İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüş və mətbuata verilən bəyanatlar Avropa İttifaqı ilə münasibətlərin siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, yaşıl enerji və regional təhlükəsizlik məsələləri üzrə qarşılıqlı fəaliyyəti daha da dərinləşdirdiyini nümayiş etdirir. Bu görüş həm ikitərəfli münasibətlərin gələcək istiqamətlərini müəyyənləşdirir, həm də Cənubi Qafqazda davamlı sülhün möhkəmləndirilməsi baxımından mühüm siyasi önəm kəsb edir.
Prezident İlham Əliyev bəyanatında vurğulayıb ki, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik. Bu ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında isə Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın ölkəmizə səfərlərindən sonra Avropa Komissiyasının Prezidentinin ölkəmizə səfəri qarşılıqlı siyasi dialoqun intensiv xarakter aldığının göstəricisidir. Münasibətlərdə müşahidə olunan dinamika tərəflərin əməkdaşlığı genişləndirmək və strateji tərəfdaşlığı daha da möhkəmləndirmək iradəsinin nəticəsidir. Avropa İttifaqı ilə münasibətlər artıq yalnız enerji sahəsi ilə məhdudlaşmır, daha geniş siyasi və iqtisadi gündəliyi əhatə edir.
Prezident İlham Əliyev çıxışında iqtisadi əməkdaşlığın mövcud səviyyəsinə toxunaraq qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Xarici ticarətin 40 faizdən çoxunun Avropa İttifaqına üzv dövlətlərlə aparılması qarşılıqlı iqtisadi əlaqələrin nə qədər möhkəm olduğunu təsdiqləyir. Eyni zamanda, Cənubi Qafqaz üzrə Avropa İttifaqının ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanla həyata keçirilməsi respublikanın regionun aparıcı iqtisadi tərəfdaşı olduğunu bir daha təsdiqləyir. Bu göstəricilər iqtisadi potensialın, əlverişli biznes mühitinin və etibarlı tərəfdaş imicinin nəticəsidir.
Prezident İlham Əliyevin bəyanatında enerji təhlükəsizliyi əsas mövzulardan biri kimi ön plana çıxır. 4 il əvvəl imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu mühüm nəticələr verib. Bu müddət ərzində Avropa İttifaqına üzv dövlətlərə təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda ixrac olunan qazın yarısı Avropa bazarına göndərilir və Avropa İttifaqının artıq 10 üzv dövləti Azərbaycan qazı ilə təmin olunur. Bu coğrafiyanın daha da genişləndirilməsi üçün ciddi potensial mövcuddur. Dövlətimizin başçısı vurğulayıb ki, bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Məhz buna görə də uzun illər ərzində həyata keçirilən siyasi, diplomatik və maliyyə siyasəti nəticəsində formalaşdırılmış enerji infrastrukturu bu gün öz səmərəsini verir.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini ümumi fəaliyyətin gözəl nümunəsi kimi qiymətləndirib. Təxminən 3500 kilometr uzunluğa malik vahid boru kəməri sistemi hazırda Xəzər qazının Avropaya təhlükəsiz və fasiləsiz çatdırılmasını təmin edən əsas enerji arteriyasıdır. Bu layihə təkcə enerji ixracı baxımından deyil, həm də Avropanın enerji mənbələrinin şaxələndirilməsi, enerji bazarının sabitliyi və uzunmüddətli enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında beynəlxalq nəqliyyat marşrutlarının inkişafı ilə bağlı məsələyə də toxunub. Dövlətimizin başçısı qeyd edib ki, Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaratdı. Son illərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri nəticəsində dəmir yolları, avtomobil magistralları, logistika mərkəzləri və dəniz limanlarının imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Yeni geosiyasi şərait isə bu infrastrukturun daha da inkişaf etdirilməsini zəruri edir. Yükdaşımaların həcmi bütün istiqamətlər üzrə artır və dövlət bu tendensiyanı nəzərə alaraq yeni investisiyalar yatırmağa davam edir. Bu siyasət Azərbaycanı Avrasiyanın əsas logistika mərkəzlərindən birinə çevirir.
Bəyanatda diqqət çəkən məsələlərdən biri də bərpaolunan enerji sahəsində əməkdaşlıq olub. Günəş, külək və su elektrik enerjisi sahəsində mövcud potensial Avropa Komissiyası ilə yeni əməkdaşlıq imkanları yaradır. Hazırda xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr növbəti beş-altı il ərzində 8 giqavat həcmində Günəş və külək enerjisi istehsal etməyə imkan verəcək. Bu göstərici yalnız imzalanmış müqavilələri əhatə edir və gələcəkdə daha böyük layihələrin həyata keçirilməsi gözlənilir. Yaşıl enerji layihələri həm daxili enerji balansının optimallaşdırılmasına, həm də Avropaya təmiz enerji ixracının artırılmasına mühüm töhfə verəcək.
Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti ilə regional təhlükəsizlik və Ermənistanla münasibətlərin normallaşmasını geniş müzakirə etdiklərini bildirib. Dövlət başçısı ötən ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Birgə Bəyannaməni və sülh sazişi mətninin paraflanmasını xatırladaraq vurğulayıb ki, beləliklə, de-fakto sülh qurulub və biz faydasını görürük. Bu yanaşma Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş siyasi iradənin nümayişidir.
Sülh yalnız sənədlərdə deyil, praktiki addımlarla da təsdiqlənməlidir. Bu məqsədlə Azərbaycan Ermənistan istiqamətində yük daşımalarına tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb və humanitar, iqtisadi xarakter daşıyan yeni addımlar atıb. Yanacaq məhsullarının Ermənistana çatdırılması da etimadın möhkəmləndirilməsinə xidmət edir və regionda iqtisadi əməkdaşlıq imkanlarını genişləndirir. Ərazilərin işğaldan azad edilməsindən, suverenliyin və ərazi bütövlüyünün tam bərpasından sonra regionda tamamilə yeni geosiyasi reallıq formalaşıb. Bu reallıq qarşıdurma deyil, əməkdaşlıq və qarşılıqlı fayda üzərində qurulmalıdır. Avropa Komissiyasının bu prosesə dəstəyini yüksək qiymətləndirən dövlət başçısı bildirdi ki, beynəlxalq tərəfdaşların konstruktiv iştirakı Cənubi Qafqazın münaqişələrdən uzaq, iqtisadi əməkdaşlıq, qarşılıqlı etimad və davamlı sülh regionuna çevrilməsinə mühüm töhfə verə bilər.
Avropa Komissiyası ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlir. Enerji təhlükəsizliyi, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji və regional təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsi qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlığın möhkəmləndiyini təsdiqləyir. Eyni zamanda, regional sülhün möhkəmləndirilməsi istiqamətində həyata keçirilən praktiki addımlar Cənubi Qafqazın yeni inkişaf modelinə keçidini sürətləndirir. Mövcud siyasi iradə, iqtisadi potensial və beynəlxalq əməkdaşlıq imkanları regionun sabitlik, tərəfdaşlıq və davamlı inkişaf məkanına çevrilməsi üçün mühüm zəmin yaradır.
Nurlan Həsənov
Milli Məclisin deputatı