1918-1920-ci illər Azərbaycan xalqının öz müqəddəratını özünün təyin etməyə qadir olduqunu sübut etməyə cəhd göstərdiyi bir dövr olaraq tarixə yazılmışdır. Bu dövr dünyanın bir sıra böyük dövlətlərinin Azərbaycan istiqlalını tanıdığı, türk dünyasında və islam aləmində ilk demokratik respublika yaradılmasını özündə əks etdirən bir dövrdür.
Cümhuriyyətin elan edilməsi asan olmadı. Məlumdur ki, çarizmin Azərbaycanın şimalını işğal edib öz tərkibinə qatana qədərki müəyyən dövrdə Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri mövcud idi. Lakin Azərbaycanın şimalı çar Rusiyası tərəfindən işğal edildikdən sonra tamamilə yeni bir şərait yarandı. Azərbaycanın ərazisi iki yerə bölüşdürüldü, xalqı iki yerə parçalandı. Lakin Azərbaycan xalqı işğalla barışmadı. Çar zülmünə qarşı müqavimət hərəkatı, tez-tez üsyanlar baş verirdi. Amansızlıqla yatırılan üsyanlardan sonra müstəqillik şüurunun və onun daşıyıcılarının sistemli şəkildə məhvinə başlandı. Azərbaycanda demoqrafik şəraiti dəyişdirməkdən ötrü qeyri azərbaycanlıları iri şəhərlərə və müxtəlif yaşayış məntəqlərinə yerləşdirdilər. Yadellilərin buraya gəlməsi sadəcə demoqrafik şəraiti dəyişdirmirdi. Onlar yerli əhaliyə məxsus zəngin torpaqlara sahib oldular. Məqsədli şəkildə onlar üçün üstün şərait yaradılması danılmaz faktdlr. Nəticədə bütün bunlar təkcə sosial deyil, milli ziddiyyətləri də kəskinləşdirirdi. Müstəqilliyin bərqərar edilməsi üçün artıq tam şərait yaranmışdı. Beləliklə, Milli Şuranın mayın 28-də Tiflisdə keçirilən iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi.
1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik əzmini nümayiş etdirməklə, uzun illərdən bəri arzusunda olduğu azadlığına qovuşdu. Azərbaycanın dövlətçilik tarixinin qürurverici səhifəsi kimi 108 il əvvəl, 1918-ci il mayın 28-də Şərqdə ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında və fəaliyyət göstərməsində Azərbaycanın tərəqqipərvər xadimlərinin böyük xidmətləri olmuşdur. Xalq Cümhuriyyəti dövründə həyata keçirilən xidmətlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman kəsiyindəki fəaliyyəti xalqımızın tarixində dərin iz buraxdı. Milliyyətindən, siyasi mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquq verilməsi, dövlət sərhədlərinin müəyyən edilməsi, dövlətçilik atributlarının qəbulu, ana dilimizin dövlət dili elan olunması, bununla yanaşı, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahəsində atılmış addımlar Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin yaratmış oldu. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.
Milli mədəniyyətin inkişafının dövlətin əsas vəzifələrdən biri olaraq elan edilməsi ilə yanaşı Azərbaycanın güclü dövlətə çevrilməsi yolunda bir sıra ciddi əməli addımların atılması da vacib idi.
Qeyd etmək lazımdır ki, Cümhuriyyət Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mərəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır.
Yarandığı ilk günlərdən xalq hakimiyyəti və bərabərlik prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olundu. Milli ordu quruldu. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan bir sıra əhəmiyyətli müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olundu.
Müstəqil, azad, demokratik respublika qurmaq məqsədi daşıyan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli mənlik və siyasi şüurunun, yüksək mədəniyyətinin təzahürü idi. Cümhuriyyətin yaradılmasından sonra onun fəaliyyəti Azərbaycan sərhədlərini aşaraq daha böyük əhəmiyyət kəsb edirdi. Müsəlman dünyasına Respublika məfhumunu, məfkurəsini və idarə üsulunu Azərbaycan xalqı gətirdi. Azərbaycan, Rusiya imperatorluğunun qalıqları altından siyasi bir bütün, bir millət, bir dövlət olaraq qalxdı. Azərbaycan xalqı müstəmləkə zülmü altında inləyən xalqlara xilas yolunu göstərdi. Xalqımız müstəqil dövlətini öz varlığında, ruhunda yaşatdı. Azadlıq mübarizəsini dayandırmadı.
O da tarixi həqiqətdir ki, azadlıq ruhu olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz. Hələ sovet dönəmində Ümummilli Lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytardı. Bu siyasət milli mənlik şüurunu inkişaf etdirərək, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Beləliklə, 1991-ci ilin oktyabrında Azərbaycan xalqı müstəqilliyini yenidən bərpa etdi.1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görməsi sayəsində ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edildi.
15 oktyabr 2021-ci il tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanuna əsasən 28 May Müstəqillik Günü, 18 Oktyabr tarixi isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Azərbaycanda 28 May tarixi rəsmi dövlət bayramı kimi hər il qeyd olunur. Bu əlamətdar gün xalqımızın müstəqillik və dövlətçilik ənənələrinin rəmzi olaraq böyük qürurla anılır. 28 May – Müstəqillik Günü tariximizə qızıl hərflərlə yazılmış və hər bir vətəndaş üçün qürur mənbəyidir.
Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan dövləti müstəqilliyinə yenidən qovuşaraq, suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir iş idi. Həmin dövrdə bir tərəfdən Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü, digər tərəfdən daxili münaqişələr ölkəni çətin vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
Cümhuriyyət artibutları ilk dəfə olaraq rəsmi şəkildə Naxçıvanda Heydər Əliyevin liderliyində qəbul edildi. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Beləliklə, milli ruhlu ziyalılar Ulu Öndər Heydər Əliyevin qayğıcı ilə əhatə olundular. Müstəqil dövlət üçün lazım olan təməllər məhz bu illərdə düşünülmüş şəkildə hazırlandı. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, fədakar olduğunu bir daha göstərdi.
Bu gün ölkəmizdə Cümhuriyyət tarixinə xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında Cümhuriyyət xadimlərimizin şərəfinə abidə ucaldılıb. Onların xatirəsi əbədiləşdirilib. Azərbaycanda 28 May tarixi rəsmi dövlət bayramı kimi hər il qeyd olunur. Qeyd edək ki, bu əlamətdar gün xalqımızın müstəqillik və dövlətçilik ənənələrinin rəmzi hesab olunur. Şübhəsiz ki, 28 May – Müstəqillik Günü tariximizə qızıl hərflərlə yazılmış mühüm bir gündür. Məhz buna görə də, bu tarix hər bir vətəndaş üçün qürur mənbəyidir. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaq, hər bir azərbaycanlı daim Azərbaycanın maraqlarını uca tutmalıdır. Milli tarixə və keçmişə daim hörmətlə yanaşılmalı və gələcək nəslə çatdırılmalıdır.
Müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ili tamam olur. Fərəhli haldır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümlərini xalqımız qürur və sevinc hissi ilə qarşılayır. Ötən illərdən fərqli olaraq altıncı ildir ki, 28 May - Müstəqillik Gününü ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunduğu bir şəraitdə qeyd edirik.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuz düşmənə qarşı 27 sentyabr 2020-ci il tarixdən başlayaraq cəmi 44 gün davam edən Vətən müharibəsini böyük zəfərlə sonlandırdı. 2023-cü ilin sentyabrında isə təxminən bir gün ərzində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini təmin etmək məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirməklə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı birləşmələrini diz çökdürərək təslim olmağa məcbur edildi. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan tarixinə qızıl hərflərlə yazılan növbəti qələbəyə imza atdı.
Hal-hazırda işğaldan azad edilmiş torpaqlarımızda geniş quruculuq işləri davam etməkdədır. Dövlətimizin “Böyük Qayıdış” proqramı çərçivəsində soydaşlarımız doğma və tarixi torpaqlarımına qayıdırlar.
Bütün bu nailiyyətlər dövlət müstəqilliyimizin möhkəm təməllər üzərində qurulduğunu göstərir və təsdiq edirki, müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır!
Məhsəti Məmmədova
YAP Yasamal rayon “H.B.Zərdabi pr.59”(4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini