"Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi qurucluıq sahalərində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cilmhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu." Ulu Öndər Heydər Əliyev
Azərbaycan dövləti öz tarixində çoxsaylı qəhrəmanlıq salnamələri yazıb. Bu tarixi hadisələr içərisində Xalq Cümhuriyyətinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür. 28 May – Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə yazılmışdır. Bu müqəddəs gün hər bir Azərbaycan vətəndaşının qürur günüdür. XIX əsrin əvvəllərində itirilmiş dövlət müstəqilliyini bərpa etmək arzusu ilə yaşayan xalqımız yüz il sonra tarixi fürsətdən məharətlə yararlandı. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirdi. Bu möhtəşəm tarixi hadisə xalqımızın dövlətçilik iradəsinin, milli mənlik şüurunun məntiqi nəticəsi idi.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın tarixində mühüm dönüş nöqtəsi oldu. Həmin dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş,Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır.Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, həmçinin Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
Cəmi 23 ay mövcud olmasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə silinməz izlər qoymaqla, sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə və yaşatmağa qadirdir.
Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı.Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi. O, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtararaq, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi.
Böyük dövlət xadimi Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardı, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı.
Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətə, dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli platformada əməkdaşlıq əlaqələrinin qurulmasına nail oldu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələri, modernləşməsi və vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər hər birimizi qürurlandırır. Bu məhz müstəqil bir dövlət olaraq Azərbaycanın müstəqil şəkildə dövlət başçısı tərəfindən həyata keçirdiyi siyasətinin nəticəsidir. "Bu gün biz xoşbəxtik ki, müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir", - deyən Azərbaycan Prezidenti İlham Əliyev müstəqilliyimizin qorunmasının, möhkəmlənməsinin ən vacib məsələlərdən biri olduğunu qeyd edib: "1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!"
2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur.44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və diplomatiyası, xalqımızın qətiyyəti, ordumuzun şücaəti nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin əsas hədəfi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması idi.
2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.Müstəqilliyə 108 il əvvəl qovuşmuş Azərbaycan Respublikası bu gün dünyanın inkişaf etmiş dövlətlərindəndir.Bunu Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərlik etdiyi, bu günki Müstəqil Azərbaycan Respublikasının beynəlxalq nüfuzu, gücü və qüdrəti təsdiq edir. Müstəqilliyimiz əbədi, dönməz və sarsılmaz olsun. Yaşasın müstəqil Azərbaycan!
Seyfəddin Əliyev
YAP Masallı rayon təşkilatının sədri