PDF Oxu

Siyasət

  • 543

Dayanıqlı aqrar inkişaf - Dövlət dəstəyi və müasir yanaşmalar - ŞƏRH

image

Müasir dövrdə kənd təsərrüfatının inkişafı iqtisadi təhlükəsizliyinin təmin edilməsində, ərzaq təminatının möhkəmləndirilməsində və regionların sosial-iqtisadi inkişafında strateji əhəmiyyətə malikdir. Əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin olunması, kənd yerlərində məşğulluğun artırılması, aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi və dayanıqlı inkişafın təmin edilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif çıxışlarında kənd təsərrüfatının qeyri-neft sektorunun aparıcı istiqamətlərindən biri olduğunu və ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını vurğulamışdır.

Respublikamızda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Son illərdə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində aqrar sahənin inkişafı üçün geniş imkanlar yaradılmış, fermerlərin dövlət dəstəyi ilə təmin olunması və müasir texnologiyaların tətbiqi istiqamətində mühüm tədbirlər görülmüşdür.

Müasir dövrdə dövlət tərəfindən həyata keçirilən çoxsaylı layihələr kənd təsərrüfatının inkişafına mühüm təkan vermişdir. Bu yanaşma aqrar sektorun modernləşdirilməsi, istehsal potensialının artırılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm nəticələr doğurmuşdur.

Araşdırmalar göstərir ki, aqrar sektorun inkişafında dövlət dəstəyi xüsusilə subsidiyalaşdırma mexanizmi kənd təsərrüfatı istehsalçılarının iqtisadi dayanıqlığının gücləndirilməsində mühüm və həlledici rol oynayır. Bu tədbirlər çərçivəsində əkin sahələrinə görə verilən subsidiyalar, sertifikatlaşdırılmış toxum və ting materiallarının alınmasına göstərilən dəstək, mineral gübrələrin güzəştli şərtlərlə təqdim olunması və kənd təsərrüfatı texnikasının lizinq yolu ilə əldə edilməsinə yaradılan imkanlar fermerlərin istehsal potensialını daha da gücləndirir. Bu tədbirlər istehsal xərclərinin optimallaşdırılmasına, məhsuldarlığın yüksəldilməsinə və aqrar məhsulların rəqabət qabiliyyətinin gücləndirilməsinə xidmət edir.

Bildiyimiz kimi müasir kənd təsərrüfatının inkişafı innovativ texnologiyaların tətbiqi olmadan mümkün deyil. Bu baxımdan dövlət xətti ilə həyata keçirilən layihələr çərçivəsində müasir suvarma sistemlərinin qurulması, aqroparkların yaradılması və innovativ idarəetmə üsullarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Aqrar sahənin müasir inkişaf mərhələsi innovativ yanaşmaların və qabaqcıl texnologiyaların geniş tətbiqi ilə səciyyələnir. Rəqəmsal kənd təsərrüfatı sistemlərinin inkişafı, müasir suvarma üsullarının tətbiqi, aqroparkların təşkili və yüksək məhsuldar bitki sortlarının istehsalata inteqrasiyası aqrar sektorun dayanıqlı inkişafının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.

Son illərdə kənd təsərrüfatında əldə olunan müsbət nəticələr həyata keçirilən dövlət proqramlarının səmərəliliyini əyani şəkildə nümayiş etdirir. Bitkiçilik və heyvandarlıq sahələrində məhsul istehsalının artması, ixrac imkanlarının genişlənməsi və kənd təsərrüfatının ümumi daxili məhsulun formalaşmasındakı rolunun yüksəlməsi aqrar sahədə aparılan islahatların uğurlu nəticələri kimi qiymətləndirilə bilər. Bu nailiyyətlər həm də dövlət dəstəyi ilə fermer təşəbbüskarlığının uğurlu vəhdətinin göstəricisidir.

Kənd təsərrüfatına yönəldilən dövlət investisiyaları yalnız iqtisadi göstəricilərin yaxşılaşmasına deyil, eyni zamanda kənd əhalisinin sosial rifahının yüksəldilməsinə də mühüm təsir göstərir. Yeni iş yerlərinin yaradılması, kənd yerlərində sahibkarlığın inkişafı, gəlir mənbələrinin genişlənməsi və həyat səviyyəsinin yaxşılaşması aqrar inkişafın sosial nəticələri sırasında xüsusi yer tutur. Bu baxımdan kənd təsərrüfatının inkişafı regionların tarazlı inkişafının və sosial sabitliyin təmin edilməsində mühüm amillərdən biri hesab olunur.

Nəticə etibarilə, respublikamızda həyata keçirilən aqrar siyasət kənd təsərrüfatının modernləşdirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və qeyri-neft sektorunun inkişafı baxımından mühüm nəticələr verməkdədir. Dövlət dəstəyi, innovativ yanaşmalar və məqsədyönlü investisiyalar sayəsində aqrar sektor milli iqtisadiyyatın aparıcı istiqamətlərindən birinə çevrilmişdir. Qarşıdakı illərdə bu siyasətin ardıcıl şəkildə davam etdirilməsi kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, respublikamızın iqtisadi gücünün və ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Güləsər Qasımova

Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun kiçik elmi işçisi, YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü

Digər xəbərlər