Rəqəmsal transformasiya XXI əsrdə dövlətlərin inkişaf səviyyəsini müəyyən edən əsas meyarlardan biridir. Bu gün rəqabət artıq yalnız təbii resurslar və ya ənənəvi iqtisadi göstəricilər üzərində deyil, rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya, məlumatların idarə olunması və kibertəhlükəsizlik sahəsində formalaşır. Məhz bu baxımdan Prezident İlham Əliyevin cari ilin fevral ayında keçirdiyi müşavirədə qəbul olunan qərarlar Azərbaycanın inkişaf strategiyasında yeni və keyfiyyətcə daha yüksək mərhələnin əsasını qoydu. Rəqəmsal İnkişaf Şurasının yaradılması və “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiqi göstərir ki, ölkəmiz rəqəmsal gələcəyini sistemli, uzunmüddətli və milli maraqlara əsaslanan konsepsiya üzərində qurur.
Bu prosesdə Birinci vitse-prezident Mehriban Əliyevanın Rəqəmsal İnkişaf Şurasına rəhbərlik etməsi xüsusi əhəmiyyət daşıyır. Çünki rəqəmsal transformasiya təkcə bir nazirliyin və ya ayrı-ayrı dövlət qurumlarının fəaliyyəti ilə məhdudlaşmır. Bu, dövlət idarəçiliyinin, iqtisadiyyatın, təhsilin, səhiyyənin, sosial xidmətlərin və bütövlükdə cəmiyyətin bütün sahələrini əhatə edən kompleks islahatdır. Belə genişmiqyaslı proseslərin vahid mərkəzdən koordinasiya olunması, müxtəlif qurumların fəaliyyətinin uzlaşdırılması və strateji qərarların operativ icrası baxımından Şuraya ən yüksək siyasi səviyyədə rəhbərlik edilməsi tamamilə məntiqli və uzaqgörən qərardır. Bu, dövlət başçısının rəqəmsal inkişafı Azərbaycanın gələcək inkişaf modelinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini bir daha təsdiqləyir.
Artıq qısa müddət ərzində görülən işlər bu yanaşmanın real nəticələr verdiyini nümayiş etdirir. "mygov" platformasının sürətlə genişləndirilməsi, müxtəlif dövlət qurumlarının elektron xidmətlərinin vahid ekosistemə inteqrasiyası, vətəndaş–məmur təmasının minimuma endirilməsi, proaktiv dövlət xidmətlərinin tətbiqi, "Yalnız bir dəfə" prinsipinin həyata keçirilməsi dövlət idarəçiliyində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Təsadüfi deyil ki, cəmi üç ay ərzində "mygov" istifadəçilərinin sayının 2,7 milyondan 3,5 milyona yüksəlməsi vətəndaşların bu yeniliklərə olan etimadını və ehtiyacını aydın şəkildə göstərir.
Fəaliyyət Planının ən mühüm üstünlüklərindən biri rəqəmsallaşmaya yalnız texniki yenilik kimi deyil, idarəetmə fəlsəfəsi kimi yanaşmasıdır. Dövlət məlumat hövzəsinin yaradılması, məlumatların vahid standartlarla idarə olunması, analitika və süni intellekt texnologiyalarının tətbiqi nəticəsində vətəndaşın ehtiyaclarının əvvəlcədən müəyyənləşdirilməsi və ona fərdiləşdirilmiş xidmətlərin göstərilməsi artıq dünyanın qabaqcıl dövlətlərində tətbiq olunan idarəetmə modelidir. Azərbaycanın da bu istiqamətdə qətiyyətli addımlar atması ölkəmizin beynəlxalq rəqəmsal transformasiya proseslərinə uğurla inteqrasiya olunduğunu göstərir.
Diqqət çəkən digər mühüm istiqamət innovasiya iqtisadiyyatının formalaşdırılmasıdır. Hazırlanmış qanunvericilik paketi mahiyyət etibarilə Azərbaycanın texnoloji inkişaf tarixində ən genişmiqyaslı hüquqi islahatlardan biridir. Otuzdan artıq qanuna, Prezident fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına dəyişikliklərin nəzərdə tutulması dövlətin bu sahəyə strateji yanaşmasının göstəricisidir. Vençur maliyyələşdirilməsi, "mələk investor" institutu, kraudfandinq mexanizmləri, ESOP modeli, SAFE və Convertible Note kimi beynəlxalq investisiya alətlərinin hüquqi dövriyyəyə daxil edilməsi Azərbaycanın innovasiya ekosistemini qlobal standartlara uyğunlaşdıracaq. Texnologiya şirkətləri üçün uzunmüddətli vergi güzəştləri, yüksəkixtisaslı mütəxəssislər üçün stimullar və "Rəqəmsal səyyah" vizasının tətbiqi ölkəmizin regional texnologiya və innovasiya mərkəzinə çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Süni intellekt sahəsində müəyyən edilən hədəflər də xüsusi diqqətə layiqdir. Artıq dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqinə başlanılması, "mygov" platformasında virtual köməkçinin istifadəyə verilməsi, milli hesablama infrastrukturunun yaradılması, GPU əsaslı texnoloji bazanın qurulması və "Regulatory Sandbox" mexanizminin formalaşdırılması göstərir ki, Azərbaycan süni intellekt texnologiyalarının istehlakçısı olmaqla kifayətlənmək niyyətində deyil. Məqsəd bu sahədə milli potensial yaratmaq, innovativ məhsullar hazırlamaq və rəqəmsal iqtisadiyyatın yeni inkişaf mərhələsinə keçməkdir.
Rəqəmsal inkişafın ayrılmaz tərkib hissəsi olan kibertəhlükəsizlik istiqamətində həyata keçirilən islahatlar da dövlətin strateji baxışını əks etdirir. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, Milli CERT və SOC mərkəzlərinin formalaşdırılması, kritik informasiya infrastrukturunun qorunmasına dair yeni hüquqi mexanizmlərin tətbiqi, süni intellekt əsaslı kibermüdafiə sistemlərinin hazırlanması Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsinə xidmət edir. Çünki rəqəmsallaşma yalnız təhlükəsizlik təmin edildiyi halda davamlı inkişaf modelinə çevrilə bilər.
Təhsil sistemində aparılan rəqəmsal transformasiya isə gələcəyin insan kapitalına yönəlmiş ən mühüm investisiyalardan biridir. Məktəblərin təhlükəsiz internetlə təmin olunması, son illərdə yüz minlərlə kompüterin paylanılması, "Rəqəmsal məktəb" platformasının genişləndirilməsi, elektron təhsil xidmətlərinin artırılması, "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" layihələrinin uğurla icrası göstərir ki, məqsəd yalnız məktəbləri texnika ilə təmin etmək deyil, rəqəmsal düşüncəyə malik yeni nəsil formalaşdırmaqdır.
Bütün bunlar onu göstərir ki, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” ayrı-ayrı layihələrin məcmusu deyil, dövlət idarəçiliyindən iqtisadiyyata, təhsildən innovasiyaya, süni intellektdən kibertəhlükəsizliyə qədər bütün sahələri əhatə edən vahid milli inkişaf strategiyasıdır. Bu strategiyanın yüksək siyasi səviyyədə əlaqələndirilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Şuranın fəaliyyətə başlaması islahatların sistemli, çevik və nəticəyönümlü şəkildə həyata keçirilməsini təmin edəcək mühüm institusional qərardır.
Əminliklə demək olar ki, bu gün atılan addımlar yalnız cari dövrün ehtiyaclarına cavab vermir. Onlar Azərbaycanın gələcək onilliklərdə rəqabətqabiliyyətli iqtisadiyyata, müasir dövlət idarəçiliyinə və güclü rəqəmsal cəmiyyətə malik ölkə kimi mövqeyini daha da möhkəmləndirəcək strateji inkişaf kursunun əsasını təşkil edir.
Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı