PDF Oxu

Siyasət

  • 1 139

Azərbaycan dövlətçiliyinin qurtuluşunda tarixi liderlik - ŞƏRH

image

Azərbaycan xalqının müstəqillik tarixində xüsusi yeri olan Heydər Əliyev ölkəmizin ən ağır və taleyüklü dövrlərində göstərdiyi siyasi iradə və qətiyyətlə dövlətçiliyin qorunmasına misilsiz töhfələr vermişdir. XX əsrin sonlarında Sovet İttifaqının dağılmasından sonra Azərbaycan müstəqilliyini bərpa etsə də, ölkədə siyasi qeyri-sabitlik, iqtisadi böhran, hakimiyyət uğrunda mübarizə və Ermənistanın hərbi təcavüzü vəziyyəti daha da ağırlaşdırmışdı. Dövlət idarəçiliyində yaranmış xaos, daxili qarşıdurmalar və vətəndaş qarşıdurması təhlükəsi Azərbaycanın müstəqilliyini ciddi təhlükə altına salmışdı. Belə bir çətin şəraitdə xalqın böyük ümidlə üz tutduğu şəxs məhz Heydər Əliyev oldu.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunması üçün qəti addımlar atdı. Onun zəngin dövlətçilik təcrübəsi və uzaqgörən siyasəti nəticəsində Azərbaycanda vətəndaş qarşıdurmasının qarşısı alındı, separatçı qüvvələrin fəaliyyəti zəiflədildi və dövlət institutları yenidən formalaşdırıldı. Heydər Əliyev xalqın milli birliyini təmin etməyi əsas məqsəd hesab edir, dövlətin parçalanmasının qarşısını almaq üçün mühüm siyasi qərarlar qəbul edirdi. Məhz onun siyasi iradəsi sayəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyaraq gələcəyə doğru inamla addımlaya bildi.
Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkənin iqtisadi və siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, demokratik idarəetmə prinsipləri möhkəmləndirildi və beynəlxalq əlaqələr genişləndirildi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafına güclü təkan verdi və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi. Bu müqavilə yalnız iqtisadi deyil, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyırdı.
Çünki Azərbaycanın beynəlxalq mövqeyi güclənir, ölkəyə olan etimad artırdı.Ulu Öndərin Siyasi İrsi və müstəqil Azərbaycanın İnkişaf yolu Heydər Əliyev tərəfindən müəyyən olunan inkişaf strategiyası bu gün də Azərbaycanın uğurlu gələcəyinin əsasını təşkil edir. Onun dövlətçilik konsepsiyası milli maraqlara söykənən siyasət, xalqın rifahı və ölkənin təhlükəsizliyi prinsiplərinə əsaslanırdı. Ulu Öndər hər zaman Azərbaycanın suverenliyinin qorunmasını və milli həmrəyliyin möhkəmləndirilməsini prioritet məsələ kimi qiymətləndirirdi. O, yalnız ölkədaxili sabitliyi təmin etməklə kifayətlənməmiş, həm də Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutmasına nail olmuşdur.
Heydər Əliyevin rəhbərliyi dövründə təhsil, mədəniyyət, elm və ordu quruculuğu sahələrində mühüm islahatlar həyata keçirildi. Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinin inkişaf etdirilməsi onun siyasətinin əsas istiqamətlərindən biri idi. Ulu Öndər hesab edirdi ki, güclü dövlət yalnız savadlı, vətənini sevən və milli maraqlara bağlı vətəndaşlarla qurula bilər. Buna görə də insan kapitalının inkişafına xüsusi diqqət yetirilirdi.
Bu gün Azərbaycan məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında inkişaf edir və beynəlxalq arenada öz mövqeyini daha da möhkəmləndirir. Müstəqil Azərbaycanın əldə etdiyi uğurlar Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirilir. Azərbaycan xalqı onun zəngin siyasi irsini böyük hörmətlə yad edir və dövlətçilik məktəbini gələcək nəsillər üçün mühüm örnək hesab edir. Heydər Əliyevin Azərbaycan dövlətçiliyi naminə göstərdiyi xidmətlər xalqımızın tarixində daim yaşayacaq və müstəqilliyimizin əbədi dayaqlarından biri olaraq qalacaqdır.
Bağırova Cəmilə
YAP Ordubad rayon təşkilatında məsləhətçi

Digər xəbərlər