PDF Oxu

Siyasət

  • 446

Şuşa Bəyannaməsinin imzalandığı tarix və məkan xüsusi rəmzi məna daşıyır - ŞƏRH

image

Azərbaycan və Türkiyə xalqları əsrlər boyu ortaq tarix, dil, din, mədəniyyət və milli-mənəvi dəyərlərlə bir-birinə bağlı olmuşdur. Bu bağlılıq müasir dövrdə dövlətlərarası münasibətlərin ən yüksək səviyyəsinə yüksələrək strateji tərəfdaşlıq və müttəfiqlik formatını almışdır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu “Bir millət, iki dövlət” prinsipi Azərbaycan-Türkiyə münasibətlərinin əsas ideoloji dayağına çevrilmişdir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikri isə bu qardaşlığın mənəvi mahiyyətini ifadə etmişdir. Məhz bu tarixi, mənəvi və siyasi təməllər üzərində 2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu sənəd Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsinin başlanğıcı olmaqla yanaşı, regionun gələcək inkişafına təsir göstərəcək mühüm siyasi hadisə kimi tarixə daxil oldu.

Şuşa Bəyannaməsinin imzalandığı tarix və məkan xüsusi rəmzi məna daşıyır. Bəyannamə Azərbaycanın Milli Qurtuluş Günündə – 15 İyun tarixində, Qarabağın incisi və Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşa şəhərində imzalanmışdır. Bu hadisə təsadüfi deyildi. Çünki 15 İyun Azərbaycan dövlətçiliyinin xilası günü hesab olunduğu kimi, Şuşa da Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun simvoludur. Şuşanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilməsi regionda yeni geosiyasi reallıqlar yaratmışdı. Məhz belə bir şəraitdə Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşərək müttəfiqlik haqqında bəyannamə imzalaması dünyaya verilmiş mühüm siyasi mesaj idi.
Şuşa Bəyannaməsi Türkiyə Prezidentinin Azərbaycana və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağa səfərinin ən mühüm diplomatik nəticəsi hesab olunur. Bu sənəd Azərbaycan və Türkiyə arasındakı münasibətləri rəsmi şəkildə müttəfiqlik səviyyəsinə yüksəltmişdir. Bəyannamədə siyasi, iqtisadi, hərbi, müdafiə sənayesi, enerji, nəqliyyat, təhsil, elm, mədəniyyət, informasiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Sənədin əsas mahiyyəti iki qardaş dövlətin gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, ortaq maraqların müdafiəsini təmin etmək və regional təhlükəsizliyə töhfə verməkdən ibarətdir.
Şuşa Bəyannaməsinin ən mühüm xüsusiyyətlərindən biri onun təhlükəsizlik və müdafiə sahəsindəki müddəalarıdır. Sənəddə qeyd olunur ki, tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və ya beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı təhdid yarandığı halda qarşılıqlı məsləhətləşmələr aparacaq və zəruri tədbirlər görəcəklər. Bu müddəa Azərbaycan və Türkiyənin milli təhlükəsizlik sahəsində əməkdaşlığını daha da gücləndirir və hər iki ölkənin təhlükəsizliyinin ayrılmaz olduğunu nümayiş etdirir. Beləliklə, bir dövlətə qarşı yönələn təhlükə digər dövlətə qarşı yönəlmiş təhlükə kimi qiymətləndirilir ki, bu da müttəfiqlik münasibətlərinin ən yüksək göstəricilərindən biridir.
Bəyannamənin diplomatik və hüquqi əhəmiyyəti də olduqca böyükdür. Deklarasiya formasında qəbul edilmiş bu sənəd dövlətlərin daxili və xarici siyasət sahəsində əsas fəaliyyət prinsiplərini müəyyən edən rəsmi sənəd statusuna malikdir. Şuşadan verilən bu bəyanat dünyaya göstərdi ki, Azərbaycan və Türkiyə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq əməkdaşlıqlarını daha da dərinləşdirəcək, siyasi fəaliyyətlərini əlaqələndirəcək və regional sülhün təmin olunması istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini artıran mühüm məqamlardan biri onun Qars müqaviləsinin yüz illiyinə təsadüf etməsidir. 1921-ci il oktyabrın 13-də imzalanmış Qars müqaviləsi Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında münasibətlərin hüquqi əsaslarını müəyyən etmişdi. Aradan keçən yüz il ərzində regionda mühüm siyasi dəyişikliklər baş versə də, Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri daha da möhkəmlənmişdir. Şuşa Bəyannaməsi məzmun baxımından Qars müqaviləsinin davamı kimi qiymətləndirilir, lakin müasir dövrün reallıqlarına uyğun olaraq daha geniş siyasi, iqtisadi və hərbi əməkdaşlıq mexanizmlərini özündə ehtiva edir.
Bəyannamədə xüsusi vurğulanır ki, Azərbaycan və Türkiyə dövlətləri müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanaraq fəaliyyət göstərirlər. Bu müddəalar regionda sabitliyin qorunmasına, dövlətlərarası münasibətlərin beynəlxalq hüquq çərçivəsində inkişafına xidmət edir. Eyni zamanda sənəddə tərəflərin milli maraqlarını müdafiə etmək üçün müstəqil xarici siyasət həyata keçirdikləri və regional təhlükəsizliyin təmin olunması istiqamətində birgə səylər göstərəcəkləri qeyd edilir.
Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti Azərbaycan üçün xüsusilə böyükdür. Ermənistanın uzun illər davam edən işğal siyasətinə son qoyulmasında, torpaqlarımızın azad edilməsində və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycanın yanında qətiyyətlə dayanması iki ölkə arasındakı qardaşlıq münasibətlərinin əyani təzahürü olmuşdur. Şuşa Bəyannaməsi isə bu münasibətləri hüquqi və siyasi müstəviyə daşıyaraq yeni keyfiyyət mərhələsinə yüksəltmişdir.
Bəyannamədə iqtisadi, mədəni, təhsil və humanitar sahələrdə əməkdaşlığın inkişafı da xüsusi yer tutur. İki ölkə arasında elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsi, ortaq mədəni irsin qorunması, gənclər arasında münasibətlərin möhkəmləndirilməsi və informasiya sahəsində əməkdaşlığın artırılması xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.
Şuşa Bəyannaməsi Türk dünyasının inteqrasiyası baxımından da mühüm əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatının aparıcı üzvləri kimi türk xalqları arasında əməkdaşlığın inkişafında mühüm rol oynayırlar. Bu sənəd Türk dünyasının birliyinin gücləndirilməsinə, ortaq maraqların müdafiəsinə və gələcək əməkdaşlıq perspektivlərinin genişlənməsinə mühüm töhfə verir.
Bu gün Azərbaycan və Türkiyə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın əsas təminatçılarından biri kimi çıxış edirlər. Regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, dövlətlər arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin olunması istiqamətində həyata keçirilən təşəbbüslər bunun bariz nümunəsidir. Şuşa Bəyannaməsi məhz bu məqsədlərə xidmət edən strateji yol xəritəsidir.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvə nöqtəsini ifadə edən tarixi sənəddir. Bu bəyannamə “Bir millət, iki dövlət” prinsipinin müasir dövrdə ən parlaq təcəssümüdür. Şuşa şəhərində, Milli Qurtuluş Günündə imzalanan bu sənəd təkcə iki qardaş ölkənin deyil, bütövlükdə regionun gələcəyinə təsir edən mühüm siyasi hadisədir. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin sarsılmaz qardaşlığının, strateji müttəfiqliyinin, ortaq maraqlarının və birgə gələcəyinin rəmzi olaraq tarixdə əbədi yaşayacaqdır. Bu sənəd region üçün yeni tarixi gerçəklik, xalqlarımız üçün isə birlik, güc və qardaşlıq manifestidir.

Pərviz Hüseynzadə
YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər