Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iyulun 1-də Azərbaycana səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisədir. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə görüşü olub, mətbuata bəyanatlarla çıxış ediblər.
Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dayanıqlı sülhün təmin olunması, ikitərəfli ticarət münasibətlərinin başlanması, həmçinin Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı və üçüncü ölkələrdən Ermənistana ixrac olunan məhsulların Azərbaycan ərazisindən tranzit keçidi müsbət dəyərləndirildi. Söhbət zamanı Mərkəzi Asiya ilə Avropa arasında regional bağlantılarda Azərbaycanın vacib rolu qeyd olundu, ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində roluna toxunularaq, onun etibarlı tərəfdaş olması, ölkəmizdən Avropa İttifaqına qaz ixracının həcminin artması məmnunluqla qeyd edildi.
Son dörd ildə Azərbaycanın Avropa İttifaqına qaz ixracının təxminən 65 faiz artması, artıq Aİ-nin 10 üzv dövlətinin Azərbaycan qazı alması təsdiqləyir ki, Avropa alternativ enerji mənbələri axtararkən ən etibarlı tərəfdaşlardan birini məhz Azərbaycanda tapıb. 2022-ci ildə imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” bu gün konkret iqtisadi nəticələr verir və Brüssel bunu açıq şəkildə etiraf edir. Lakin münasibətlər artıq yalnız qaz üzərində qurulmur. Dövlət başçımızın açıqladığı rəqəmlər gələcəyin enerji xəritəsinin də Azərbaycanda formalaşdığını göstərir. Ursula Fon der Lyayenin də çıxışında Azərbaycanın təmiz enerji və elektrik bağlantıları üzrə böyük potensiala malik olduğunu vurğulaması bu baxışın Brüsseldə də bölüşüldüyünü göstərir.
Qeyd etdiyim kimi görüşdə diqqətçəkən ən mühüm siyasi mesajlardan biri də sülh prosesi ilə bağlı idi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Ermənistan arasında de-fakto sülh artıq qurulub və Bakı bunun praktik nəticələrini göstərmək üçün konkret addımlar atır. Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırılması, yanacaq ixracının başlanması regionda yeni iqtisadi münasibətlər modelinin formalaşdığını göstərir. Dövlətimizin başçısının “Biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik” fikri əslində Azərbaycanın yeni regional strategiyasının mahiyyətini ifadə edir. Burada diqqətçəkən başqa məqam Avropa Komissiyasının da bu prosesi açıq şəkildə dəstəkləməsi və regional əməkdaşlığın genişləndirilməsi üçün maliyyə və siyasi dəstək verməyə hazır olduğunu bəyan etməsidir. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurub. Bu səfər isə tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi, mövcud tərəfdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin yeni mərhələyə yüksəldilməsi məqsədi daşıyırdı.
Hümbət Hüseynov
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Avropa Şurasında Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü