Tarixdə elə günlər var ki, onların mənası təkcə bir tarixlə məhdudlaşmır, bütöv bir xalqın gələcəyini müəyyənləşdirən strateji dönüş nöqtəsinə çevrilir. Azərbaycan xalqının taleyində 15 İyun – Milli Qurtuluş Günü məhz belə günlərdəndir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini dağılmaq təhlükəsindən xilas etdi, müstəqilliyin qorunmasının və inkişafının əsasını qoydu.
Qurtuluşla başlayan bu yol illər sonra Azərbaycanı regionun aparıcı dövlətinə çevirdi. Məhz həmin siyasi kursun məntiqi nəticəsi olaraq Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, Qarabağı işğaldan azad etdi və Şuşa yenidən Azərbaycan dövlətçiliyinin rəmzinə çevrildi.
2021-ci il iyunun 15-də – Milli Qurtuluş Günündə Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanan Şuşa Bəyannaməsi tarixi hadisə olmaqla yanaşı, Qurtuluş ideyalarının yeni mərhələyə yüksəlişinin ifadəsi oldu. Bu sənəd sadəcə iki dövlət arasında imzalanmış növbəti əməkdaşlıq aktı deyildi. O, Türk dünyasının gələcəyinə yönəlmiş strateji baxışın siyasi manifesti idi.
Şuşa Bəyannaməsinin məhz Milli Qurtuluş Günündə imzalanması xüsusi rəmzi məna daşıyırdı. Əgər 1993-cü ildə Azərbaycan dövlətçiliyi xilasa qovuşmuşdusa, 2021-ci ildə həmin dövlətçilik artıq qalib ölkə kimi müttəfiqlik münasibətlərinin yeni modelini təqdim edirdi.
Bəyannamədə əks olunan müddəalar siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat, informasiya, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur. Bununla Azərbaycan-Türkiyə münasibətləri qardaşlıq mərhələsindən strateji müttəfiqlik mərhələsinə yüksəldi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sənəddə Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının əks olunması iki ölkə arasındakı münasibətlərin ideoloji və mənəvi əsaslarını bir daha təsdiqlədi.
Şuşa Bəyannaməsi həm də yüz il əvvəl imzalanmış Qars müqaviləsinin müasir dövrdə siyasi davamı kimi qiymətləndirilir. Tarixi Qars müqaviləsi Türkiyə ilə Azərbaycanın təhlükəsizlik və əməkdaşlıq münasibətlərinin təməl daşlarından biri olmuşdursa, Şuşa Bəyannaməsi XXI əsrin geosiyasi reallıqları fonunda bu münasibətləri daha yüksək səviyyəyə qaldırdı.
Bu sənədin ən mühüm xüsusiyyətlərindən biri onun gələcəyə hesablanmasıdır. Bəyannamə yalnız bu günün deyil, gələcək onilliklərin də siyasi xəritəsini müəyyənləşdirən strateji yol xəritəsidir. Burada ortaq müdafiə məsələlərindən tutmuş informasiya təhlükəsizliyinə, enerji layihələrindən beynəlxalq platformalarda qarşılıqlı dəstəyə qədər geniş spektrdə əməkdaşlıq mexanizmləri təsbit olunub.
Şuşada verilən bu tarixi mesaj dünyaya göstərdi ki, Azərbaycan və Türkiyə arasında münasibətlər sadəcə dostluq və qardaşlıq münasibətləri deyil, eyni zamanda regional sabitliyin, təhlükəsizliyin və inkişafın mühüm təminatçısıdır.
Bu gün Milli Qurtuluş Gününün mahiyyətinə nəzər salarkən aydın görünür ki, 1993-cü ildə başlanmış siyasi xilaskar missiyası 2021-ci ildə Şuşa Bəyannaməsi ilə yeni zirvəyə yüksəlib. Qurtuluşun bəhrəsi olan güclü dövlət, güclü ordu və güclü diplomatiya Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin hüquqi sənədi olmaqla yanaşı, ortaq tarixə, ortaq dəyərlərə və ortaq gələcəyə verilən möhtəşəm siyasi imzadır. Bu imza gələcək nəsillərə müstəqilliyin qorunmasının, milli həmrəyliyin və strateji tərəfdaşlığın nə qədər böyük əhəmiyyət daşıdığını xatırladacaq.
Çünki Qurtuluşdan başlayan yol Şuşada müttəfiqliyə çevrildi və bu yol gələcəyə doğru inamla davam edir.
Böyükağa Axundov
Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı