Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan əldə etdiyi Möhtəşəm Zəfər ilə Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıqlar formalaşdırdı. Artıq regionun siyasi mənzərəsi dəyişir, Yeni Dünya Nizamının qurulması kontekstində regionda təsir gücü ola biləcək çox aktual məqamlar müşahidə olunur, Cənubi Qafqazın geosiyasi mənzərəsinə əməkdaşlıq və təhlükəsizlik aspektlərində yeni ruh verilir. Məhz bu baxımdan Türkiyə ilə Azərbaycan arasında dünyada heç bir dövlətdə rast gəlinməyən qardaşlıq, sıx əməkdaşlıq və yaxınlığın nəticəsi olaraq ortaya çıxan, yeni müttəfiqlik formatına yol açan tarixi sənəd kimi Şuşa Bəyannaməsinin imzalanması həmin aktual məqamlardan biridir. Bu bir həqiqətdir ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlərin dünyada analoqu yoxdur. Siyasi liderlər də bu faktı dəfələrlə təsdiqləyiblər. İkinci Qarabağ müharibəsindən sonra iki qardaş ölkənin münasibətlərinin inkişaf xarakteri və dinamikası göstərir ki, yeni tarixi şəraitdə onlar daha dərin və əhatəli əlaqələr səviyyəsinə keçməkdə qətiyyətlidirlər.
Vaxtilə Azərbaycan ilə Türkiyə arasında strateji ortaqlıq çərçivəsində qurulan münasibətlərin Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlməsi heç təsadüfi deyildir ki, Yeni Dünya Nizamında formalaşan yeni geosiyasi reallıqlarla, Böyük Şahmat Taxtasındakı geosiyasi həmlələrlə bilavasitə əlaqədardır.
Keçmişdən günümüzə çox sayda tarixi-siyasi hadisələri dəindən təhlil etdikcə, açıq şəkildə aydın olur ki, beynəlxalq siyasətdə dövlətlər arasında müttəfiqliklər çox vaxt maraqların müvəqqəti uyğunluğu üzərində qurulur və zaman keçdikcə dəyişə bilir. Lakin bəzi münasibətlər var ki, onlar yalnız siyasi hesablamalarla deyil, həm də tarix, mədəniyyət və ortaq təhlükəsizlik düşüncəsi ilə formalaşır. Fərqli geopolitik mühitlərdə fəaliyyət göstərmələrinə baxmayaraq, rəsmi Ankara və rəsmi Bakı ortaq strateji məntiq üzərində qurulmuş davamlı ittifaq yaratmağı bacarıblar.
Türk dünyasının böyük maarifçisi İsmayıl Qaspıralı XIX əsrin sonunda türk xalqları arasında mədəni və intellektual inteqrasiyanın əsas formulunu irəli sürərkən “dildə, fikirdə, işdə birlik” ideyasını ortaya qoymuşdu. Bu fikir sonradan türk dünyasının siyasi və mədəni düşüncəsinin istiqamətini müəyyən edən əsas ideyalardan birinə çevrildi.
XX əsrin əvvəllərində isə Əli bəy Hüseynzadə bu ideyanı daha konkret ideoloji proqram halına gətirərək yazırdı: “Türkləşmək, islamlaşmaq, müasirləşmək.” Bu konsepsiya türk dünyasında milli kimliyin və modern dövlət ideyasının formalaşmasına ciddi təsir göstərdi.
Bu ideoloji xətt sonradan Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk dövründə siyasi məna qazandı. Atatürk türk dünyasının yaxınlığı haqqında belə demişdi: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir.”
Bu tarixi və mədəni bağlara istinad edən Heydər Əliyev dönə-dönə “bir millət, iki dövlət” formulununun önəmini vurğulayırdı. Bu ifadə artıq Türkiyə ilə Azərbaycan münasibətlərinin siyasi fəlsəfəsinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin “bir millət, iki dövlət” siyasi fəlsəfəsini bir az da dərinləşdirərək özünəməxsus bir konsepsiya ortaya qoydu: “bir millət, iki dövlət, tək yumruq”.
Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan isə bu əlaqələrin strateji xarakterini belə ifadə edir: “Azərbaycan yalnız dost və müttəfiq deyil, Türkiyənin qardaşıdır”.
Bu baxımdan Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi hər iki ölkə üçün son dərəcə böyük bir önəm daşıyır. Sadəcə iki dövlət baxımından deyil, region və dünya üçün də böyük əhəmiyyət kəsb edir.
Bəli, dünyada heç bir dövlətdə rast gəlinməyən sıx əməkdaşlıq və yaxınlığın nəticəsi olaraq ortaya çıxan, yeni müttəfiqlik formatına yol açan tarixi sənəd, eyni zamanda Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi hər iki ölkə ilə yanaşı, region və dünya üçün də son dərəcə böyük əhəmiyyət kəsb edir. Türk tarixinə ən əlamətdar gün kimi düşən 15 iyun 2021-ci il tarixində Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında bəyannamənin imzalanması heç də təsadüfi deyildir. “Şuşa Bəyannaməsi”ndə müştərək maraqlara əsaslanan regional və beynəlxalq strateji mövzulardakı fəaliyyətlərin qarşılıqlı koordinasiyasının vacibliyi vurğulanmış, tərəflərin bütün önəmli məsələlərdə beynəlxalq və regional təşkilatlar çərçivəsində müxtəlif platformlarda bir-birilərini tam dəstəkləyəcəklərinə dair niyyət bəyanı ilə bir millət – iki dövlət ruhu həmin tarixi sənəddə öz əksini tapmışdır. Faktiki olaraq ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının strateji müttəfiqlik konsepsiyasına çevrilməsini təsdiq edən bir tarixi sənəd oldu. Bu bəyannamənin əsas mahiyyəti ondan ibarətdir ki, Türkiyə və Azərbaycan öz aralarında ilk dəfə olaraq adında “müttəfiqlik” ifadəsinin olduğu bir sənəd imzalayıblar. Vaxtilə imzalanan anlaşmalar və atılan addımlarla strateji ortaqlıq səviyyəsinə yüksələn əlaqələr Şuşa Bəyannaməsi ilə bu dəfə müttəfiqlik səviyyəsinə qalxmış oldu. Qeyd edilməsi son dərəcə vacib olan məsələ budur ki, müttəfiqliyin dar çərçivədə xarakterizə olunmayıb daha geniş mənada bütün regionu əhatə etməsi, xüsusilə türk dünyası ifadəsinin vurğulanması bu bəyannamənin gələcəyə işıq tutan olduqca strateji bir sənəd olduğunu ortaya qoyur.
Şuşa Bəyannaməsi” təkcə iki qardaş dövlətin münasibətlərinin yeni mərhələyə keçidi deyil, həm də regionun gələcək geosiyasi arxitekturasının konturlarını müəyyən edən strateji sənəddir. Bu bəyannamə, eyni zamanda, XX və XXI əsrin liderlərinin siyasi və mənəvi irsinin davamı kimi çıxış edir. Şuşa Bəyannaməsi yuxarıda da toxunulduğu kimi, tarixi ənənəyə və milli liderlərin vəsiyyətinə söykənir. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin "Bir millət, iki dövlət" fikirləri bu sənədin ruhunu təşkil edir.
Şuşa bəyannaməsi ikitərəfli sənəd kimi yox, regional güc balansını dəyişən strateji manifestdir. Bu, qarşılıqlı dəstəyin hüquqi təmnatıdır. “Bir millət, iki dövlət” konsepsiyasını siyasi sənəd səviyyəsinə qaldırır. Bu yalnız diplomatik yox, həm də ideoloji ittifaq mesajıdır. Türkiyə Cənubi Qafqazda birbaşa strateji aktor kimi çıxış edir. Bu onu göstərir ki, regionda sabitlik üçün Bakı-Ankara tandemi əsas faktordur, enerji və təhlükəsizlik məsələsində bu xəttə alternativ azdır. Şuşa bəyannaməsi İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi reallıqlar fonunda yeni status-qvonu siyasi olaraq möhkəmləndirir, yəni mesaj budur ki, status dəyişib, geri dönüş yoxdur. Bu bəyannamə Azərbaycanı daha güclü təhlükəsizlik çərçivəsinə salır, Türkiyəni Cənubi Qafqazda əsas oyunçuya çevirir.
Şuşa Bəyannaməsində müdafiə sahəsində qarşılıqlı hərbi yardım məsələlərinin əks olunması tarixi bir nailiyyətdir. Bu, həm də Ermənistan daxilində revanşist qüvvələrə və onların himayəçilərinə ciddi mesaj kimi qəbul olunmalıdır. Sənədin bu hissəsi göstərir ki, hər iki ölkə yalnız siyasi deyil, faktiki hərbi müttəfiqdir. Müdafiə sənayesi, pilotsuz uçuş aparatlarının istehsalı və hərbi modernləşmə sahəsində birgə fəaliyyət Azərbaycanın hərbi-sənaye kompleksinin inkişafında yeni mərhələni başladıb.
Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin hər zaman həm çətin, həm də xoş günlərdə birlikdə olacaqlarının, maneələri birlikdə dəf edəcəklərinin, birgə inkişaf yolundan vaz keçməyəcəklərinin mübarək imzalarla təsdiqi, qardaşlığın əhd-peymanı, mərdlik, ərlik, sədaqət andıdır.
Şuşa Bəyannaməsi siyasi, iqtisadi, mədəni, hərbi və digər sahələrdə əməkdaşlığın inkişafını göstərən yol xəritəsidir. Bu əməkdaşlıq daha da güclənib, əlaqələr ən yüksək səviyyədədir. Türkiyə və Azərbaycan türk dünyasının inteqrasiyasında da mühüm rol oynayır. Son illərdə bu rol daha da güclənib, Mərkəzi Asiya ölkələri də bu prosesə cəlb olunub. Yəni Şuşa Bəyannaməsi türk inteqrasiyası üçün də bir yol xəritəsidir. Türkiyə-Azərbaycan birliyinin cazibədarlığı Türk dünyasının mənəvi bütövlüyü üçün də mühüm əhəmiyyətə malikdir. Kimsəyə sirr deyil ki, Azərbaycan və Türkiyənin təşəbbüsləri və iştirakları ilə həyata keçirilən layihələr, qarşılıqlı münasibətlərin indiki səviyyəyə çatdırılması digər qardaş xalqların da Türk dünyasının gələcəyinə böyük ümidlərlə baxmalarına zəmin yaradıb. Azərbaycan-Türkiyə münasibətləri Türk dünyasının siyasi, iqtisadi, mənəvi, ideoloji lokomotivi, hərəkətverici qüvvəsidir.
Emin Şıxəliyev
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru