobal forumların Bakıda keçirilməsi ölkəmizin artıq yalnız enerji və nəqliyyat layihələri ilə deyil, urbanistika və dayanıqlı inkişaf sahəsində də nümunəvi model kimi qəbul edildiyini göstərir.
Bu gün Bakı yalnız regional paytaxt deyil, qlobal dialoq mərkəzlərindən birinə çevrilir. COP29, WUF13 və digər beynəlxalq tədbirlər Azərbaycanın siyasi etibarlılığını, təşkilati imkanlarını və beynəlxalq nüfuzunu daha da gücləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində təşəbbüskar və etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.
Müasir Azərbaycanın şəhərsalma siyasəti əslində dövlətin gələcək inkişaf fəlsəfəsinin təcəssümüdür. Bu siyasətin mərkəzində isə güclü dövlət, milli irsə bağlılıq, insan amili, texnoloji yeniliklər və dayanıqlı inkişaf dayanır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış proqramı, Bakının qlobal urbanizasiya platformasına çevrilməsi və “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən təşəbbüslər göstərir ki, Azərbaycan yalnız bugünün deyil, gələcəyin şəhərlərini qurur.
Ülvi Fərzəliyev,
YAP Neftçala rayon təşkilatının sədri